![]()
Azərbaycan milli futbol komandası Fransa ilə keçirilən oyunda 3:0 hesabı ilə məğlub oldu.
Bəli, bu nəticə azarkeşləri sevindirmədi, amma tarixə baxanda – 30 il öncə Fransa qarşısında yaşadığımız 10:0-lıq acı nəticədən sonra bu, kiçik də olsa irəliləyişdir. Lakin məsələ yalnız hesabda deyil. Əsas sual budur: meydanda nə baş verir, biz nəyi dəyişə bilmirik.
Bu dəfə futbolçularımız oyunun ilk 44 dəqiqəsində ləyaqətli və fədakar oyun göstərdilər. Bəlkə də biz nə etməliyiksə, elə bu 44 dəqiqə ərzində etməli idik. Çünki 44 rəqəmi bu millət üçün sadəcə bir zaman göstəricisi deyil – azadlığın, mübarizənin və qələbənin simvoludur.
Bu rəqəm Qarabağda qazandığımız zəfəri xatırladır. Amma görünür, həmin ruh hələ futbol meydanına tam sirayət etməyib. Qələbə təkcə fiziki güc və taktika ilə deyil, ruhla və inamla qazanılır.
Bəlkə də artıq milli futbolun idarəçiliyini “052” – yəni xüsusi təyinatlı qüvvələrə həvalə etməyin vaxtıdır. Futbolçular meydanda təmiz və səmimidir. Amma futbola rəhbərlik edənlər bəzən bu səmimiyyəti itirirlər.
Azərbaycan futbolunda problem topda deyil, topun kimlərin ayağında olduğundadır. Oyunçular meydanda, idarəçilər isə villalarda “oynayır”. Nəticə isə hər dəfə eyni olur.
Futbolumuzun böhranı taktiki deyil, mənəvi böhrandır. Futbol meydançası boyda villalarda topa “kəllə atan” oliqarxlar, milyonlarla dolları ayaqları ilə təpikləyib özlərinə imarətlər tikərkən, topla davranmağı və meydanda mübarizə aparmağı unudublar.
Necə ki, bu gün futbolçular müdafiə olunub hücumu yaddan çıxardılar, eləcə də rəhbərlik futbolun ruhunu – xalq üçün oynamanı unudub.
Futbol təkcə idman deyil, bu millətin emosional güzgüsüdür. Təəssüf ki, o güzgü bu gün toz içindədir.
Azərbaycan xalqı 30 illik Qarabağ həsrətinə son qoydu. Bu, yalnız hərbi zəfər deyildi – millətin ruhunun, birliyinin və inamının təntənəsi idi.
İndi həmin ruhu futbol meydanlarına gətirməyin vaxtıdır.
Səngərdə olduğu kimi, meydanda da qələbə nizam, fədakarlıq və inam tələb edir.
“Yaşma” kimi xüsusi təyinatlıların seçilmə prinsipləri – sədaqət, məsuliyyət, fədakarlıq – futbol sisteminə də gətirilməlidir. Uğur üçün milyonluq transferlər yox, milli ruhla yetişən futbolçular lazımdır.
Futbol da bir səngərdir – burada mərmilər topdur, mövqelər qapıdır, qələbə isə xalqın sevincidir.
Bu səngərdə qalib gəlmək üçün bahalı avtomobil yox, yanğı və vətən sevgisi lazımdır.
Əgər futbolçularımız və rəhbərlik bu reallığı dərk etsələr, Azərbaycan futbolu təkcə 44 dəqiqə yox, 90 dəqiqəlik mübarizə və əsl oyun göstərəcək.
Azərbaycan xalqı artıq sübut edib ki, istəsə, dağları yerindən oynada bilər. İndi bu iradəni futbol meydançalarına ötürməyin vaxtıdır.
Əsl futbol villalarda yox, meydanlarda oynanılır.
Əsl qələbə isə meydanda tər tökənlərin olur.
Rövşən Hüseynli
Subyekt.az