
BACO
(HEKAYƏ)
Dan yeri yenicə sökülürdü. İki gün aramsız yağan yağışdan sonra günəş dağılmış buludların arasından şəfəqlərini saçmaqdaydı. Kənd yolundan dağlara ayrılan cığırla yamaca qalxan kiçik qoyun sürüsünün önündə sahibinin “Baco” deyərək əzizləyib səslədiyi buruq buynuzlu, yaraşıqlı ala keçi gedirdi. Boynuna asılmış zərif zınqrov da keçi hərəkət etdikcə ahənglə səslənirdi. Nəhayət, keçi sürünün başını çəkərək güllü-çiçəkli bir yerə gətirmişdi. Keçi qoyunlarla bərabər şeh düşmüş otlardan, ağaclardakı meyvələrdən yeyir, hətta ağacların budaqlarını əyərək qoyunların da yeməsinə imkan yaradırdı.
Artıq sürü otlayıb doymuşdu. Sürüdəki qoyunlar və keçi dincəlmək üçün ağacların kölgəsinə çəkilib yatışırdılar.
Bu gün nədənsə sahibi sürünü dağdan tez endirdi. Bəzən belə də olurdu. Sürünün sahibi bir yerə getmək lazım gələndə sürünü otlaqdan tez qaytarırdı. Bu zaman sürü günün qalan hissəsini sahibinin kiçik bağında keçirərdi. Bu kiçik bağda belə keçi keçiliyini yerə qoymazdı. Dırmanmadığı çəpər, ağac, kol qalmazdı. Bu zaman sahibi də sevimli Bacosuna əsəbiləşərdi və cəza olaraq bağdan cıxarardı.
Bu gün həyətdə bir canlanma hiss olunurdu. Sahibi və onun yanında dayanan adam kənardan qoyunlara göz qoyaraq söhbətləşirdi. Sahibi bir əlində kəndir, o biri əlində bıçaqla sürünün yanından keçdi. Keçi yenə hansısa qoyunun başının kəsiləcəyini, qoyunlardan birinin qurban veriləcəyini düşündü. Anlayışsız qoyunlarsa bunu anlaya bilməzdi. İlk dəfə qoyunlardan birinin kəsildiyini gördükdə Baco sahibinə hücum edib mane olmaq istəmişdi. Sonra sanki bununla razılaşmış, sahibin qoyunları kəsməyə haqqı olduğunu, onunsa qoyun sürüsünü idarə etmək üçün sürüyə gətirildiyini düşünmüşdü. Sahibiylə yanındakı adam onlara tərəf yaxınlaşdı. Keçi də qoyunlarla bərabər qalxıb onlardan uzaqlaşmaq istədi. Ev sahibinin hər dəfə əlində bıçaq və kəndirlə sürüyə yaxınlaşması qan tökülməsilə nəticələnirdi. Birdən sahibi ilə yanındakı adam onun buynuzlarından tutub dartmağa başladılar. Baco ayaqlarını yerə dirəyərək onu aparmaq istədikləri yerə getməmək üçün dirənirdi. Dırnaqlarını söykəndiyi palçıqlı torpaq üzərində sürüşür, keçi inadı ilə sahibinin əlindən xilas olmağa çalışırdı.
Keçini sürüyərək bağdakı ərik ağacının altına gətirib yerə yıxdılar. Ayaqlarını bağladılar. Baco sahibinə baxdı. Sahibi isə gözünü ondan qaçırmağa çalışdı. Bir daha sahibinin üzünə hüznlə baxdı. Əlində parıldayan bıçağı gördü. Ayaqları bağlanmış, sahibinin yanındakı adam ayaqlarını tutaraq ağırlığını onun üzərinə salmışdı. Baco başının kəsiləcəyini anladı. Amma niyə?! Axı o. hələ bir yaşını təzə tamam etmişdi. Sahibinin onun boynuna zınqırov taxdığını və onu əzizlədiyini xatırladı.
-Ola bilməz! O məni kəsməz, mən onun qoyunlarına başçılıq edib, otlayıb doymalarına yardım etmişəm. Sahibi bıçağı onun boğazına qoydu. Altına yıxdıqları ərik ağacının saralmış yarpaqları arasından süzülən günəşin şüaları bıçağın üzərində bərq vururdu. Qoyunlar ona baxır, amma yaxınlaşmırdılar.
-Mən hər zaman sürünün önündə gedərək onlara bələdçi olmuşam, ən yaxşı otlaq sahələrinə aparmışam. Bu dəqiqə hücum edib bunları buynuzlayacaq, məni bunların əlindən alacaqlar.
Sürüdəki buynuzlu qoç yaxınlaşanda keçinin gözlərinə ümid doldu. Sürüyə başçılıq etmək üçün dəfələrlə döyüşsələr də, yenə özlərini qorumaq naminə indi onu kəsmək istəyənlərlə döyüşəcəkdi. Buynuzlu qoç bir az da yaxınlaşdı. Döyüşdə hər dəfə o qalib gəlsə də sürünü qorumaq naminə qoç onu xilas edəcəkdi.
Baco minnətdarlıq yağan ümidli nəzərlərlə qoça baxdı. Bu zaman onun ayaqlarını saxlayan adam cəld qalxaraq qoyunları uzağa qovaladı. Qoyunlar heç nə baş verməmiş kimi uzaqlaşdılar və başlarını aşağı salıb otlamağa başladılar. Bunu görən keçi hər qoyun kəsiləndə özünün sağ qaldığına görə içində gizli-gizli sevindiyini xatırladı. Yəqin indi qoyunlar da onun kimi ölümün onlardan yan keçdiyinə sevinirlər. Keçi necə axmaq olduqlarını yalnız indi anladı. Və artıq ölümün qaçılmaz olduğunu anlayaraq başını yerə qoydu. Buynuzlarını sahibinin dizlərinə dayadı. Yenə ümidi vardı. Bəlkə ona sahibi qıymaz, son anda sevimli Bacosunu kəsməkdən vaz keçər. Bax indi bütün qoyunlar hücum edəcək. Onu ölümün pəncəsindən xilas edəcəklər. Ürəyindən kimsənin eşitmədiyi “ ölmək istəmirəm” deyən bağırtı səsi bədənini silkələdi. Bu silkələnmədən sahibinin əlindəki bıçaq belə titrədi. Düşündü ki, əgər qurtulsa nə yemə, nə sığınacağa, nə nəvazişə aldanmayacaq. Çöllərə, dağlara qaçacaq. Azadlığını heç nəyə dəyişməyəcək. Amma çox keçmədi ki, bıçağın soyuqluğunu boynunda hiss etdi. Sərt tüklərinin arasından boynunun dərisinə yol açan bıçağın çıxardığı səs qulaqlarına doldu. Və güclü ağrı onu bir anda hər şeyi unutdurdu. Gücünü toplayıb son dəfə gözünü açaraq ətrafa baxmaq istədi. Amma gözü dumanlandı. Artıq ətrafı seçə bilmirdi. Son kəs gen yaddaşı oyandı sanki. Qayalardan atılaraq dağlarda gəzdiyi azad anları xatırladı. Niyə?! Axı niyə?!-deyə fəryad etdi. Əcdadları azadlığını niyə insanın yalan vədinə, yemə, ota, sığınacağa aldanaraq qurban vermişdi. Axı onların yaşaması üçün təbiətdə hər şərait vardı. Bütün bunlara əvəz olaraq bu gün başlarını verirdilər. Əcdadlarına lənət oxuyaraq hayqırdı. Bu isə sahibi üçün keçinin mələməsindən başqa bir anlam kəsb etmirdi.
Bir anlığa düşündü ki, ölümdən qurtulsa dağlara qaçacaq, azad yaşayacaq. Və sonu erkən ölüm olan köləliyi qəbul etməyəcək, yalnız gen yaddaşındakı köləlik genini deyil, azadlıq genini gələcək nəsillərinə ötürəcək.
Son dəfə gücünü toplayıb yarıya qədər kəsilmiş boynunundan üzülməmiş başını qaldırdı. Nəfəs almaq istədi. Kəsilən damarından isti qan ciyərlərinə doldu. Ayaqlarından kəndir açılanda bir daha qalxmaq istədi. Ama taqərsiz başı torpağa düşdü. Torpağın soyuğu iliklərinə işlədi. Yanılırdı, həyat bir dəfə yaşanır!
Bir daha nəfəs almaq istəyən zaman ülgüc kimi iti bıçaq başını bədənindən ayırdı. Ümidsiz baxışları bir nöqtəyə dikilərək, həyatın amansız hökmünə tabe oldu.
Bir neçə saat sonra isə sahibi və qonaqlar onun ətindən çəkilmiş ləzzətli kababdan yeyərək, insanın yaranmışlardan ən üstün olmasından, insanlığın gözəl, ülvi bir hiss olmasından söhbət açaraq, bir-birinə təriflər yağdıraraq badələr qaldırırdılar.
Mafilə Müntəzir
Həkim-şairə
Subyekt.az