Bu gün Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın anadan olmasının 100 ili tamam olur.
Vəcihə Səmədova 1924-cü ildə Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir. Vəcihə Səmədovanın ilk qrup portret əsəri “Azərbaycan bəstəkarları” adlı diplom işi olub. Rəssamın yaradıcılığında Azərbaycan qadınlarına həsr etdiyi portretlər xüsusi yer tutur. Bu silsiləyə müəllifin “Avtoportret”ləri başçılıq edir. “Pambıqçı”, “Pambıqçı qız”, “Qırmızı geyimli qız”, “İmtahandan öncə” (tələbə qız təsvir olunub), “Lənkəran qızları”, “Kitab oxuyan qız” və s. bu qəbildən olan əsərlərdir. Azərbaycanın ilk peşəkar rəngkar qadını olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilib. Vəcihə Səmədova Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb. Rəssam 1965-ci ildə vəfat edib.
Subyekt.az