![]()
Bəzən insan bu dünyadan köçür, amma onun adı zamanın yaddaşından silinmir. Yaşadığı ömür, insanlara etdiyi yaxşılıqlar, qazandığı sevgi və qoyduğu iz onu tanıyanların qəlbində yaşamağa davam edir…
Əməkdar həkim, mərhum Cabir Məmmədovun əziz xatirəsinə həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib.
Bu kitab sadəcə bir ömür yolunun səhifələrə köçürülməsi deyil. Bu kitab bir insanın xatirəsinin yaşadılması, onun keçdiyi şərəfli yolun gələcək nəsillərə çatdırılması, ailəsinin, dostlarının və onu tanıyan insanların qəlbində yaşayan xatirələrin sözə çevrilməsidir.
Təqdimat mərasimində Cabir Məmmədovun həyatından, həkimlik fəaliyyətindən, insanlara olan münasibətindən, yüksək insani keyfiyyətlərindən və onunla bağlı unudulmaz xatirələrdən söz açılıb. Onu tanıyanlar bir daha həmin günlərə qayıdaraq əziz insanın xatirəsini böyük ehtiram və sevgi ilə yad ediblər.
Bu mənəvi yadigarın ərsəyə gəlməsində əməyi olan görkəmli şair Ramiz Qusarçaylıya və yazıçı-publisist Qvami Məhəbbətoğluna ailə adından dərin minnətdarlıq bildirilib.
Tədbirə göstərilən diqqət və dəstəyə görə İlqar Mahmudovun timsalında Quba Rayon İcra Hakimiyyətinə, yüksək səviyyəli təşkilatçılığa görə professor Yusif Əliyevə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivinə, həmçinin Xalq yazıçısı Anarın timsalında Azərbaycan Yazıçılar Birliyinə təşəkkür olunub.
Kitabın işıq üzü görməsində göstərilən dəstəyə görə “Elm və Təhsil” Nəşriyyatının qurucusu, professor Nadir Məmmədliyə və nəşriyyatın kollektivinə də səmimi minnətdarlıq ifadə edilib.
Bu mənalı gündə Cabir Məmmədovun xatirəsini əziz tutan, onunla bağlı duyğularını və xatirələrini bölüşən, ailəsinin sevincinə və kədərinə şərik olan hər kəsə təşəkkür bildirilib.
Çünki insan bəzən həyatdan köçür, amma onun adı yaşayır… Yaxşılığı yaşayır… İnsanların qəlbində qoyduğu iz yaşayır…
“Zaman gələr, zaman gəlməz” – bəlkə də zamanın özü dəyişir, illər keçir, həyat öz axarı ilə davam edir. Amma bəzi insanların xatirəsi zamanın fövqündə dayanır. Onlar bu dünyada olmasalar da, sevənlərinin qəlbində həmişə yaşayırlar.
Allah Əməkdar həkim Cabir Məmmədova rəhmət eləsin, bütün dünyadan köçənlərimizin ruhu şad olsun.
Ürəyim ağrıyır, ürək həkimi,
Əllərin qəlbimə şəfa eyləsin.
Ağ dillər qaralıb, bozarıb gedir,
Nəğməli dillərin dava eyləsin.
Qoyma ürəyimi xarabət ola,
Sənin ki, ovcunda sarayların var.
Ən incə qələmə sim-sim eyləsən,
Qızıldan hörülmüş hasarların var.
Ürəyim ağrıyır, ürək həkimi,
Əyilir kürəyim, yıxıla bilmirəm.
Sənin bircə kəlmə sözün olmasa,
Bir ovuc dərman tək dağıla bilmirəm

.

.

.

.

Firəngiz Sabirqızı
Subyekt.az