![]()
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını bildirib. Qeyd olunub ki, Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərin inkişafı da diqqətdə saxlanılır, gənclərin bu sahədə fəaliyyətinə dəstək verilir.
Şöbə müdiri deyib ki, Azərbaycan MDB ölkələri arasında mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verir, bu məqsədlə müxtəlif layihələr həyata keçirilir.
Bu il “MDB-nin mədəniyyət paytaxtı” olan Laçında Şəhəri Günü çərçivəsində MDB ölkələrindan yaradıcı gənclərin bir araya gəlməsi bunun göstəricisidir. Bu qəbildən layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə və başqaları çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında danışıblar.
Daha sonra tədbir diskussiya şəklində davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu sahədə reallaşdırılan layihələrdən söz açıblar.
Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.
Subyekt.az