Çağdaş udmurt ədəbiyyatının,
mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr” kitabı Azərbaycanda nəşr olunub. Bu, nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda gün üzü görən ilk kitabı olma özəlliyi ilə seçilir.
Subyekt.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ortaq işi olan “Sonuncu hərbi əmr”in layihə rəhbəri Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçiləri – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Dr. Fazil Mustafa, Tatarıstanda yaşayan soydaşımız, tanınmış ictimai xadim İsmət Orucəliyev, rəyçiləri isə BAMF prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşardır.
Udmurt yazıçısının hekayələrini ruscadan Azərbaycan dilinə DGTYB Məsləhət Şurasının üzvləri olan ədiblər – Dos.Dr. Ruhəngiz Əliyeva (“Moqdos”, “Vəhşi ləpiri”), Prof.Dr. Rəsmiyyə Sabir (“Sonuncu hərbi əmr”), Dr. Həyat Şəmi (“Üç general”, “Nənəmin xatirəsinə”), yazıçı, türkoloq Şahnaz Kamal (“Padış itib”), tərcüməçi Talehə Əliyeva (“Toranlıqda yad qadın”), AYB Poeziya seksiyasının rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslı (“Göylər belə doluxsunub ağladı”), AYB üzvü, şair Şəfəq Sahibli (“Nit”), AYB üzvü, şair-publisist Şahməmməd Dağlaroğlu (“Şurdoşura gedən yol”) çevirib.
Kitabdakı mətnləri Əkbər Qoşalı və DGTYB üzvləri – filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızı, şair Xəyalə Sevil redaktə edib.
“Avrasiya PRESS” Nəşriyyat Evində çıxan kitab Umud Rəhimoğlunun Udmurtiyaya salam və sayğılarını, müəllif haqqında düşüncələrini özündə ehtiva edən “Ön söz”lə başlayır. Redaktorların qələmə aldığı “Kiçik əhvalatlar… Böyük həqiqətlər” adlı tanıtım yazısında isə udmurt yazıçının hekayələrindən yola çıxaraq, onun bədii yaradıcılığı işığında ədəbi portreti yaradılıb.
“Sonuncu hərbi əmr”də yer alan hekayələrdə həyatın sosial mənzərəsi təsvir edilməklə yanaşı, yaşananların insan mənəviyyatında doğurduğu konkret, retrospektiv cəhətlər peşəkarlıqla qələmə alınıb.
Bu hekayələrin hər biri özgü üslubu, təhkiyə rəvanlığı, mövzularının həyatiliyi, bir sözlə, yazıçının orijinal süjet qura bilməsi baxımından diqqtəlayiqdir. O, necə deyərlər, adi görünən olayların alt qatında qeyri-adi gerçəkləri bəsləməkdədir.
Vyaçeslav Ar-Serginin hekayələrinin əsas süjet xətti kompozisiya strukturundan daha çox yazıçının özü ilə mükaliməsi şəklində qurulur. Xalq yazıçısı sanki təhtəlşüur qatında yazdığı hekayələrlə ruhundan süzülənləri, xoşməramlı gizlinlərini oxucusuna pıçılıdayır; bu pıçıltı o qədər poetik səslənir ki, oxucu özünü olayların tam mərkəzində hiss edir.
Hər biri roman süjeti tutumunda yazılmış bu hekayələrin daxili monoloqlardan şüur axınına keçid, ədibin “mətn içində mətn” yaratmaq yetənəyi, əsər boyu şərti-metaforik qatın mürəkkəbləşməsi və gözlənilməz sonluqların inandırıcı təqdimatı müəllifin yaradıcılıq təkamülünü izləməyə imkan verir.
Vyaçeslav Ar-Serginin hekayələrinin ana xətti həyat və gerçəkliyin özündən keçir. Ədibin hekayələrində ən çox diqqət çəkən məqam onun qəhrəmanlarını sevərək yaratmasıdır. Görkəmli udmurt yazıçısının hekayələri həyatın (necə deyərlər) zəruri təfərrüatını da ehtiva etdiyi üçün təsvir olunan olayların alt qatında incə bir yumor özünü göstərməkdədir. Və səmimi olaraq belə deyə bilərik ki, Vyaçeslav Ar-Sergi qəhrəmanlarını sadəcə sevmir həm də, onların hər birinə mərhəmətlə yanaşır. Bu, yazıçının həyatla barışcıl mövqeyi və barışdırıcı ruhundan xəbər verən ümdə bir özəllikdir. İnsanları yanlışı və doğrusu ilə qəbul edə bilməsi udmurt yazıçısının yüksək insani keyfiyyəti və həyatı olduğu kimi – “vəhdəti-vücud”da dərketməsindən xəbər verir.
Təsirli üslubu, aydın və rəvan dili olan bu hekayələri oxumağa başlayanda, sanki, bir düzəngahda qaçdığımızı hiss edirik: çiçəklərin rəngarəngliyi, çayların şırıltısı, quşların qanadlanması, xəzəl xışıltısı… bizə “yol yoldaşı” olur. Vyaçeslav Ar-Sergi təbiətin əsrarəngiz çalarlarını ən parlaq boyalarla ədəbiyyata gətirir. Bu hekayələrin ahəngində fədakar, əməksevər, xeyirxah udmurtların duyğularına tanıqlıq edirik. Xalq yazıçısı öz əsərlərində sözləri nizamlı bir sıraya düzməklə, sadəcə, cümlə qurmur, insanın içindəki fırtınaları oxucuya hiss etdirə bilir. Elə buna görə də, biz Vyaçeslav Ar-Sergini oxuyarkən onun hisslərinə ortaq olur, əsər boyu ədibin qəhrəmanları ilə birgə düşünür, onlarla bir gülür, bir ağlayırıq…
Oxucunu öz təsir dairəsinə sala bilməsi, ovsunlaması Vyaçeslav Ar-Serginin yaradıcılığının yüksək məramından xəbər verir. Məsələn: təkcə “Nənəmin xatirəsinə” hekayəsini oxusaq, yaşadığı yerindən, danışdığı dilindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, dünyanın hər yerində olan anaların, nənələrin ümumiləşdirilmiş xarakterini görmüş olarıq. Və bu qəhrəmanın özünün saflığı qədər də yazıçının saf, cəlbedici təhkiyəsinin təntənəsidir – orda baş verən olayları cana yaxın qılır.
“Göylər belə doluxsunub ağladı…” hekayəsi haqqında da eyni fikirləri söyləyə bilərik. Vyaçeslav Ar-Sergi tarixə ironik yanaşa bilən, olayların alt qatında, incə cizgilərində belə sözünü ironiya ilə deyə bilən cəsarətli bir duruş sərgiləyir. Bu isə söz adamı üçün vacibdir.
Yazarın ustalığı, bacarığı həm də ondadır ki, (belə demək olarsa) o, həyatı həm düşündüyü həm də, gördüyü kimi – universal şəkildə təsvir edir. Bu həqiqətpərvərliyi onu oxucusuna bir köynək də yaxınlaşdırır və ortadakı sınırları qaldırır.
“Sonuncu hərbi əmr” Azərbaycanda bir ilkdir. – Onun təmsil etdiyi udmurt ədəbiyyatı Udmurtiyanın dünəni və bu gününün güzgüsü, gələcək həyatının isə yolgöstərənidir. Heç vaxt Udmurt Respublikasında olmayan, ayağı udmurt torpağına dəyməyən bir çox azərbaycanlı, Vyaçeslav Ar-Sergini oxumaqla udmurt xalqın etnoqrafiyasını, mədəni irsini, bu gününü vərəqləyəcək, udmurt məişətindən tutmuş udmurt ədəbiyyatının estetik tələbi, yüksək meyarı ilə tanışlığa başlamış olacaq. Kilometrlərcə uzaqlarda, fərqli saat qurşağında, fərqli coğrafi arealda olmağımıza baxmayaraq, “Sonuncu hərbi əmr” bizləri həyata baxışımız, duyğularımızla birgə həm də, sözün, ədəbiyyatın, mədəniyyətin, sənətin birləşdirdiyinə inam aşılayır.
Onu da vurğulayaq ki, mayın 25-də İjevskdə bu kitabın ilk təqdimatı keçiriləcək. Udmurtiya Milli Kitabxanasında tanınmış ədəbiyyat, mədəniyyət xadimlərinin qatılımı ilə baş tutacaq təqdimatda həmvətənimiz – kitabın tərcüməçilərindən olan Şahnaz Kamal və Udmurtiyadakı Azərbaycan diasporunun fəalları da iştirak edəcək.
Subyekt.az