![]()
Azərbaycan ədəbiyyatı tarixində elə simalar vardır ki, onlarınn yaratdığı ölməz sənət inciləri bəşər mədəniyyətinə əbədi şöhrət qazandırmışdır. Belə əbədi və təkrarsız simalardan biri XI əsrdə yaşamış şair, alim Əbu Mənsur Qətran Təbrizidir. Öz dövründə sənəti yüksək qiymətləndirilən və “məlik-üşşüəra” rütbəsinə can atan Qətran Təbrizinin yaradıcılığı zəmanəmizin bir çox şairləri kimi, təəssüf ki, müasir dövrə qədər səthi işıqlandırmışdır. O, fars dilində yaranan Azərbaycan ədəbiyyatının bir növ “təməlini” qoymuş və Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, Qivvami Mütərrizi, İzzəddin Şirvani, Nizami Gəncəvi və Mücirəddin Beyləqani kimi şairlərin ölməz əsərlərinin bu dildə yaranmasına rəvac vermişdir.
Dahi Azərbaycan şairi Qətran Təbrizi dünya ədəbiyyatının ölməz simalarındandır. Onun əsərlərində öz xalqının mənəvi dünyası, Qətran Təbrizinin bədii dühası öz əksini tapıb. Tamamilə yeni üslubda şeirlər yazan şairin şöhrəti az birzamanda bütün Azərbaycan, bütövlükdə türkdilli ölkələrə yayılıb, poeziyası çox yüksək qiymətləndirilib. Qətran Təbrizi Azərbaycan ədəbiyyatı tarixində farsca şeirlər yazan ilk istedadlı sənətkar kimi tanınmışdır. Özünündediyi kimi, “dəri şeirinin qapısını şairlərin üzünə açmışdır”.
Qətranın yaradıcılığı maraqlı, ziddiyyətli, lakin aydınlaşdırılması mümkün olan bir hadisədir. Ərəb istilasından sonra ilk dəfə özünü nisbətən sərbəst hiss edən Azərbaycan hakim sülalələrinin saraylarında dolaşan sənətkar çox halda onların məddahına çevrilmişdir. Çox hallarda bu məddahlıq dövrün əhvali-ruhiyyəsi ilə uyğun gəlirdi. Onun əsərlərində xalq içərisindən çıxan, bəzən tutduğu əsas yoldan peşman olan bir insanın səsini eşidirik. Əsl intibah şairi kimi o, təbiəti, insanın məhəbbət duyğularını məharətlə qələmə alır. Vətən sevgisi, dinc həyat, əminamanlıq arzusu, həyat və insan haqqında düşüncələr poeziyasının müxtəlif yerlərinə səpələnərək onun düşüncə, fıkir, duyğu dünyasından xəbər verir. Qətranın irsində qeyd olunmağa layiq ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun şeirlərindəki ecazkar, əlvan, naxış-naxış, rəng-rəng gözə dəyən şeir texnikasıdır, orijinal obrazlar, cinaslar, təkrirlər, qafıyələrlə parlamaq məharətidir. Onun poeziyasında bu cəhət elə bil ki, məzmun, ideya, qayə məsələlərində nisbətən daha qabarıq görünür.
XI əsrdə yaşamış Qətran Təbrizinin (1012-1081) ana dili türk dili olmuşdur. Onun bizə gəlib çatmış “Divan”ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyəqəsidələrdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019- cu il tarixli, 211 nömrəli Qərarı ilə Qətran Təbrizi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Həyat və yaradıcılığı
Qətran Təbrizi 1012 – ci ildə Təbriz yaxınlığında Şadiabad kəndində anadan olmuşdur. Sonralar Gəncəyə köçmüş və burada şəddadilər sarayında qüdrətli şair kimi məşhurlaşmışdır. Sonradan Təbrizə qayıtmış va rəvvadilər sarayında böyük hörmət qazanmışdır. Şair 1088 – ci ildə Təbrizdə vəfat etmişdir. XI əsr saray ədəbiyyatının ən görkəmli nümayəndəsi kimi tanınan Qətran Təbrizi Gəncə və Təbrizdə yaşayıb – yaratmışdır. Şairin irsi fars dilində yazdığı “divan” və “ət – təfasir” adlı farsca lüğətdən ibarətdir. Qətran Təbrizinin “divan” ı ədəbiyyat tariximizdə farsca tam şəkildə bizə gəlib çatmış ilk divandır. Şairin “divan” ına qəsidə, qitə, rübai və s. janrlarda yazılmış lirik şeirlər daxildir . “Divan” a daxil olan şeirlər içərisində dövrün hökmdarlarına həsr edilmiş mədhiyyələrlə yanaşı, vətən, məhəbbət, insan taleyi, təbiət gözəllikləri mövzusunda yazılmış şeirlər xüsusi yer tutur. Şairin lirik şeirləri içərisində saraydan narazılığı əks etdirən örnəklərə də rast gəlmək mümkündür. Qətranın 1042- ci ildə baş vermiş Təbriz zəlzələsinə həsr etdiyi iki mənzuməsi bu doğma şəhərin keçmiş möhtəşəmliyi haqqında məlumat verən mənbə kimi xüsusi əhəmiyyətə malikdir. Qətran Təbrizi Təbriz yaxınlığındakı Şadiabad kəndində ilk təhsilini almış, elmin sirlərini isə Təbrizdə öyrənmişdir. Qətran yaradıcılığa çox erkən başlamış, istedadı, bacarığı, gözəl şeirləri ilə məşhurlaşmışdır. Qətran gənc yaşlarında Təbrizdən Gəncəyə gəlmiş, Şəddadilər sarayında xidmət etmiş, böyük hörmət sahibi olmuşdur. O, ədəbiyyat tarixində farsca yazan ilk azərbaycanlı şair və XI əsrdə yaranan saray poeziyasının ən qüdrətli nümayəndələrindən biridir. Məhəbbət mövzusuna, təbiət təsvirlərinə, müharibələrə Təbrizdə baş vermiş zəlzələyə və digər hadisələrə aid çoxsaylı şeirləri, eyni zamanda hökmdarlara həsr etdiyi qəsidələri Şərq poeziyasına yeniliklər gətirmişdir. Şairin ədəbi irsi lirik şeirlər toplusu olan divanıdır. Hələ sağlığında əsərləri əlyazma halında yayılaraq yüksək qiymətə layiq görülmüşdür. Qətran Təbrizi ilk dəfə fars dilinin “Əttəfasir” adlı izahlı lüğətini yazmışdır. Zəmanəmizə qədər gəlib çatmış bu əsər dilinə, məzmununa görə olduqca dəyərli, əhəmiyyətlidir.
Şairin “Qövsnamə” adlı dastan yazdığı güman edilir. Qətran Təbrizinin ayrı-ayrı şeirlərində həyat, ölüm, insan haqqında düşüncələri ilə rastlaşır, xəyali fikirlər görürük. Əsasən saraylarda xoş güzəran keçirən şair bəzən qəlbinin dərinliklərində çağlayan ağrıları gizlədə bilmir, kədərə, qəmə qərq olur. Yüksək istedadı, ecazkar sənətkarlığı Qətranı hər yerdə tanıtmış, məşhurlaşdırmışdır. Özünün dediyi kimi, Xorasanda, İraqda günəş kimi parlayaraq əziz və şöhrətli bir sənətkar kimi sevilmişdir.
Qətran Təbrizinin yüksək sənətkarlıqla yazdığı əsərləri fars və türkdilli poeziyanın inkişafına müsbət təsir gösərmişdir. Qətran Təbrizi haqqında ilk məlumata tacik şairi Nasir Xosrovun 1047-ci ildə yazdığı “Səfərnamə” adlı əsərində rast gəlirik. Müəllif yazır: “Təbrizdə gözəl şeirlər deyən Qətran adlı bir şair gördüm. Mənə şeirlərini oxudu”. XII əsrin məşhur şairi Rəşidəddin Vətvat “Şeirin incəliklərinə dair sirlər bağı” əsərində qeyd edir ki, mən Qətranı əsas şair kimi tanıyıram, yerdə qalanlar, ümumiyyətlə, şairdirlər. Məhəmməd Qufi özünün “Lübab ül-əlbab” əsərində yazır: “bütün şairlər qətrədir, Qətran isə dənizdir. Başqa şairlər zərrədir, o isə günəşdir. Onun qəsidələri zərif təcnislərdən ibarətdir”. Şairin yaradıcılığı haqqında Cənubi Azərbaycan alimi Kəsrəvi geniş məlumat vermiş, tədqiqatlar aparmış, əsərlərini nəşr etdirmişdir. Digər alimlər M.Tərbiyət və Səif Nəfisi şairin yaradıcılığını araşdıraraq maraqlı fikirlər söyləmişlər. Qətranın Təbriz şəhərində saxlanılan divanı Cənubi Azərbaycanda yaşamış Hacı Məhəmməd Naxçıvani tərəfindən hicri tarixi ilə 1333-cü ildə Təbrizdə nəşr etdirilmişdir. Səkkiz nüsxədən ibarət olan bu əsər indiyə qədərki nəşrlərdən ən dəyərlisidir. Bu divanın Azərbaycan dilində sətri tərcüməsi Azərbaycan Elmlər AkademiyasınınNizami adına Ədəbiyyat və Dil İnstitutunda saxlanılır. Qətran Təbrizinin divanı 1967-ci ildə Bakıda çap olunmuşdur. Azərbaycan, İran, türk, rus, Avropa alimləri şairin əsərlərinin tədqiqatını aparmış, həyat və yaradıcılığına aid monoqrafiyalar, məqalələr yazmış, çap etdirmişlər. Şairi sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi keçirilə bilər. Sərgiyə “Lirik şair- Qətran Təbrizi”, “Öz əsərlərinin hafizi Qətran Təbrizi”, “…Qəlbim qələmə döndü mən bir söz ovlayınca”, “Tanrı mənim canımı Şadiabadda yaratmış olsa da, Könüldə qəm şəhərdə sənə xidmət edirəm”, “Azərbaycanlı şair və dilçi alim”, “Farsca şeirlər yazan ilk istedadlı sənətkar”, “Min yaşlı ədib-Qətran Təbrizi” və s. başlıqları veriə bilər. Şairin müxtəlif illərdə çəkilmiş portretlərinin və kitabları tamaşaçılara təqdim edilməlidir. Bunlarla yanaşı, müxtəlif ədiblərin Qətran Təbrizi haqqında yazdığı materiallar da sərgidə nümayiş olunur. Görkəmli insanların şair haqqında söylədikləri sitatlar və şeir parçaları da sərgidə verilir.
Min yaşlı ədib-Qətran Təbrizi
Qətran Təbrizi iki dildə şeir yazan görkəmli Azərbaycan şairlərindəndir. Şairin Azərbaycanca yazdığı qəzəllərlə yanaşı, fars dilində yaratdığı sənət inciləri öz dövrünün və bütövlükdə bütün əsrlərin poeziyasının ən yaxşı nümunələri olduğundan Qətranı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi hesab edirlər. Qətran Təbrizinin bir müddət Rəvvadilər sarayında olduqdan sonra Gəncəyə, Şəddadilər sarayına getdiyi (S.Kəsrəviyə görə 1034- 1038-ci illərdə) bildirilir. “Ləşgəri hakimiyyətinin (1033-1049 – İ.H.) başlanğıcında Gəncəyə gəlmiş şair bir neçə il burada yaşayıb-yaratmış, ancaq Təbriz sarayını – Rəvvadiləri, Naxçıvan sarayını – Deyranilər hakimi Əbu Duləfi də yaddan çıxarmamışdır”. Beləliklə, tarixi faktlardan aydın olur ki, Qətran Təbrizi dövrün siyasi hadisələrindən, dövlət rəhbərlərinin hərəkət və baxışlarından kifayət qədər məlumatlı olmuşdur. Belə güman etmək olar ki, Azərbaycan dövlətinin birliyi ideyası həmin dövrdə hökmranlıq etmiş hakimlər arasında da müzakirə predmeti olmuşdur. Qətran Təbrizi ayrı-ayrı hökmdar və ya digər şəxslərin adına mədhiyyələr yazsa da, Əbülhəsən Ləşgəri ilə Əmir Əbülfəzi Cəfərə birlikdə mədhiyyə həsr edir, burada onların birliyi və dostluğunu yüksək qiymətləndirir:
Dostların ağlı və ruhu birləşdi,
Düşmənlərin əli və dili qısaldı…
Hiyləgər düşmənlərin əlaqələri pozuldu.
Sədaqətli dostların peymanları bağlandı.
Ölkənin, xalqın birliyinin tarixi əhəmiyyətinin dərk edilməsi və tərənnümü ilə birlikdə onun həyata keçirilməsi yolları, siyasi liderin rolu və s. mühüm məsələlərin sürülməsi barədə fikir yürüdülməsi zəruridir. Təsadüfi deyil ki, dövrün siyasi liderləri içərisində Naxçıvanşah Əbu Duləf də xüsusi yer tutmuşdur. Əbu Duləfin şəxsiyyətinin əhəmiyyətini müəyyən etmək üçün qeyd etmək lazımdır ki, həyatının bəzi dövrlərini Naxçıvan və Gəncədə keçirmiş məşhur fars-tacik şairi Əbu Nəsr Əli İbn Əhməd Tusi (XI əsr) də Əbu Duləf haqqında əsərlər yazmışdır. O, “Kərşasbnamə”ni (457/1065- 1066) ona həsr etmişdir. Görünür Əbu Duləfin Əsədiyə münasibəti elə ibrətamiz olmuşdur ki, Nizami Gəncəvi Sultan Mahmud və Firdovsi ilə müqayisədə, məhz onu vəsf etməyi lazım bilmişdir. Böyük şair “Yeddi gözəl” poemasında yazmışdır:
Soltan Mahmud ilə şair Firdovsi
Andıdır nisbətdə Əqrəblə Qövsi.
Əsədi, Əbu Duləf bəxtiyar oldu.
Çünki taleləri güldü yar oldu.
Bu bir daha təsdiq edir ki, Əbu Duləfin şəxsiyyəti mühüm əhəmiyyətə malik olmuşdur. Bu da təbii ki, Naxçıvanın rolu və mövqeyi ilə də bağlı olmuşdur. Qətran Təbrizinin də dövrün digər görkəmli dövlət adamları ilə eyni zamanda, Əbu Duləfə də əsərlər həsr etməsi təsadüfi hesab edilə bilməz və janrın poetik məziyyələri ilə birgə, xeyli dərəcədə reallığı əks etdirdiyini söyləmək olar. Bu qəsidələrdən biri “Naxçıvan 119 qalasında düşmənə qələbə çaldığı zaman Əbu Dələfın mədhi (1, s. 84-85) (orijinaldakı kimi verilir İ.H.) adlanır. Orada deyilir:
Düşmənlərin bəlası şah Əbudələf,
Bədxahların şadlığmı əskildər, qəmini artırar.
Bəxşiş günü onun əlindən xəzinədə dirəm göz yaşı tökər.
Döyüş günü düşmənin dəbilqəsi qan ağlayar.
O qədər düşmən öldürdü ki, qılıncının bucaqları qırıldı.
O qədər düşmən tutdu ki, kəməndinin halqası sürtüldü…
Qəsidədə Naxçıvanın adının çəkilməsi də diqqətəlayiqdir. Burada Naxçıvanı ələ keçirmək istəyən qüvvələrdən və Əbu Duləlın onu müdafiə etməsindən bəhs olunur və burada da o, Naxçıvanın şahı kimi təqdim edilir:
Naxçıvana tamah etmişdi, oraya yaxınlaşdı, Həmişəlik olaraq oranı tərk etdi, Naxçıvanla vidalaşdı, Məni yola sal gedim, ey şah, çünki mənim burada qalmağımdan Mənə ziyan olar, sənə də bir mənfəət olmaz… Qətran Təbrizi “Əbudələfin mədhi” adlanan digər bir iri həcmli qəsidəsində (1, s. 119-123) bir sıra yeni məsələlərə toxunur. Ölkənin (Naxçıvanın – İ.H.) siyasi həyatı ilə eyni zamanda iqtisadi və sosial həyatına da toxunur: … Bu kamallı hökmdar, bu ədalətli şahənşah. Bu bəndəpərvər padşah Məlik Əbudələfdir…
Onun əməllərindən ölkə yüksəldi,
Onun işlərindən böyüklüyün şöhrəti artdı…
Qətran Təbrizinin bir qəsidəsinin adı isə daha konkretdir: “Naxçıvan şahı Əbudələfin mədhi”. Bu qəsidə də mədhnamənin tələblərilə birgə, yeni fikirlərə də təsadüf olunur. O, Əbu Duləf haqqında yazır:
Ey türk heykəlli mələk, ey mələk xasiyyətli türk!
Həm behiştin zinətisən, həm də Xəzərin bəzəyi.
Beləliklə, Qətran Təbrizinin Əbu Duləfə həsr edilmiş mədhiyyələrinin təhlili göstərir ki, şairin bu şəxsiyyətə
müraciəti təsadüfi olmamış, onun güclü və vahid dövlət aradılmasına dair baxışlarında Naxçıvanşah və onun hakimiyyətinə də böyük ümidlər olmuşdur.
Qətran Təbrizinin həyat və yaradıcılığını Azərbaycan dövlətçiliyinin tarixini öyrənmək üçün əhəmiyyətli edən məsələlərdən biri də ondan ibarətdir ki, o ölkə tarixində baş verən yeni bir döyüş dövrünün – Səlcuqlar dövrünün də şahidi olmuş, bu mühüm mərhələnin məna və mahiyyətini doğrudüzgün dəyərləndirmişdir. Əvvəla, şair “Azərbaycan hökmdarlarının səlcuqlarla birlikdə ümumi düşmənə qarşı vuruşunda çox vaxt səlcuq hökmdarlarını ad çəkmədən mədh etmişdir” (2, s. 325). İkinci, Qətran Təbrizi oğuzlardan bəhs edərkən oğuzları yalnız gəlmə hesab etmir, yerli oğuzlardan da bəhs edir. “Ərəb istilası dövründə qılınc gücünə tabe edilmiş yerli oğuzları XI yüzillikdə xilafətin gücdən düşməsi və ölkənin daha çox ərəb və fars soylu əmirlərin tərəfindən feodal dağınıqlığı şəraitində idarə edildiyini gördükdə özləri vətənlərinin sahibi, hökmdarı olmağın zamanı gəlib çatdığım duymuş, üsyanlar qaldıraraq siyasi hakimiyyəti ələ keçirməyə çalışmış və bunun uğrunda vuruşmuşlar. Bu həqiqət kənardan “Oğuz yürüşü” kimi qələmə vermək yanlışdır. Qətranın tarixi mənzumələri bu yanlışlığı ortadan qaldıran ən dəyərli tarixi ədəbi abidə kimi çox qiymətlidir. Qətranın tarixi mənzumələrindən istifadə edən tarixçi və ədəbiyyatşünaslardan heç biri bu qiymətli cəhəti görə bilməmişlər:
Sənin meylin oğuzlara tərəf olan zamanlar
Onlara heç bir xalqdan dəhşət və qorxu yox idi.
Artıq bir dəfəlik onlardan üzün döndü.
Onların özləri də özlərinə düşmən oldular…
Onların əmirləri və başçıları sənin hökmün olan halda
Ondan bir ovuc günahkar üsyançının nə qorxusu ola bilər?
Azərbaycanın Səlcuq imperiyası dövrünə aid belə bir baxış, bütövlükdə həmin dövr tarixinin, o cümlədən Azərbaycanın dövlətçilik tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malikdir. Səlcuq dövrü, xüsusilə imperiyanın zəifləməsindən sonra yaranan Atabəylər dövlətləri sistemində önəmli yer tutan Azərbaycan həyatının bütün səslərinə, bütün çağırışlarına cavab verən əsl şairdir. Qətran Təbrizi bizim klassik dəbiyyatımızda bir məktəbdir. Amma bu məktəbin özünün də məxsus olduğu daha böyük müqəddəs məktəbi var. Bu, Qətran Təbrizi milli poeziya məktəbimizdir.
Şair bədii yaradıcılığa 15-16 yaşlarından başlamışdır. Artıq 20 yaşında saraylara yol tapmağa nail olmuşdur.Qətran Təbrizinin fəaliyyətini dəyərləndirmək üçün onun yaşadığı XI yüzildə Azərbaycanın ictimai-siyasi mənzərəsini müxtəsər yada salmaq daha vacibdir. XI yüzilin əvəllərindən Azərbaycanda bir neçə dövlət müstəqil fəaliyyət göstərirdilər: Şirvanşahlar dövləti, Sacilər dövləti, Salarilər dövləti, Rəvvadilər dövləti, Şəddadilər dövləti. Bu dövlətləri əslində ərəb sülalələri idarə etsələr də, torpağın əsl sakinləri müxtəlif türk tayfalarından ibarət idi. Onların arasında yerli oğuzlar, qıpçaqlar, hun türkləri və başqa türk tayfaları çoxluq təşkil edirdi. Yüzilliyin əvvəlindən rusların, eləcə də ərmən və gürgülərin Azərbaycana qarşı tez-tez baş verən basqınları ölkənin dağıdılıb talan edilməsinə səbəb olurdu. Şimaldan axıb gələn həmin xristian təriqətli xalqları birləşdirir, onların qarşısını almaq mümkün olmurdu.
Türksoylu xalqlara hakimlik edən ərəb sülalələri – Təbriz, Gəncə, Naxçıvan, Şirvan hakimləri bir-biri ilə bəzən münasibət qursalar da, bu münasibətlər müxtəlif səbəblərdən tezliklə pozulur, münaqişəyə və nəhayət, müharibəyə də səbəb olurdu. Belə məqamlarda artıq dövlətlər arasında tanınmış və nüfuz qazanmış Qətran Təbrizi çox az hallarda diplomatik missiyanı da yerinə yetirir, hətta baş verən münaqişə və müharibənin bilavasitə iştirakçısı olur, eyni zamanda baş verən olayların təfərrüatlarını nəzmə çəkirdi. Qətranın saraylara ayaq açıb tez-tez gedib-gəlməsi, həm də bu dövlətlər arasında diplomatik əlaqəni genişləndirmək, əmin-amanlıq yaratmaq, müharibələrin qarşısını almaq, daha çox dövrün tələb etdiyi elmlərə rəvac vermək məqsədi güdürdü. Qətranşünasların araşdırmalarına görə Qətranın
Təbriz və Gəncə saraylarında nüfuzu yüksək olmuş, xüsusi hörmət qazanmış, lakin sonralar saraylardan uzaqlaşmış, ona verilən çox kiçik bir kəndə çəkilmiş, yoxsul həyat keçirmişdir. Qeyd edək ki, yüzilliyin 30-cu illərindən başlayaraq Azərbaycana Səlcuq-Oğuz axını başladı. Oğuzlara qarşı müqavimət göstərilsə də, yerli oğuzlarla gəlmə oğuzların dil birliyi və qaynayıb-qarışmaları, xarici basqınların qarşısını aldı və hətta bütün yaxın Şərqi – İranı, İraqı, Azərbaycanı vahid bir dövlətdə birləşdirib imperiya yaratdı. Hətta Abbasilər xəlifəsi də onun tabeliyinə keçdi. Sonralar da, Oğuz-Səlcuq yürüşü davam edib böyük Səlcuq imperatorluğuna çevrildi. Artıq Azərbaycanda fəaliyyət göstərən Rəvvadilər, Şəddadilər, Şirvanşahlar dövlətləri Alp Arslan imperiyasına birləşdi. Bununla da Azərbaycana qarşı şimal basqınlarına son qoyuldu. Həmin illərdə Qətran Təbrizi yaradıcılıq fəaliyyətini davam etdirir, Azərbaycanda baş verən bu olayları yazıya alır, nəzmə çəkir, bu tarixi missiyanı da yerinə yetirirdi. Məqamında xatırladaq ki, elə Azər-türkçülük bu yüzildə təşəkkül tapdı.
Qətran Təbrizinin kimliyi, şəxsiyyəti, həyatı, ədəbi irsi, yaşadığı ictimai-siyasi mühit, özünün saraylara və bu mühitə münasibəti haqqında çox yazılıb. Bu yazılarda bir-birini təsdiqləyən və ya inkar edən fikirlər də çox olubdur. Məqsədimiz min il bundan əvvəl doğulub, dövründə böyük nüfuz qazanmış və hətta məktəb yaratmış bu əzəmi şairini minilliyi münasibətilə xatırlamaq, müasir ədəbi fikri bu istiqamətə yönəlməkdir. Şairin yaradıcılığı min ildən bəri bütün mənbələrdə adı xatırlanır və dəyərləndirilir. Özünün müasiri Nasir Xosrov Ələvi səyahət zamanı Təbrizdə Qətranla görüşünü xatırlayıb yazır: “Təbrizdə Qətran adlı bir şairi gördüm ki, yaxşı şeir yazırdı. Ancaq fars dilini yaxşıbilmirdi. Mənim yanıma gəlib “Mencik” və “Dəqiqi” divanlarını gətirdi və oxudu. Ona çətin olan sözlərin mənasını soruşdu, söylədim, izahlarını yazdı. Öz şeirlərini də, mənim üçün oxudu”.
Elə buradan aydın olur ki, Qətran Təbrizi türk imiş. Şeirlərində onlarla Azər-türk sözləri, xalq zərb-məsəlləri işlətmişdir. Əbivərdi Ənvəri seçib tərtib etdiyi kitabında yazır: “Şairlərin fəsihi, fəsihlərin yaxşısı, gözəl natiqlərin kamili Əbumənsur Qətran çili Azərbaycani-nin şeirləri” əsərdə şairin adı və haralı olduğu dəqiqləşdirilmişdir. Rəşidəddin Vətvat isə (1088-1182) onu “Həkim Qətran” adlandırıb demişdir: “Mən öz həyatımda ancaq həkim Qətranı əsas şair kimi tanıyıram, yerdə qalanlar, ümumiyyətlə, elm yox, təb-şeir sahibləridirlər”.
Professor Q.Beqdelinin tədqiqində deyildiyi kimi, Dövlətşah Qətranini ədəbi bir məktəbin banisi hesab edir. Qətranı şeir elminin ustadı sayır, “Qövsnamə” və ya“Quşnamə!” adlı əsəri olduğunu yazır. Rzaquluxan Hidayət (1800-1872) “Məcməül füsəha” əsərində Qətran haqqında daha geniş məlumat verir: “Həkim Qətran qüdrətli bir şair, məharətli bir ustaddır. Təbi fərqədeyinin (ən yüksək ulduzlar) fövqündə duran, təfəkkür gəlini, gözləri işıqlandırandır. Mənim zənnimcə, məşhur şairlərin heç birindən əskik olmamışdır”. Qətranın yaradıcılığına İran tarixşünaslığında daha dəyərli məlumatı Səid Nəfisi vermişdir. O, Qətranın Təbrizdən olduğunu dəlillərlə təsdiq edir, Rudəki ilə Qətranın şeirlərinin qarışıq salındığına aydınlıq gətirir və Rudəki divanı adlı şeirlərin Qətranın olduğunu dəlillərlə təsdiq edir və yazır: “Bu şübhəsizdir ki, Qətran azərbaycanlı və aranlı olmuşdur… Bütün qəsidələri Azərbaycan və Arran hökmdarlarının mədhindədir. Öz şeirlərində Azərbaycan, Təbriz, Gəncə, Ərdəbil o diyarın başqa-başqa yerlərinin adlarını tez-tez
çəkmişdir”. Səid Nəfisi təsdiq edir ki, Qətran uzun müddət – 45 il Azərbaycan və Arran hökmdarları sarayında yaşayıbyaratmışdır. Onların bütün sülalələrinin və qoşun sərkərdələrinin adlarını çəkmişdir.
Q.Beqdeli yazır ki, Azərbaycan alimi və tarixçisi Seyid Əhməd Kəsrəvi üç cilddən ibarət olan “Şəhriyaranikomnam” əsərinin müəyyən hissəsini Qətran Təbrizi divanının əsasında tərtib etmişdir. Orada bir çox Azərbaycan şəxsiyyətlərinin həyatını müəyyənləşdirmişdir. Qətran Təbrizinin “Divan” ını ilk dəfə çap etdirən Azərbaycan alimi və tədqiqatçısı Məhəmməd Əli Naxçivanidir. M.Naxçivani “Divan” a yazdığı ön sözdə Qətranın həyat və yaradıcılığı haqqında zəngin elmi məlumat verir. Əlbəttə, müəllifin qeyd etdiyi kimi, divanda bütün əsərləri əhatə olunmamışdır. Azərbaycan tədqiqatçıları Qətranın şeirlərindən bəhs edərkən onun Azərbaycan dilinin ifadə formalarından, xüsusən atalar sözlərindən, xalq deyimlərindən, hətta xalq sözlərindən dönə-dönə istifadə etmişlər. Q.Beqdeli 1963-cü ildə Qətranın divanını çox ustalıqla Azərbaycan dilinə çevirmiş, geniş müqəddimə yazmışdır. Müqəddimədə Qətran haqqında araşdırmaçıların demək olar ki, hamısına diqqət yetirmiş, münasibət bildirmiş, müqayisələr aparmış, həqiqəti ortaya çıxarmağa çalışmışdır. Beqdeli həm də Qətranın divanında işlətdiyi Azərbaycan sözlərinə və xalq zərb-məsəllərin, işlətdiyi ifadələrə xüsusi diqqət yetirmişdir. Q.Beqdeli Divanın müqəddiməsində onlarla belə misallar göstərmişdir:
Tək başına hakim (qazı) yanına gedən şad qayıdar. Qapıdan qovub, bacadan çağırar. Min belə bayram görsən, ip gəlib həmişə doğanaqdan keçər. Örkən nə qədər uzun olarsa, yenə gəlib
doğanaqdan keçər. Ömrü boyu kimsəni ilan çalsa, daima alaçası onun gözlərinə ilan görünər.
Günəşi palçıqla suvarmaq olarmı?
Cidanı çuvalda gizlətmək olmaz.
Yaxşılıq edib Ceyhuna afsanda bar verəcək.
Sən yaxşılıq edib dənizə at, balıq bilməsə, xalıq bilər.
Zülm edən hər kəsə zülm yetər.
Zülm ilə abad olan axırı viran olar.
Sən birdəfəlik mənim gözümdən düşdün.
Qətranın əsərlərində eləcə də, şəhər və yer adları – Arran, Abxaz, Muğan, Xorasan, Xuzistan, Təbriz, Sarab, Şirvan, Gəncə, Şəki, Ərdəbil, Xalxal, Naxçıvan, Zəngan, İsfahan, Bağdad, Buxara, Bəlx, Xarəzm, Səmərqənd, Kəşmir, Kərbəla, Məkkə, Yəmən; ölkələrdən: Azərbaycan, İran, Yunan, Rum, Misir, Ərəbistan, Hindistan, Türküstan, Çin, Tibet və s., eləcə də dağ, bağ, çay, qala, kənd, şəhər, vilayət və s. yerləri əsərlərində işlədir. Akademik Həmid Araslı üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” ndə (1960) Qətran Təbrizidən xüsusi bəhs etmiş, onun ədəbi məktəbindən söhbət açıb yaradıcılığını yüksək dəyərləndirmişdir. Qətran Təbrizi haqqında ardıcıl araşdırma aparan müəlliflərdən biri Firuz Sadıqzadə olmuşdur. F.Sadıqzadə ayrı-ayrı məqalələrində Qətranın lirik şair kimi şeirlərindən, tarixi mənzumələrindən bəhs etmiş, onları Firdovsinin “Şahnamə” sindəki qəhrəmanlarla müqayisə etmişdir. F.Sadıqzadə həmçinin Oğuz-Səlcuq yürüşləri ilə Dədə Qorqud dastanları arasındakı oxşarlıqlara diqqət yetirmiş, maraqlı fikirləri söyləmişdir.
F.Sadıqzadənin vəfatından sonra yarımçıq qalmış işini qızı Nigar davam etdirmiş, “Qətran Təbrizinin tarixi mənzumələri” mövzusunda dissertasiya işi yazıb müdafiə etmişdir.
Qətran Təbrizi haqqında son və mükəmməl elmi araşdırmasını X.Hüseynov “Azərbaycan ədəbiyyatı tarixi” nin ikinci cildində çap etdirmişdir. Bu dəyərli tarixi oçerk də ilk dəfə olaraq yerli türk-oğuz tayfaları ilə Oğuz-Səlcuq axını arasındakı münasibətləri doğru qiymətləndirmişdir. Bu birləşmə Azərbaycan xalqının gələcək taleyində həlledici rol oynamışdır. Biz bu muxtəsər yazıda ulu sənətkarın min il bundan öncədoğulub, tarixin keşməkeşli yollarından keçib Azərbaycan və Şərq ədəbiyyatı və ictimai düşüncəsinə yeni fikirlər aşılayan Qətran Təbrizini yada salmaq istədik!
AYNUR TURAN
SUBYEKT.AZ