![]()
Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlamaq və dövlətçiliyini möhkəmləndirmək kimi taleyüklü bir seçim qarşısında dayanarkən ümidini yalnız böyük siyasi iradəyə, zəngin idarəçilik təcrübəsinə və xalqın etimadını qazanmış milli liderə bağladı. Çətin sınaqlar, xaos və parçalanma təhlükəsi ilə üz-üzə qalmış bir məqamda Heydər Əliyev ümumxalq iradəsinin rəmzinə çevrildi. Seçim artıq şəxslər arasında deyil, Azərbaycanın varlığı ilə yoxluğu arasında edilirdi.
Xalq öz qəti sözünü dedi və bu sözün gücü ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim sadəcə bir siyasi qərar deyildi o, həm də xalqın xilasa, sabitliyə və gələcəyə olan inamının təntənəsi idi. Ölkənin həyatında yeni bir mərhələnin, bərpa və inkişaf dövrünün təməli məhz bu anla qoyuldu.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca mürəkkəb və faciəli bir dövr idi. Sovet İttifaqının süqutu nəticəsində müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, dövlət idarəçiliyi sahəsində ciddi təcrübə çatışmazlığı ilə üz-üzə qalmışdı. 1991-ci ildən sonra ölkədə siyasi xaos, iqtisadi tənəzzül, hüquqi nihilizm, separatizm meylləri və ən ağrılısı Ermənistanın hərbi təcavüzü ölkənin gələcəyini sual altına qoymuşdu. Qarabağda kəndlər, şəhərlər ard-arda işğal olunur, minlərlə insan yurd-yuvasından didərgin düşürdü. Dövlət aparatında dağınıqlıq, hakimiyyət böhranı hökm sürürdü.
1992-ci ilin yayında hakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarı isə ölkənin qarşısında dayanan bu tarixi sınaqları aşmaq iqtidarında olmadı. Siyasi ambisiyalar, daxili çəkişmələr, idarəçilikdə peşəkarlıqdan uzaq yanaşmalar nəticəsində Azərbaycan dövlətçiliyi uçuruma yuvarlanırdı. Həmin dövrdə ölkənin şimalında separatçılıq, paytaxt Bakıda isə hərbi-siyasi qarşıdurmalar dərinləşirdi. Dövlətin dağılması təhlükəsi artıq real bir təhlükəyə çevrilmişdi.
Belə bir tarixi anda xalqın yeganə ümidi, inamı Naxçıvanda yaşayan Heydər Əliyevə yönəldi. 1990-cı ilin qanlı yanvar faciəsindən sonra Moskvadakı vəzifəsindən istefa verərək Vətənə qayıdan Ulu Öndər, artıq Naxçıvan Ali Məclisinin Sədri kimi xalqın etimadını qazanmışdı. O, bütün çətinliklərə baxmayaraq Naxçıvanda dövlətçiliyin əsaslarını qoruyur, milli maraqları müdafiə edir, müstəqillik ideyalarının yaşamasına çalışırdı.
1993-cü ilin iyun hadisələri Gəncə qiyamı və ölkədəki daxili qarşıdurmalar xalqın səbr kasasını daşırdı. Azərbaycan vətəndaşları bir nəfər kimi Heydər Əliyevin Bakıya dəvət olunmasını tələb etdilər. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə ölkədə siyasi vəziyyət nisbətən sabitləşdi. Lakin artıq aydın idi ki, dövlətin tam dirçəldilməsi üçün xalqın seçimi ilə təsdiqlənmiş güclü Prezident institutuna ehtiyac var.
1993-cü ilin 3 oktyabrında keçirilən ümumxalq seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Bu, sadəcə bir seçki deyildi bu, xalqın tarixi iradəsinin təntənəsi idi. Azərbaycan xalqı məhz həmin gün öz gələcəyini, sabahını, müstəqil dövlətini Heydər Əliyevə etibar etdi.
Seçkilərdən sonra Ulu Öndərin dediyi məşhur sözlər tarixin yaddaşına həkk olundu: “Mən öz həyatımı bundan sonra da ancaq Azərbaycan xalqına xidmətə həsr edəcəyəm”. Bu vəd, əslində, böyük xilaskarlıq missiyasının başlanğıcının rəsmi elanına çevrildi.
Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanda milli dövlətçiliyin möhkəmlənməsi prosesi başlandı. İlk növbədə daxili sabitlik təmin olundu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Orduda islahatlar aparıldı, nizami silahlı qüvvələrin formalaşdırılmasına başlanıldı. Xarici siyasətdə balanslaşdırılmış, milli maraqlara söykənən strategiya quruldu.
Ən mühüm addımlardan biri də 1994-cü ilin “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanın müstəqil iqtisadi inkişaf yoluna qədəm qoymasının rəmzinə çevrildi. Heydər Əliyev milli maraqları beynəlxalq əməkdaşlıqla uzlaşdıraraq Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarmağa nail oldu. Bununla da ölkənin gələcək inkişafının təməli, siyasi təntənəsinin əsası qoyuldu.
3 oktyabr 1993-cü il seçkiləri təkcə o dövrün siyasi hadisəsi kimi deyil, həm də Azərbaycan xalqının dövlətçilik iradəsinin təzahürü kimi tarixə düşmüşdür. Bu gün olmasaydı, müstəqilliyimiz formal xarakter daşıya bilərdi, dövlətçiliyimiz dağılma təhlükəsindən xilas ola bilməzdi. Məhz Heydər Əliyevin qətiyyəti, siyasi uzaqgörənliyi və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan siyasi təhlükələrdən qurtuldu, sabitlik və inkişaf yoluna çıxdı və bu gün də həmin yolla inamla irəliləyir.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Subyekt.az