![]()
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış elm və ictimai xadim Möhsün Nağısoylunu 80 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda akademikin mənalı ömür yolunun böyük bir hissəsini Azərbaycan elminə, ana dilimizin tarixi yaddaşının, klassik ədəbi-mədəni irsimizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına həsr etdiyi vurğulanıb.
Fazil Mustafa görkəmli dilçi, mətnşünas və şərqşünas alimin çoxillik araşdırmalarının milli filoloji fikrimizin zənginləşməsinə sanballı töhfələr verdiyini, XV–XVI yüzilliklər Azərbaycan tərcümə abidələrinin və qədim əlyazmalarımızın tekstoloji-filoloji araşdırılması yönündə gördüyü işlərin humanitar elmimizin mötəbər örnəkləri sırasında yer aldığını bildirib.
Komitə sədri təbrikində dilin xalqın tarixi yaddaşının, dünyagörüşünün, mənəvi dəyərlərinin və milli kimliyinin mühüm daşıyıcısı olduğuna diqqət çəkib. Qeyd edib ki, bu baxımdan akademik Möhsün Nağısoylunun fəaliyyətinin önəmi sırf akademik müstəvi ilə məhdudlaşmır; ana dilimizin tarixi qatlarının araşdırılması, klassik mətnlərimizin çağdaş elmi dövriyyəyə gətirilməsi milli yaddaşın qorunmasına və nəsillər arasında mənəvi varisliyin təmin olunmasına xidmət edir.
Məktubda Möhsün Nağısoylunun Azərbaycan dilinin saflığının qorunmasını hər bir vətəndaşın borcu kimi dəyərləndirməsinin alim mövqeyi ilə vətəndaş məsuliyyətinin üzvi vəhdətini ifadə etdiyi də vurğulanıb.
Fazil Mustafa akademiki elmlə milli-mənəvi dəyərlər arasında canlı bağ yaradan, keçmişin qiymətli söz və fikir yadigarlarını ictimai-mədəni yaddaşımıza qaytaran görkəmli alimlərimizdən biri kimi səciyyələndirib. Onun uzunillik elmi-pedaqoji fəaliyyəti, yetişdirdiyi araşdırmaçılar və zəngin elmi irsinin ayrıca dəyər daşıdığı bildirilib.
Komitə sədri Möhsün Nağısoylunun 80 illik yubileyini Azərbaycan elminə xidmətlə keçən zəngin ömrün, akademik fəaliyyətin və milli söz sərvətimizə sədaqətin qazandırdığı mənəvi sərvətlə qarşıladığını vurğulayıb, görkəmli alimi yubileyi münasibətilə bir daha təbrik edərək ən xoş diləklərini çatdırıb.
Subyekt.az