![]()
Azıx mağarası haqqında dünyada çox az məlumat vardır. Çünki keçmiş SSRİ dövründə bu mağarada araşdırma aparan, onun tarixi barədə danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.
1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və bundan sonra sovet alimləri qəbul etməyə başladılar ki, təxminən 350–400 min il bundan əvvəl Azərbaycan ərazisində insan yaşamışdır.
“Azıx” sözünün mənası “ayı sığınacağı” deməkdir. Azıx mağarasının sahəsi 800 kv. km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir.
Mağara haqqında çox fakt yazmaq olar, lakin mağaranın bir sirri var. Məlumdur ki, qədim insanlar ilk tanrılarını heyvanlar arasından seçmiş və onlara bir kult kimi sitayiş etmişlər.
Azərbaycan ərazisində heyvanların ruhlarına inamla bağlı yaranmış ilk inanclara Azıx mağarasında rast gəlinmişdir. Burada qayalar arasında gizlədilmiş mağara ayılarının kəllələrinə təsadüf olunmuşdur.
Söhbət bugünkü qonur ayılardan getmir. Bu, nəsli kəsilmiş mağara ayısıdır. Azıx mağarasında təkcə ayı deyil, nəsli kəsilmiş nəhəng maral, kərgədan və mağara şiri kimi heyvanların da sümükləri tapılmışdır.
Azıx mağarasında aparılan qazıntılar zamanı arxeoloqlar çox maraqlı bir mənzərə ilə qarşılaşmışlar. Mağaranın xüsusi bir küncündə mağara ayılarının kəllə sümükləri müəyyən bir nizamla düzülmüşdü.
Həmin ayılardan birinin kəlləsinin üzərinə 9 paralel xətt çəkilmişdir. Əldə olunan ayı kəllələrinin qayalar arasında gizlədilməsi həmin dövrdə yaşamış insanların animist baxışlarının ilk rüşeyimləri sayıla bilər. Azıxda təsdiqlənmiş “kəlləyə sitayiş” faktı Cənubi Qafqaz sakinlərində ətraf mühit hadisələri haqqında ən erkən, başlanğıc səciyyəvi təsəvvürlərin yarandığını göstərir.
Sonralar həmin təsəvvürlər zəminində ilkin din meydana gəldi. Bu dini inanca görə ayı qanı və ayı əti xüsusi yer tuturdu. Tanrının (ayının) müqəddəs qanı torpağa düşməməli idi.
Təzə qanı adətən ayin qabına yığardılar və onu icmanın yaşca böyük üzvü içərdi. İnanclara görə, bu qan insana sirli qüvvələr verir, ovda müvəffəqiyyət qazanmağa kömək edirdi. Sonra öldürülmüş vəhşinin üstündə dua oxunur və ət bölüşdürülürdü. Ayının sümüklərini ətdən diqqətlə təmizləyir, kəllə sümüyünü xüsusi ritual üçün gizli yerə qoyur, digər sümüklərini isə meşədə basdırırdılar.
Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Azıx mağarasında aşkar olunmuş ayı kəllələrindən birinin üzərində bir neçə çərti vardır. Həmin çərtilərdən 7-si paralel şəkildədir. Ay gözlə yaxşı müşahidə olunan, Yerə ən yaxın səma cismidir.
Yeni ayın çıxmasından sonra Ayın birinci dörddə biri təxminən 7 gündən sonra görünür, ikinci dörddə biri isə təxminən 14 gündən sonra zahirə çıxır. Belə ki, Azıx mağarasında ayının kəlləsində çərtilmiş yeddi xətt qədim insanların səma cismi olan Ayın dövriyyəsi barədə məlumatlı olduqlarını, astronomiya ilə bağlı təsəvvürlərinin mövcud olduğunu göstərir.
Artıq Azıx mağarası bizimdir.
Bundan sonra alimlərin üzərinə düşən vəzifə odur ki, dünyada dördüncü ən qədim insan məskənlərindən biri sayılan Azıx mağarasını dünyaya tanıda bilsinlər. Orada tədqiqatlar aparılsın, davamlı şəkildə turist axını təşkil edilsin.

Prof. Dr. Zaur Əliyev
Subyekt.az