![]()
Kəlbəcər şəhərində Böyük Qayıdışın yaratdığı daha bir əlamətdar və sevinc dolu hadisə yaşanır. Subyekt.az xəbər verir ki, doğma yurda qayıdan sakinlərin iştirakı ilə şəhərdə ilk toy məclisi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərə köç edən sakinlərin doğma şəhərdə məskunlaşması ilə yanaşı, burada ailə, sosial və ictimai həyatın ənənəvi mərasimləri də tədricən bərpa olunur.
Kəlbəcər şəhərində toy məclisinin keçirilməsi işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının, doğma yurda qayıdan insanların burada öz gündəlik və sosial həyatlarını formalaşdırmağa başlamasının mühüm mənəvi göstəricilərindən biri kimi qiymətləndirilir.
Bu baxımdan Kəlbəcərdə toy sədalarının eşidilməsi yalnız bir ailənin sevincini deyil, həm də illər sonra doğma torpaqlarına qayıdan sakinlərin böyük qayıdışının yaratdığı mənəvi dirçəlişi əks etdirir.
Qeyd edək ki, Kəlbəcər rayonunda Böyük Qayıdış çərçivəsində belə əlamətdar hadisələrə artıq yaşayış məntəqələrində də şahidlik olunur. Rayonun Ağcakənd kəndində doğma yurda qayıdan sakinlərin iştirakı ilə ailə mərasimlərinin keçirilməsi kənd və yaşayış məntəqələrinin sosial həyatının bərpa olunduğunu göstərən mühüm nümunələrdəndir.
Bu gün Kəlbəcər şəhərində Zəfər bəyin övladları Rəsul və Alişanın sünnət mərasimi münasibətilə kiçik toy məclisi təşkil olunur. Mərasimin 22 avqust 2026-cı il tarixində saat 14:00-da keçirilməsi nəzərdə tutulub.
Uzun illər işğal altında qalan Kəlbəcərin 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra şəhər və rayon ərazisində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamətlər əsasında həyata keçirilən Böyük Qayıdış prosesi çərçivəsində Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, sosial infrastrukturun yaradılması və sakinlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Sakinlərin Kəlbəcərə qayıdışı ilə şəhərin yalnız fiziki infrastrukturu deyil, onun sosial və mənəvi həyatı da yenidən formalaşır. Məktəblərin, sosial obyektlərin, yaşayış binalarının istifadəyə verilməsi, ailələrin doğma şəhərdə məskunlaşması və müxtəlif mərasimlərin keçirilməsi Kəlbəcərin yenidən canlı yaşayış məkanına çevrildiyini nümayiş etdirir.
Bu baxımdan Rəsul və Alişanın sünnət mərasimi münasibətilə Kəlbəcər şəhərində keçirilən məclis xüsusi rəmzi məna daşıyır. Çünki uzun illər sonra Kəlbəcərdə yenidən toy sədalarının eşidilməsi doğma yurda qayıdışın yalnız məskunlaşma prosesi ilə məhdudlaşmadığını, burada həyatın bütün sahələrinin tədricən bərpa olunduğunu göstərir.
Subyekt.az kollektivi adından Rəsul və Alişanı bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun və xoşbəxt ömür, firavan həyat arzulayırıq. Arzumuz budur ki, bu gün Kəlbəcərdə keçirilən kiçik toy məclisi gələcəkdə burada təşkil olunacaq daha böyük və möhtəşəm toyların müjdəçisi olsun. O gün olsun ki, Rəsul və Alişanın Böyük Toyunda da iştirak edək!
Allah bu sevinci mübarək etsin, Kəlbəcəri və bütün əzəli və əbədi yurdlarımızı daim abad, firavan və işıqlı etsin.

#Kəlbəcər #BöyükQayıdış
Rövşən Hüseynli
Subyekt.az