![]()
Biləsuvar rayonu ilə Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli Belediyesi arasında dostluq əlaqələrinin qurulması, mədəni, sosial və iqtisadi münasibətlərini, dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə 10 may 2022-il tarixdə imzalanmış “Qardaşlaşmış şəhərlər” haqqında protokola uyğun olaraq 15-22 avqust 2025-ci il tarixlərində Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurovun rəhbərliyi ilə 11 nəfərdən ibarət nümayəndə heyəti Türkiyə Respublikasının Çameli şəhərinə növbəti səfər etmişdir.
Nümayəndə heyəti səfər çərçivəsində ilk görüşünü Çameli bələdiyyəsinin sədri Cengiz Arslanla keçirərək, bələdiyyələrin idarəçilik təcrübəsi, həyata keçirilən infrastruktur layihələri, sosial-iqtisadi inkişaf istiqamətləri barədə müzakirələr aparıblar. Görüş zamanı iki tərəf arasında bələdiyyə idarəçiliyinin müasir çağırışları, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı inkişaf mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.
19 avqust tarixində nümayəndə heyəti Çameli Təhsil Şöbəsində olaraq, şöbənin müdiri Murat Uzunla görüşüb. Görüş zamanı Çameli Anadolu Lisesi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
20 avqust tarixində nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Çameli şəhər polis idarəsi və Çameli Jandarma komutanlığı ziyarət olunaraq, qarşılıqlı söhbət aparılmışdır.
21 avqust tarixində isə nümayəndə heyəti Türkiyədə daha çox tekstil sənayesinin inkişafı ilə tanınan Babadağ Belediyesinin sədri Murat Kumralla görüşüb. Babadağ Bələdiyyəsi tərəfindən heyət buradakı Tekstil bazarını gəzib, şəhərdə görülən işlərlə tanış olublar.
Proqram çərçivəsində Babadağ bələdiyyəsində pambıqçılıq və toxuculuq sektorunda fəaliyyət göstərən iş adamları ilə təşkil olunan konfransda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurov və “P-Aqro” MMC-nin Pambıq emalı zavodunun direktoru Elcan Məhərrəmov məlumat verərək, Biləsuvar rayonunda mövcud sənaye potensialını təqdim etmişlər. Tədbirdə xüsusilə pambıqçılıq və tekstil sahəsində həyata keçirilə biləcək birgə layihələr barədə təkliflər irəli sürülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin məsul əməkdaşı Cavid Abdullayevin da iştirak etdiyi konfransda tərəflər arasında aparılmış müzakirələr nəticəsində gələcəkdə qarşılıqlı sərmayə qoyuluşu, yeni istehsal müəssisələrinin yaradılması və ixrac imkanlarını istiqamətində fikir mübadilələri aparılıb. Daha sonra Dənizli şəhərində fəaliyyət göstərən 5 iri tekstil şirkətinə (“Erbab Tekstil”, “AYB Üretim Enerji A.Ş.”, “Habeş Silindir”, “Tambur Sanayi”, “Aran Tekstil”) baş çəkilərək, fabriklərdəki istehsal prosesləri əyani izlənilib.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Dənizli vilayətinin tarixi məkanlarını, mədəniyyət mərkəzlərini və görməli yerlərini ziyarət etmişdir. Bu ziyarətlər ikitərəfli münasibətlərin gələcəkdə yalnız iqtisadi deyil, həm də mədəni ölçülərinin inkişaf etdirilməsinə xidmət edəcəkdir.
Türkiyəyə gedən nümayəndə heyətinin səfəri 22 avqust 2025-ci ildə başa çatmış və onlar vətənə qayıtmışlar.



