
Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf ediləcək.
H.Cavid
Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, neçə-neçə nəsillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı və ədəbi irsi ilə sıx zəngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü tutmaqla həqiqətləri bizə çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyn Cavidin xüsusi yeri vardır. Öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, sələf və xələflərinə bənzəməyən Hüseyn Cavid qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir mütəfəkkir idi. Faciəli ömrün qəmli dastanını yazan şair H.Cavidin söykəndiyi həqiqətin bir mənası olub: xalqını azad, xoşbəxt, millətini birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biri idi. Həyat və yaradıcılığı, əsərləri və ədəbi mövqeyi ədəbiyyatşünaslıqda, bədii estetik fikir tarixində, dərslik, metodik vəsait və məqalələrdə geniş tədqiq olunan, öyrənilən böyük şəxsiyyət Hüseyn Cavid XX əsr Azərbaycan və dünya romantizmin görkəmli nümayəndəsi və gözəlliyi, həqiqəti dərk etdirən, yaşamaqla yanaşı yaşamağın sirlərini öyrədən dahilərlərlə bir sırada adıçəkilən, millətin tərəqqi və nicat yolunu sənəti və idrakı ilə dərk edən, çıxış yolunu göstərməyə çalışan sənətkarlardandır. Cavidin əsərləri qədər həyatında da insanların mənəvi tərbiyəsinə təsir göstərən amillərin olması da yüksək mənəviyyat xəzinəsidir, insanları haqqa, ədalətə, doğruluğa və ən əsası, ruhani yüksəkliyə aparan yolun istiqaməti kimi dəyərli və qiymətlidir.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.
H.Cavidin şeir yaradıcılığının ilk mərhələsində janr baxımından ənənəvi iki üslubluluq özünü göstərir. Şair həmin illərdə həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazmışdır. Bu dövrün məhsulu olan “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-Xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər. Çünki elə ilk yaradıcılıq mərhələsinin özündə də Cavidin yeni formalı şeirlər yazdığını asanlıqla müşahidə etmək mümkündür. Türkiyədə təhsil illərində yazılan “Yadi mazi”, “Bir ahi-məzlumanə” şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun-klassik lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasmda qafiyələndirilmişdir:
Ey Vətən! Ey könül pərəstarı!
Yar ümidim, qüsura bakmayasan.
Bizə tərcih edib də əğyarı,
Burakıb nari-hicrə yıkmayasan.
Səni bu hala saldı qəflətimiz,
Daha əhv et! Yetər nədamətimiz.
Bir çox dahilərimiz kimi, Hüseyn Cavidin taleyi də məşəqqətli və əzablı bir tale olub. Amma o əyilməyib, sınmayıb, əqidəsindən dönməyib. Bu baxımdan müdrik Sokratla Cavidin taleləri arasında çox qəribə bir oxşarlıq var. Hər ikisinin insanlara yaşadıqları dövrün ədalətsizlik və eybəcərliklərindən, rəzilliklərindən qurtarmaq yollarını sözlə göstərmək arzuları onların həqiqi mənada şəhid olmalarına gətirib çıxardı.
Çox təəssüf ki, XX əsrin ədəbiyyatşünasları 1930-1950-ci illərdə Cavid zirvəsini görmək, etiraf etmək istəmədilər. Keçən əsrin 60-cı illərində Cavidin adı məktəb proqramlarında da yox idi. Amma zamanı çatanda tarix hər şeyi öz yerinə qaytarır, sanki özünün hər şeyi yaşanmış ədalətsiz bir dövrü üçün bəşəriyyətdən üzrxahlıq diləyir. Hər halda, qoca tarixin zaman-zaman təkrarlanan bu “səhvi” “sivil” dünyanı düşündürməli, qədirbilməzlikdən, qəddarlıqdan, müqəddəs insanlar olan dahi və müdrik söz sahiblərinə qarşı, hətta eyhamlardan da çəkindirmək üçün bir dərs olmalıdır. Acı, ağır, amma həqiqətə söykənən Böyük Tarix Dərsi!
Bildiyimiz kimi Azərbaycan tarixinin XIX-XX əsrləri çox mürəkkəb dövrdür. Bu dövrdə dünya miqyasında içtimai-siyasi fikir toqquşmaları baş vermiş, epoxalar, içtimai-iqtisadi formasiyalar bir-birini əvəzləmiş və bütün bunlar nəhəng qanlı inqilablarla müşayiət olunmuşdur. Dünyada baş verən bu hadisələr dünyanın əhəmiyyətli parçası olan Azərbaycandan da yan ötməmiş, bütün bu mübarizələr xalqımızın tarixində də özünə yer almışdır. Vaxtılə fikir meydanlarında qarşı-qarşıya bu nəhənglərin qoyub getdiyi irsə bu gün nəzər saldıqda aydın şəkildə görürük ki, həmin dövrün adları çəkilən və çəkilməyən nümayəndələri bütün varlığı ilə Azərbaycan xalqına bağlı olmuş, xalqımızın xoş gələcəyi uğrunda çarpışmışlar. Hüseyn Cavid haqqında çox yazılıb. Tədqiqatçılarımız onun poeziyasının dərinliklərinə baş vurub, professor Kamran Əliyevin təbiri ilə desək, “Cavid möcüzəsi” nin sirlərini açmağa çalışıblar. Maraqlıdır ki, bu poeziyanın cazibəsi onun sirlərinə vaqif olduqca azalmaq əvəzinə, öz cazibədarlığını daha da artırır. XX əsr Azərbaycan ədəbiyyatının zirvəsində dayanan Hüseyn Cavid ədəbi-bədii-estetik fikir tariximizdə adı qızıl hərflərlə yazılan, sözlə möhtəşəm abidə yaradanlardandır. Yaşadığı üç ölkədə şahidi olduğu hadisələrin ümumiləşmiş bədii əksini romantik şəkildə yaradan sənətkar az müddət içərisində şöhrətin ən yüksək zirvəsinə çatdı. Əsərləri tamaşaya qoyuldu, dillər əzbəri oldu. 1910-cu ildə yazdığı birpərdəli “Ana” dramının məramı “Mənim tanrım gözəllikdir, sevgidir” ideyası ilə səsləşir. Oğlunun qatilini lənətləyən ana düşmənini sağ buraxır, onu xilas olmasına kömək edir. Çünki ana qəlbi sevgi və mərhəmətlə doludur. Övlad itkisindən nə qədər sarsılsa da, intiqamı taleyin ixtiyarına buraxır, zamana öz böyük ürəyinin hökmü ilə meydan oxuyur.
Cavid gənc yaşlarından şeir yazmağa başlasa da, məhsuldar yaradıcılığı 26 illik dövrü əhatə edir. Cavid sənəti bədii forma, janr baxımından çox zəngin, əlvan olmuşdur. O, yüksək sənətkarlıqla yazdığı lirik şeirlərlə, poemalarla yanaşı, Azərbaycan səhnəsinə faciə və dramlardan ibarət orijinal əsərlər vermişdir. Cavid dramaturgiyası xarakterlər dramaturgiyası olmuşdur. Bu baxımdan onun dram sənətini dünyanın ən böyük dramaturqlarının yaradıcılığı ilə müqayisə etmək olar. Hüseyn Cavid çox ölkələr gəzmiş, çox görmüş, ömrünün 14 ilini vətəndən kənarda keçirmişdir. Şair yaxın ülfətdə olduğu hər xalqın həyatından dəyərli əsərlər yazmışdır. Onun yaradıcılıq idealı konkret milli məzmun, milli kolorit daşımaqla yanaşı, həm də ümumbəşəri mahiyyətdədir və zamanla bağlı ziddiyyətlər daxilində büllurlaşma, aydınlaşma, əsərin qabaqcıl ideyalarına yaxınlaşma prosesində olmuşdur.
“Məhəbbətdir ən böyük din” misrası Hüseyn Cavidin şah misralarından biridir. Məhəbbət ədəbiyyatın əsas mövzularından olmaq etibarilə Hüseyn Cavid sənətində də mühüm yer tutur. Cavid sənəti ölməzdir. Cavid sənəti ölməz olduğu üçün Cavidşünaslıq da əbədidir. Bu zəngin iş barəsində deyilmiş, deyilən və deyiləcək fikirləri toplayıb gələcək nəslə çatdırmaq işində Cavid ocağının işığına pərvanə olanlara yeni uğurlar diləyirik.
Haqq da, həqiqət də göz önündədir,
Yer altında deyil, yer üstündədir.
Bəxtiyarsan, əgər, çəkdiyin əmək
Cahan sərgisinə versə bir çiçək.
Romantik-fəlsəfi poeziyası ilə klassik və müasir ədəbiyyat arasında etibarlı mənəvi körpü salan, ilk Azərbaycan mənzum faciələrini, fəlsəfi dramlarını yaradan, dramaturgiyamıza və səhnəmizə ümümbəşəri problemlər dolğun xarakterlər, qüdrətli şeiriyyət gətirən Hüseyn Cavidin əsərləri, doğrudan da, “cahan sərgisinin” “çiçək” ləridir.
Məqsədi vətəninə, millətinə fədakarlıqla xidmət etməkdən ibarət olan görkəmli şair və dramaturq Hüseyn Cavid öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin əsasını, eləcə də mənzum dramın bünövrəsini qoymuşdur. Sələf və xələflərinə bənzəməyən Hüseyn Cavid ürəyi susdurulana qədər vicdanının dediklərini yazan və ömrü boyu həqiqətən əsiri olan, gözəlliyə tapınan bir mütəfəkkir idi. Hüseyn Cavid elə bir həqiqətin əsiri idi ki, o altun saraylara, daş zindanlara, vəhşi pəncərələrə, tikanlı məftillərə, dəmir qəfəslərə meydan oxuyurdu.
Ulu sələflərindən xeyli cavan olmasına, 135 yaşının hələ təzə-təzə tamam olmasına baxmayaraq, böyük sənətkarımız, babalarının layiqli xələfi, istedadlı şair və dramaturq Hüseyn Cavid də əsərlərində yaratdığı ölməz hikmətlərə görə Azərbaycan ədəbiyyatında və ədəbi-fəlsəfi fikrində həkim adını daşımağa layiq olan azyaşlı şəxsiyyətlərdən biri kimi nəzərə çarpmaqdadır. Hüseyn Cavid də xalqımızın yetirdiyi böyük söz sənətkarı və mütəfəkkirlər kimi, özündən əvvəki mədəni-mənəvi xəzinəni mənimsəmiş və ölməz fikir və obrazları ilə daha da zənginləşdirilmişdir. Bütün bunlar, nəhəng bir sənətkar kimi Cavidin bilik və məlumat dairəsinin heyrətamiz dərəcədə genişliyindən, onun xalq müdrikliyi xəzinəsinə olduqca yaxınlığından xəbər verir. Elə bu səbəbdəndir ki, Cavid aforizmləri Azərbaycan xalq müdrikliyinin ayrılmaz əlaməti olan dərin humanizmi, ümumbəşəri xarakter və məna yükü daşıması ilə seçilir.
Bəşər övladı dünya açmamışdan onun alın yazısı yazılır. Kiminin qismətinə xoş günlər, kiminin taleyinə ağrılı məqamlarla dolu həyat düşür. Əzablı, ağrılı-acılı ömür yaşayanlardan biri də Hüseyn Cavid olmuşdur. Xalqımızın bu görkəmli qələm sahibi bütün yaşam boyu haqsızlıqlarla qarşılaşmış, əyilməmiş, yüksək mətinliklə, dəyanət və dözüm göstərmiş, bütün çətinliklərə sinə gərmişdir. Ulu Tanrı məhz sınmayan, əyilməyən insanlara bu qisməti yazır, onların taleyin sərt sınaqlarından keçirir. Cavid əfəndinin yaradıcılığı ilk əvvəllər rəğbətlə qarşılansa da, iblislərin sayəsində qasırğalara tuş gəldi. 1920-ci ildə Rusiya tərəfindən işğal olunduqdan sonra milli təfəkkürlü ziyalıların sıxışdırılması, təqib edilməsi başlandı. Bütün təqib və təzyiqlərə baxmayararaq, H.Cavid yaradıcılıq yolundan dönmək istəmirdi. Siyasi hadisələrin tüğyan etdiyi 20-30-cu illər sovet cəmiyyətində məsələ ağlasığmaz dərəcədə mürəkkəb idi. Köhnəni darmadağın dağıdıb, onun xarabalıqları üstündə quruculuq işləri aparan bolşeviklər ədəbiyyata özlərinin təbliğat və təşviqat vasitəsi kimi baxırdılar, onlar verdiklərini qonorar, vəzifə və imtiyazlar müqabiləndə yazıçılardan məhz bolşevizmi təbliğ edən alovlu əsərlər tələb edirdilər. Bunun acı nəticəsi 1937-ci ildə Cavid kommunist istibdadının qurbanı oldu, yəni Cavid repressiyanın ilk qurbanlarından birinə çevrildi. Əlbəttə, 1937-ci ilin qanlı hadisələri qəfildən baş vermədi. Əvvəl-əvvəl bu hadisələrə hazırlıq tədbirləri görüldü. 1937-ci il repressiyasına hazırlıq işlərinin görülməsində ədəbi tənqid xüsusi canfəşanlıq edir və mənfur rol oynayırdı. H.Cavidin sovet dövrünə qədərki əsərləri ağır mühakimə olunduğu kimi, 20-ci ildən sonra yazdıqları da ədəbi tənqidin kəskin hücumlarına məruz qalırdı. Cavid türk xalqlarının mənəvi birliyini diqqət mərkəzinə çəkməklə yalançı beynəlmiləlçiliyə qarşı çıxır, mövzularını müxtəlif xalqların həyatından almaqla yalançı vətənpərvərliyi rədd edir. İnanmaq çətindir amma həqiqət budur ki, həm millətçi, həm də xalq düşməni kimi ittiham olunsa da, H.Cavid dönmədən öz yolu ilə gedir və bu yol onu vaxtsız ölümə aparırdı.
Cavidin ölüm hökmünü İ.V.Stalin verdi: “Bu cənabları işçi sinfin düşmənləri kimi, vətənimizin xainləri kimi amansızcasına darmadağın etmək və onların kökünü kəsmək lazım gələcək”. İ.V.Stalinin sözünə M.Bağırov dərhal “bəli” cavabını verdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir? Vətən xainləri H.Cavid, M.Müşfiq, Ə.Cavad və başqaları. M.Bağırovun qurultaydakı çıxışından dərhal sonra adları çəkilən yazıçılar, eləcə də Cavid həbs olundu. İrəli sürülən ittihamlar təsdiq olunsun deyə NKVD dustaqxanasında müxtəlif işgəncə üsullarından istifadə olunurdu: yuxusuz saxlamaq, xüsusi qurğulardan istifadə etməklə kameraya soyuq hava üfürmək, döşəməyə soyuq su buraxmaq, ailə üzvlərinin həbs olunacağı ilə hədələmək, gözlərinə güclü işıq salmaq və s. Bütün bu işgəncələrə baxmayaraq H.Cavid ona qarşı sürülən əsas ittihamları rədd etdi. O vaxt “günahı” nı boynuna alanları güllələyir, onarın ailə üzvlərini isə həbs edirdilər. Məsələn, Ə.Cavadı, S.Hüseyni güllələmiş, xanımlarını, uşaqlarını həbs etmişdilər. H.Cavid “günahı” larını boynuna almamaqla ailəsini həbs olunmaqdan xilas etdi. Cavid həbs edilərkən Sibirə göndərildi.
1941-ci ildə 63 yaşlı şair İrkutsk vilayətinin Şevçenko qəsəbəsindəki həbs düşərgəsində ayaqlarının donması səbəbindən vəfat etdi. H.Cavid 1956-cı ildə bəraət aldı, 1982-ci ildə şairin nəşi ümummilli lider Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və göstərişi ilə Sibirdən gətirilib Naxçıvanda dəfn olunmuşdur. 1996-cı ildə H.Cavidə doğulduğu Naxçıvan şəhərində əzəmətli məqbərə ucaldıldı. Gələcəkdə adının etiramla anılacağına görə H.Cavid ona həqarət edib gülənlərin, onu alçaltmaq istəyənlərin qarşısında sınmadı və məğrur səsini ucaldıb dedi:
Mənə gülməkdəsiniz gərçi bu gün,
Var yarın sizlər üçün qorxulu gün.
O zaman iştə ölənlər dirilər,
Kim nə yapmışsa cəza çəkdirilər.
Sənətkarın dediyi o gün gəldi: Cavid adı ehtiramla çəkildikcə bir vaxt ona olmazın hədyan yağdıran, onun ölümünə bais olanlar tarix qarşısında cavab verməli oldular. H.Cavid milliliyi bəşəriliklə qovuşduran və insan olmağı hər şeydən üstün tutan bir sənətkardır…Yaxşı ki, dünyanın dəyişən vaxtı yetişdi. Yaxşı ki, Hüseyn Cavidin məhəbbəti susmuş ürəkləri dilə gətirdi. Vaxtılə böyük şairimizin ömür-gün dostu Müşkinaz xanımın “Cavidi xatırlarkən” adlı xatirəsi çapdan çıxmışdı. Təbii ki, sovet dövrünün müəyyən redaktələri bu kitabda öz işini görmüşdür. Müstəqilliyimizi qazandıqdan sonra rəhmətlik Müşkinaz xanımın “Cavid haqqında xatirimdə qalanlar” kitabı işıq üzü gördü. Xoşa gələn odur ki, Hüseyn Cavid necə varsa, geyimindən, yerişindən, vərdişindən ta yazı-pozusuna, dost-tanışa münasibətinə qədər Müşkinaz xanımın xatirələrində öz əksini tapıb. Bu kitabda duyulan xiffət böyük bir məhəbbətin dərinliyindən, vəfalılığın, sədaqətin nəhayyətsizliyindən xəbər verir: “…Ümid edirəm ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək, göz yaşımı siləcək. Keçirdiyim günləri qələmə alacaq. Əfsus ki, o yolu gedən gəlməzmiş”.
Hüseyn Cavidin zəngin irsi və dərin psixologizm, humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Belə bir qiymətli irsi öyrənmək, onu nəsillərə çatdırmaq böyük insanpərvər və vətənpərvər şairimizə ən dəyərli mənəvi abidədir. Cavid- “ədəbi” , “həmişəyaşar” deməkdir. O, bu gün Bakıda ucaldılan abibədəsi, Naxçıvandakı məqbərəsi ilə dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şeirlərilə, səhnələrdəki pyesləri ilə yaşayır. Cavid həyatı bitəcəksiz bir ömürdür.
Aynur Turan
Subyekt.az