Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.
Bilirik ki, keçən əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biri olan ikinci dünya müharibəsi, 1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə təkcə öz ölkələri üçün deyil bütün bəşəriyyət üçün daha böyük təhlükəyə çevrilmişdir. 1941-1945-ci illərdə başlanan ikinci dünya müharibəsinin qələbə ilə bitməsində bu gün fəxrlə deyə bilərik ki, xalqımızın, Bakı neftinin xüsusi rolu vardır. İlk dövrlərində düşmənin xeyrinə olan müharibədə Almaniya qəfildən sovet ordusuna hücum edərək onun 1.5 milyon canlı qüvvəsini əsir götürüb, xeyli texnikasını sıradan çıxartmışdı. Çətinliklə üzləşən sovet ölkələri isə bu məqamda “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi altında bütün güclərini birləşdirərək sonda qələbəyə nail olurlar. Burada Azərbaycan da sovet ölkəsi kimi demək olar ki, bütün sahələrdə xüsusilə neftini cəbhədən əsirgəmir. Xalqımız döyüşən orduya ardı-arası kəsilməyən yanacaq, silah, döyüş sursatı, paltar və ərzaq göndərir. Hətta 600 mindən çox canlı qüvvə ilə də döyüşdə iştirak edir. Bu döyüşçülərdən H. Aslanov, M.Hüseynzadə, Ə.Cəbrayılov və başqa azərbaycanlı qəhrəmanların müharibədəki qəhrəmanlığı barədə nəinki ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda belə kifayət qədər məlumatlar var. Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov Böyük Vətən müharibəsində Fransa müqavimət hərəkatında iştirak etmiş Azərbaycanlı qəhrəmanlardan biri olmuşdur. O, döyüşlərdə “Armed”, Mişel”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşərək Fransanın yüksək mükafatları və orden-medalları ilə təltif olunmuşdur.
Əfsanələşən partizan ömrü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın bu igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi haqqında ötən il avqustun 11-də xüsusi Sərəncam imzalamışdır. Sərəncamda əfsanəvi qəhrəmanın yubileyinin geniş şəkildə qeyd edilməsi haqqında prezident tərəfindən nazirliklərə tapşırıq verilir.
Həmçinin sərəncamda bildirilir ki, Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu mayor Mikayıl Cəbrayılovun da atası kimi Azərbaycanın ilk Milli qəhrəmanlarından biri olduğu bildirilir. Sərəncamda qeyd edilir ki, xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Ə. Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.
Qeyd etdik ki, sərəncama əsasən, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Ə. Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi məqsədilə əfsanəvi partizanın yubileyinə dair bir sıra tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bir mədəniyyət müəssisəsi olaraq bu cəsur qəhrəmanın 100 illik yubileyi münasibətilə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında da bir sıra yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Hazırladığımız bu metodik vəsaitdə keçirilməsi nəzərdə tutulan tədbirləri əhatə edir. Vəsait onun həm həyatını, keçdiyi döyüş yolunda göstərdiyi cəsurluğunun təbliğatı üçün bir tövsiyə xarakterlidir. Burada keçirilməsi nəzərdə tutulan bir çox tədbir formaları verilmişdir. Bunlardan əfsanəvi qəhrəman haqqında məlumatların yer aldığı kitabların sərgiləri, video çarxlar, bukletlər, xatirə gecəsi, sual-cavab və viktorinalar keçirilməsi verilib. Vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuşdur.
Həyatı və müharibədə iştirakı
Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olmuşdur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirib və növbəti illər də Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləmişdir. 1940-cı ildə Kommunist Partiyasına daxil olan Əhmədiyyə təhsil aldıqdan sonra Böyük Vətən müharibəsi illərində könüllü cəbhəyə yollanmışdır.
Könüllü olaraq cəbhəyə yollanan qəhrəman Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçdikdən sonra döyüşlərə qatılmışdır. Bir neçə ay davam edən kursları bitirdikdən sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunmuşdur.
1942-ci ilin aprelində Ukraynanın şəhərinə göndərilmiş və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunmuşdur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-
Lozovaya-İzyum rayonu ətrafında gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə uğur qazanan döyüşçü burada Baş leytenant rütbəsinə layiq görülmüşdür.
Əsirlik müddəti
Döyüşlərinin birində 1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulduğundan o 350-ci polk çayının sahilində, İzyum çayının yaxınlığından ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Uzaq olduğundan bir düşərgədən başqa düşərgəyə çatmaq onun üçün 3 ay çəkir, hər gün piyada təxminən 60 km yol gedəsi olur.
O, 1943-cü ildə Daxau həbs düşərgəsinə aparılan Əhmədiyyə burdan qaçmağa cəhd etsə də cəhdi baş tutmur. Almanlar onu yenidən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərirlər. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur və vəziyyəti pis olur.
1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün Əhmədiyyəni tabutda gizlədib xilas etmək üçün Jannanın evindəki zirzəmiyə gətirirlər. Bir neçə müddətdən sonra burada göstərilən qulluqdan sağalan Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Bunun üçün fransız dilini öyrənərək “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və s. ləqəbləri ilə gizli fəaliyyət göstərir. Onu axtaran işğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin edir. Lakin qisas almağı qarşısına məqsəd qoyan Əhmədiyyə Cəbrayılov Müqavimət hərəkatı zamanı 1944-cü il 22 mayda əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçir. Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.
20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll
Əhmədiyyə Cəbrayılov ilə görüşür. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və
Elzasdakı döyüşlərdə iştirak edir.
1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə alır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunur. Burada alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verir. O, şəhərdə körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları məhv edilir. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi ona xüsusi tapança hədiyyə edir.
O, Fransada bir qrup partizanlarla birgə martın 16-da 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasda gedən döyüşlərə qatılır.
1946-cı ildə Əhmədiyyə qəti qərara gələrək vətəninə qayıtmaq istəyir. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və onu ölkəsinin medal və ordenlərilə təltif edir, o cümlədən şəxsi igidliyə görə sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verən “hərbi medal” ı ilə təltif edir. 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Amma burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.
1947-ci ildə Sürəyya xanımla ailə həyatı qurur, 1948-1962–ci illərdə onların bu nigahdan 7 övladları dünyaya gəlir. 1964-cü ildə Əhmədiyyə Gəncədə Kirovabad Kənd Təsərrüfatı
İnstitutunda yarımçıq qoyduğu təhsilini davam etdirir. 1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirir və onu Moskvaya çağrırlar. Araşdırmalardan sonra 1968-ci ildə Sovet hökuməti tərəfindən verilən “vətən xaini” adı onun üstündən götürülərək ona bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurub Şəkinin Nərimanov adına kolxozunda baş aqronom işləyir. 1971-ci ildə isə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.
1972-1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilən qəhrəman yenidən Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur. Burada keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfərində Fransa Senatında senator Jak Düklo ilə görüşür və ona bu görüşdən xatirə medalı təqdim edilir. 1976-cı ildə isə müharibədəki iştirakına görə qəhrəman “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur.
1977-ci ildə isə Tarn və Qaronda keçən Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov Fransanın 5 mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal.
1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün də onu Parisə dəvət edirlər.
1994-cü ilin 6 yanvarda isə Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.
Xarqo yenidən düşərgə həyatına qayıtdı və yoldaşları kimi, düşərgədən kənarda işlərə cəlb olundu. Çox ehtimal ki, Valrua şaxtalarında işləmişdi. Onun bir çox yoldaşı ağır iş şəraiti səbəbindən orada öz həyatını itirmişdi. Həmin yerin lap yaxınlığındakı məzarlıqda çoxlu əsirlər yatır. 1964-cü ildə Valruada çəkilmiş sənədli filmdə görürük ki, Əhməd Cəbrayılov ölkəsindən gətirdiyi dirəklə yoldaşlarının məzarlarını axtarır. 1943-cü ilin sonunda onun da olduğu bir konvoy Rodezdəki kazarmaya göndərilir. Məhz orada o, Fransa müqavimət hərəkatı ilə əlaqəyə girməyə çalışır və çox ehtimal ki, həmin vaxt azərbaycanlı olmayan bir yoldaşla görüşür. Özünün dediyinə görə, müqavimət hərəkatının üzvlərindən fransızlarla, bir çexlə, bir polyakla, bir rusla əlaqə yaradır. Araşdırmalara əsasən, həmin rusun Qriqori Rumanyuk olduğunu söyləmək olar. Onun dediklərinə görə, onlar kiçik bir kilsədə toplaşırdılar. Müharibədən sonra – 1999-cu ildə cəbhə yoldaşlarıyla görüşdə belə məlum oldu ki, Rodezdə yerləşən kafelər, barlar müqavimət hərəkatına dəstək verib və həmin məkanlardan gizli toplantı yerləri kimi istifadə olunub. Bonafu, Diet və Kabriolun fikirlərini nəzərə alsaq, Rodezdəki Fransa müqavimət hərəkatında azərbaycanlılar təşkilati fəaliyyət göstərib və orada
Lot departamentinin partizanlarının məsul nümayəndələri olublar. Əhməd, Besi adlı şəxsdən söhbət açır. Üstündən bu qədər vaxt keçəndən sonra həmin kazarmada azərbaycanlılarla bağlı baş verən ozamankı hadisələri anlamaq istəyirdik. Əhməd Mişel bunu bilirdi və bizə izah etməyə çalışırdı. Biz həmin dövrə kifayət qədər əhəmiyyət verməmişdik. Şahidlər təsdiqləyirlər ki, gestapo və SS üzvləri sayıq və amansız idilər. Kazarmada hər gün avtomat səsləri eşidilirdi. Nasistlərin kremasiya sobaları var idi. Bu səbəbdən də Rodez məzarlığında dəfn edilənlərin sayı ölənlərin sayından azdır.
Arxivlərdə belə bir rəsmi məlumat var ki, azərbaycanlıları daşıyan yük maşını güllələnmə məqsədilə Müqəddəs Radeqond səngərinə yola düşür. Yolda onlar müqavimət göstərirlər və yeddi nəfər qaçmağa nail olur. Bunu əminliklə demək olar ki, nasistlər Aveyron departamentində xeyli azərbaycanlı öldürmüşdü.
Əhməd Mişel Cəbrayılov Rodezdə baş verənlər haqqında çox şey bilirdi. O, bu barədə öz xatirələrində yazmışdı. Sənədli film çəkilişi üçün Fransaya səfəri zamanı onu anlaya bilmirdik. O, yaşadığı bu faciəni həyat yoldaşıma və mənə izah etməyə çalışırdı. Əhməd bizi birinci xiyabandan sol tərəfdə yerləşən məzarlığa apardı, orada böyük bir çəmənlik yerləşirdi. O, xanımımla birgə məzarlığın çıxışına qayıtdı və yola çıxıb məzarlığı fırlanaraq, buradan necə qaçdığını əyani göstərdi. Sonra Əhməd Montoban xəstəxanasına köçürüldü və burada onu müalicə etdilər. Bu ərəfədə də dediklərini yoxladıq, hamısı doğru idi. Montobana səfərim zamanı, bizi Eli küçəsinə apardı və uzun müddət bir məkanı axtardı. O nə axtarırdı? Bəlkə, bir yeri, bir adamı, bəlkə də, hər ikisini. İşğal zamanı həmin küçədə həbsxana apteki yerləşirdi. Bəlkə, o, haqqında çox danışdığı xanım Janna ilə burada tanış olub? Ola bilər, çünki bu ad o dövrün Montoban xəstəxanasının arxivlərində yoxdur. Ancaq mənə elə gəlir ki, qadınla arasında sadəcə dostluq münasibətləri yaranmışdı və onun vasitəçiliyi ilə şəbəkəmizlə əlaqəyə girmişdi. Həmin qadın Əhmədə yardım etdi və o, başqa şəhərə getdi. Sonra kapitan Delplankın sərəncamına keçdi. Kapitan Delplank 1944-cu il mayın 22-də onu Kaberta partizan dəstəsinə aparır. Xarqo bir müddət İspaniya respublikaçılarının yaratdığı qrupun, sonra isə Frakas qrupunun tərkibində fəaliyyət göstərir. 1944-cü il iyunun 20-də nasistlər dəstəmizə hücum etdilər.
Partizanlar müstəqil qruplara bölünmək məcburiyyətində qaldı, yalnız Montoban şəhərini azad edən zaman birgə fəaliyyətə keçdik.
Montoban azad ediləndən sonra birlikdə olduq, düşməni Albiyə, sonra isə Tuluzaya qədər təqib etdik. Tuluzanın ətrafında mövqe tutduq. Tarn və Aveyron departamentlərindən də əlavə qüvvələr göndərildi. Bu zaman bir qrup sovet əsgəri olduğumuz yerə gəldi. Gələnlərin Aveyron, yoxsa Tarn partizanları olduqlarını deyə bilmərəm. Onlar artıq yanımızda olan sovet əsgərləri Əhməd Mişel, Qriqori Konovalçuk, Vasili Baçinski ilə söhbət edirdilər. Bizimlə birgə vuruşmaq istədiklərini bildirdilər. Zabitlərimiz dedilər ki, bu, mümkün deyil, öz qruplarına qayıtmalıdırlar. Yalnız onlardan biri, Vasili Liçinski bizimlə qaldı. Onun qalmasını Əhməd təkid etmişdi, çünki bir-birlərini tanıyırdılar. Görünür, Rodez əsirliyindən tanış idilər. Nəzərə almaq lazımdır ki, Rodezdə əsirlər arasında xeyli Tarn və Aveyron partizanları var idi. Onların sırasına fərdi şəkildə və ya qiyamdan istifadə edərək həbsdən qaça bilmiş sovet əsgərləri qoşulmuşdu. Partizanların çoxunu nasistlər ələ keçirmiş və güllələmişdilər. Regionumuz azad edildikdən sonra ölkəmizin nasistlərdən təmizlənməsinə başlandı. Bu məqsədlə üzərimizə könüllü öhdəlik götürdük və Montobandan üçüncü süvari alayının eskadron qrupuna keçdik. Həmin qrup Tuluza briqadasının tərkibinə daxil idi. 1-ci fransız ordusunun tərkibinə daxil olan 3-cü Əlcəzair piyada diviziyası ilə birgə Fransanın cənub-qərbindən ölkənin şərqinə doğru irəlilədik və bizə həvalə olunan bütün missiyalarda iştirak etdik. Əmrləri hər an yerinə yetirməyə hazır olan Əhməd Mişel Cəbrayılov həmişə əsgərlərə ruh verirdi və bizimlə birgə olan sovet əsgərlərindən ibarət qrupun lideri idi. Əhməd Voj departamentində yüngül yaralandı və alayın tibb məntəqəsində müalicə olundu.
Təəssüf ki, həmin əcnəbi döyüşçülərin fədakarlığı kifayət qədər qiymətləndirilmədi. Yoldaş Xarqo Fransız ordusuna könüllü daxil olan, müqavimət hərəkatında könüllü iştirak edən döyüşçü idi.
Onun dediyinə görə, hərbi xaça layiq görülmüşdü. Lakin burada eskadronumuzun və general Latr de Tasinyinin təltif etdiyi hərbi xaçdan söhbət gedir və Əhməd də eskadronun tərkibinə daxil idi. Moskvadakı araşdırmalarıma əsasən və mənə dediyinə görə, general Şarl de Qoll Moskvaya səfəri zamanı onu heç bir mükafatla təltif etməyib.
Ancaq general Şarl de Qollun Moskvaya səfəri zamanı mərasimdə SSRİ-nin müxtəlif respublikalarından olan döyüşçülər iştirak ediblər. Azərbaycandakı yoldaşımız, qardaşımız Əhməd Mişel (Xarqo) barədə çox yazılıb. Onun haqqında yazmaq mənim vicdan borcumdur. Əhmədin müharibə dövründə yaşadığı illər söylənildiyindən də ağır keçib.
Araşdırmalarımızda onun bütün iztirablarını göstərə bilməmişik. Qardaşımız Əhməd Mişelin vəfatından altı il keçib. Əhmədin böyüklüyünü zamanla daha çox anlayacağıq. Onun keçmişini araşdırarkən aydın olur ki, fransız ordusunda yüksək səviyyəli əsgər olan Əhməd öz ölkəsi Azərbaycanın fəxri idi.
Qələbədən sonra da Xarqo müharibəni, yaddaş müharibəsini davam etdirirdi. O, Fransa torpağında dəfn olunan azərbaycanlılar, həmçinin nasistlərə qarşı birgə döyüşdüyü fransızlar barədə araşdırmalar aparmışdı. Montobanda sənədli film çəkilən zaman o, Bordoya getdiyini söyləmişdi. Bu, bizə qəribə göründü, çünki müqavimət hərəkatı dövründə Bordo bölgəmizə daxil deyildi. Məhz indi öyrənə bildim ki, o, azərbaycanlılar haqqında araşdırmalar aparan Düpüi ilə əlaqə yaratmağa çalışıb. Düpüi artıq uzun illərdir ki, vəfat edib və Bakı ilə əlaqələri də keçmişdə qalıb. Bakıda bu sahədə araşdırmalar bərpa oluna bilər. Azadlıqsevər, faşizmə qarşı vuruşmaq üçün öz həyatları bahasına Fransa müqavimət hərəkatına qoşulmuş Əhməd Mişel, Ömər, Vasili və başqalarının sayı nə qədərdir.
Bu bir neçə səhifədə qardaşımız Xarqonun keçmişinə işıq salmağa çalışdım. Gələcək nəsillər üçün yazdıqlarım həyatda güclü, cəsarətli olmağa sövq edən ilham qaynağı olacaq. Bu, həm də qardaşımız Əhməd Mişelin xatirəsinə ehtiramımın ifadəsidir.
…Əhmədiyyə Cəbrayılovla görüş: Həmin görüş barədə hazırladığım məruzədə, həmçinin onun olduğu müxtəlif həbs düşərgələri ilə bağlı araşdırmaların əks olunduğu hesabatda ətraflı məlumat vermişəm. Armed Cəbrayılov kim idi?
Mənim – bir fransız zabitinin əmrlərini yerinə yetirən Qızıl
Ordu döyüşçüsü qardaşım Əhməd haqqında danışmaq mənim üçün çətindir. O, partizanların sırasına daxil olandan həmişə mənim tabeliyimdə olub. O, sovet əsgəri, mən isə buraxılmış ordunun kommunist zabiti idim. Bütün bu hərəkat general Şarl de Qollun ətrafındakı şəxslərin yaratdığı təşkilatla gizli əməkdaşlıq şəraitində formalaşmışdı. Silahların çatdırılması paraşütlər vasitəsilə həyata keçirilirdi.
Lakin etiraf etmək lazımdır ki, partizanlardan ibarət FTPF kommunist təşkilatının üzvlərinin fəaliyyəti çox vaxt unudulur.
Amma işğalçılarla, həmçinin faşistlərlə əməkdaşlıq edənlərə polis dəstələrinə qarşı məhz onlar daha səmərəli mübarizə aparıblar.
Əməliyyat barədə əmrləri bizə Londondan – general Şarl de
Qolldan gəlirdi. Fransadakı siyasi partiyalar general Şarl de Qollun əmrləri əsasında müqavimət hərəkatının praktik təşkilini həyata keçirirdilər. İşğalçılara və Petenin faşist hökumətinə qarşı daha səmərəli fəaliyyət göstərmək məqsədilə, müqavimət hərəkatının bütün qüvvələrini birləşdirmək üçün general Şarl de Qoll Jan Muleni Fransaya göndərmişdi. Onu da qeyd etmək lazımdır ki, müqavimət hərəkatının bir hissəsi mülki əhalidən təşkil olunmuşdu. Unutmaq lazım deyil ki, daim ölümlə üz-üzə idik, lakin bu bizi qorxutmurdu… Bütün bu çətinliklərə baxmayaraq, üzərimizə düşən missiyanı həyata keçirə bildik.
Qəhrəmanın oğlu Mikayıl Cəbrayılovda polis orqanlarında çalışıb və 1990-cı illərdə ermənilərin Azərbaycanlılara qarşı etdikləri basqınların qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Ölümündən
sonra 1992-ci ildə isə mayor Mikayıl Cəbrayılov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qeyd edək ki, Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov və oğlu Mikayıl Cəbrayılovun xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra işlər görülüb. Şəki şəhərində qəhrəmanın adına küçə var.
Doğulduğu Oxud kəndində isə ümumi orta məktəb onun adını daşıyır. Vaxtilə Şəki şəhərində yaşadığı evdə ailə üzvlərinin təşəbbüsü ilə yaradılan xatirə muzeyi fəaliyyət göstərir. Bundan əlavə, rayonun Oxud, Baltalı, Baş Göynük, Baş Layıqsı, Kiş, İbrahimkənd, Aşağı Göynük və daha bir neçə kəndə də qəhrəmanın adına küçələr var. Ev-muzeyi qəhrəmanın ailə üzvlərinin təşəbbüsü ilə 1995-ci ildə yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Hazırda 4 otaqdan ibarət olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yollarından bəhs edən 126 sənəd, 4500 foto, 10 mindən çox məktub, haqqında məqalələr dərc edilmiş 996 qəzet və 42 jurnal, 40 kitab və çoxlu sayda digər eksponatlar nümayiş etdirilir. Ev muzeyin yaradıcısı, əfsanəvi partizanın oğlu Cavanşir Cəbrayılovun dediklərinə görə, İkinci Dünya müharibəsi illərində Cəbrayılovlar ailəsindən 5 nəfər cəbhəyə yollansada onlardan ancaq ikisi cəbhədən sağ qayıda bilib.
Əhmədiyyə Cəbrayılov haqqında deyilmiş fikirlər:
“Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim ” .
Şarl de Qoll
Fransız generalı və siyasətçisi, ikinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatının rəhbəri.
Atalar yaxşı deyib: “Ot kökü üstə bitər”. Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl da hələ uşaq vaxtlarından atası kimi qəhrəman olmağı arzulayırdı. Polis orqanlarında işləyən Mikayılın arzuladığı kimi də olur. 1990-cı il dekabrın 12-də baş leytenant Mikayıl Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə birgə Qarabağa ezam olunur.
Onlar Xocalı rayonu, Cəmilli kəndinin müdafiəsində iştirak etməli olurlar. Bu dəstəyə Mikayıl başçılıq edir. Polis əməkdaşları əvvəlcə Ağdama gəlib orada müvafiq tapşırıq aldıqdan sonra Cəmilli kəndinə getmək üçün Şuşaya yola düşürlər. Yolda erməni quldurları tərəfindən bir neçə dəfə hücuma məruz qalırlar. Lakin təhlükədən ötüşürlər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək məqsədilə Kosalar kəndinə yola düşür. Onunla birlikdə 15 nəfər də gedir.
Cəmilli-Kosalar arasında ermənilər qəflətən onlara hücuma keçir. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra da Mikayıl Cəbrayılov çiynindən yaralanır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün quldurlarla ölüm-dirim savaşına girir. Özünü maşının altına verərək, avtomatı sinəsinə sıxıb düşmənə cavab atəşi açmaqda davam edir.
Kənd sakinləri ərazini tərk etsə də düşmən baş leytenantı mühasirəyə almışdı. Məğlubedilməz qəhrəman artıq son güllələrini istifadə edirdi. Lakin o, yoldaşlarını xilas edə bilsə də, özünü xilas edə bilmir. Atılan güllələrdən biri onun sinəsinə tuşlanır. O, Vətən, xalq yolunda qəhrəmancasına həlak olur.
Dövlətimiz xalqımızın qəhrəmanlıq tarixində yeri olanlara həmişə xüsusi diqqət yetirmişdir. Azərbaycan
Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Mikayıl Cəbrayılova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əhmədiyyə Cəbrayılov da dövlətimiz tərəfindən həmişə xüsusi diqqətdə saxlanılmışdır. Avqustun 11-də ölkə Prezidenti cənab İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.
Fransada yaşayan həmyerlimiz- kinorejissor və yazıçı Şain Sinarian qəhrəmanın taleyindən bəhs edən “Bir ömür iki tale” adlı kitabıda çox maraqlıdır.
Kitab “Teas PRESS” nəşriyyatında çap olunmuşdur.
Partizanın qızı Raya Əliyeva atasının xatirəsinin yaşadıldığına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək çıxışlarının birində belə demişdir: “Fəxr edirəm ki, əfsanəvi qəhrəmanın qızı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun bacısıyam. Həmçinin fəxr edirəm ki, atamın, qardaşımın yolu ilə getmək, Vətənimizin keşiyində dayanmaq üçün hər an canından keçməyə hazır olan 3 əsgər böyütmüşəm. İki qəhrəmanın övladı və bacısı olmaq mənim üçün çox böyük şərəfdir. Belə ucalıq hər övlada nəsib olmur”.
Subyekt.az