![]()
Azərbaycan səfirlərinin sadəcə ikisi qadındır.
Qanun layihəsinin müzakirəsi zamanı deputat Nigar Arpadarai tərəfindən xanım diplomatların sayının az olması məsələsi qaldırılıb. Deputat qeyd edib ki, diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər
Azərbaycanda qadın səfirlərin sayı azdır. Kvota sistemi və pozitiv diskriminasiyanın tərəfdarı deyiləm.
Amma müvəqqəti addımlar atmaq, imtiyazlar vermək mümkündür.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın qadınlarla bağlı kvota tətbiqi haqqında təklifinə müsbət yanaşmadığını söyləyib:
Kvota məsələsi gender bərabərliyi problemi olan ölkələrdə keçərli ola bilər. Azərbaycanda isə gender bərabərliyi Konstitusiyada da öz əksini tapıb
Müxtəlif ölkələrdə diplomatik korpuslarda fəaliyyət göstərən xanım diplomatlar olsa da, cəmi iki qadın səfirimiz var.
Onlardan biri Azərbaycan Respublikasının Polşa Respublikasındakı sövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovadır. O, diplomat təyin edilənədək müxtəlif vəzifələrdə çalışıb.
2004-2007-ci illər arasında N.Qurbanova Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyində üçüncü katib, daha sonra ikinci katib vəzifələrində çalışıb.
Dr. Nərgiz Qurbanova Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 8 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər xanım səfirimiz isə Leyla Abdullayevadır. O, 1981-ci ildə Bakıda anadan olub.
2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.
2008-ci ilin oktyabrında Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi təyin olunmuşdu.
Qeyd edək ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində müxtəlif vəzifələrdə xanım diplomatlar çalışsa da, onların dəqiq sayı məlum deyil.
Subyekt.az