
Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır. Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbayacan yaşayır və onun yolu ilə inkişaf edir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Çünki, Azərbaycanda elə bir sahə yoxdur ki, Heydər Əliyevin o sahədə misilsiz xidmətləri olmasın. Eyni zamanda, onunla bağlı, hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, Vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Bir sözlə, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri yaddaşlara əbədi həkk olunmuşdur. Böyük azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başladı. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. Ulu öndərin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və mübağiləsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin nişanəsi olmasın. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir.
Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Tarixdə şəxsiyyətlərin önəmli rolu hər zaman olmuşdur. Böyük şəxsiyyətlər xalqın sərvətidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, mədəni-mənəvi intibahımızın təminatçısı Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyət, tariximizin canlı əfsanəsi idi. Heydər Əliyevin zəngin və mənalı həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək nəsillər zaman-zaman onu öyrənəcək, ondan bəhrələnəcək. Gəlin elə birlikdə bu həyat yoluna nəzər salaq. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət TəhlükəsizliyiKomitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nin sədr müavini təyin edilib. 1966-cı ildə Moskvada DTK-nin F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icrakçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən president seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermis Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub. Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxriadlarına layiq görülüb. Heydər Əliyev bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu gələcəyimizin təməlini qoyan alternativsiz lider, millət atasıdır. Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar ümumilli liderimiz Heydər Əliyev fəaliyyətinin şah əsəridir. Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur. Azərbaycan deyiləndə ilk növbədə ümummilli lider Heydər Əliyev yada düşür. Azərbaycanın müasir tarixini bu böyük şəxsiyyətin keçdiyi mənalı və şərəfli həyat yolundan ayrı təsəvvür etmək olmur. Müdrik və uzaqgörən dövlət xadimi, Azərbaycanın bu günkü və gələcək inkişaf yolunu müəyyən etmiş, onun iqtisadi və siyasi müstəqilliyinin əsasını qoymuş, bu müstəqilliyin əbədi və möhkəm bünövrəsini yaratmışdır. Vətənini və millətini ürəkdən sevən, bütün ömrünü onun tərəqqisinə həsr edən Heydər Əliyevin həyat fəlsəfəsi onun bu sözlərində çox gözəl ifadə edilmişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam”…
Zaman keçəcək, Heydər Əliyevin Azərbaycan naminə fəda etdiyi ömrünün hər məqamına, hər səhifəsinə yeni-yeni əsərlər ithaf olunacaq, onun nə qədər əvəzsiz bir şəxsiyyət olduğu biz düşündüyümüzdən də artıq olduğu bir daha sübut ediləcək. Sözlərimi Türk dünyasının müdrik siyasətçisi, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın ulu öndərlə bağlı sitatı ilə sonlandırmaq istəyirəm: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lideri idi. Türkiyə – Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.
Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
#Azərbaycan #UluÖndər #HeydərƏliyev #Lider
Subyekt.az