![]()
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində diqqətə çatdırdığı mühüm məqamlardan biri Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin artım dinamikası olub.
Deputat Vüqar Bayramov bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3,2 dəfə artaraq 795 milyon ABŞ dollarına çatıb.
Onun sözlərinə görə, ötən il Özbəkistandan Azərbaycana idxalın həcmi 719 milyon dollar, Azərbaycanın Özbəkistana ixracı isə 76 milyon dollar təşkil edib. Beləliklə, Özbəkistanın Azərbaycanla ticarətdə 643 milyon dollarlıq müsbət saldosu formalaşıb.
Deputat Azərbaycan–Özbəkistan ticarət əlaqələrinin məhsul strukturu ilə bağlı da diqqətçəkən göstəriciləri açıqlayıb. Qeyd olunub ki, 2025-ci ildə Azərbaycan Özbəkistanla 893 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib.
İdxal və ixracın strukturunda iki əsas məqam xüsusilə diqqət çəkir. Belə ki, Özbəkistandan idxalın 71 faizini qızıl məmulatları, Azərbaycanın ixracının isə təxminən yarısını şəkər təşkil edib.
Ötən il Azərbaycan Özbəkistandan 508 milyon dollar dəyərində qızıl idxal edib. “710813” məhsul kodu üzrə rəsmiləşdirilən bu məhsul UNSD təsnifatına əsasən qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl kateqoriyasına aid edilir.
Azərbaycanın Özbəkistana ixracında isə şəkər əsas məhsullardan biri olub. 2025-ci ildə qardaş ölkəyə 32 milyon dollar dəyərində ağ şəkər ixrac edilib.
Digər əsas idxal məhsulları sırasında tütün – 32,6 milyon dollar, saflaşdırılmış misdən digər məftillər – 21 milyon dollar, qabığı təmizlənmiş yunan qozu – 13,6 milyon dollar, minik avtomobilləri üçün kuzovlar – 12,4 milyon dollar, qurudulmuş üzüm – 9,1 milyon dollar, televiziya rabitəsi üçün rəngli təsvirlə digər qəbuledici aparatlar – 8,5 milyon dollar, avtomobil mühərrikləri – 6,4 milyon dollar, kimyəvi tekstil materialları – 5,7 milyon dollar, saflaşdırılmış misdən borular – 5,5 milyon dollar, trikotaj parçalar – 5,3 milyon dollar və kağız məmulatları – 3,5 milyon dollar üstünlük təşkil edib.
İxracın strukturunda şəkərlə yanaşı, emal olunmamış alüminium – 11 milyon dollar, qaynaq edilmiş borular – 1,7 milyon dollar, qabıqlı badam – 1,4 milyon dollar və lak-boya maddələri – 1,3 milyon dollar əsas məhsullar sırasında yer alıb.
Vüqar Bayramov qeyd edib ki, digər qardaş türk dövlətləri ilə olduğu kimi, Özbəkistanla da qarşılıqlı ticarət dövriyyəsinin daha da genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir.
Deputatın fikrincə, yaxın perspektivdə Azərbaycan–Özbəkistan arasında 1 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə nail olunması real və mühüm hədəflərdən biridir.

Subyekt.az