![]()
AHMK 2026: Hematologiya sahəsində beynəlxalq elmi əməkdaşlıq və müasir müalicə metodlarının tətbiqi müzakirə olunub
20–21 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində, Radisson Hotel Baku-da Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə VI Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi – AHMK 2026 keçirilib.
Konqresin rəsmi açılış mərasimində Azərbaycan səhiyyəsinin, Milli Məclisin, tibb elminin və beynəlxalq hematologiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov, Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Məlahət Sultan və Türkiyə Hematoloqlar Dərnəyinin sədri Özgür Mehtap çıxış ediblər.
Çıxışlar zamanı hematologiya sahəsinin inkişaf perspektivləri, tibbin bu istiqamətində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, müasir diaqnostika və müalicə texnologiyalarının səhiyyə praktikasına tətbiqi, eləcə də mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu kimi beynəlxalq elmi platformalar hematologiya sahəsində əldə olunan yeniliklərin müzakirəsi, qabaqcıl tibbi təcrübələrin paylaşılması və müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İki gün davam edən AHMK 2026 konqresi hematologiya sahəsində aktual elmi və praktik məsələlərin müzakirəsi, beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar əlaqələrin inkişafı üçün mühüm platforma rolunu oynayıb.


















#ahmk2026 #ahmib #THD #turkhematolojidernegi
#Hematologiya
Subyekt.az