
Zəngə hələ qalırdı. Adətim üzrə müəllimlər otağından
jurnal götürüb həyətə çıxdım. Çinar ağacının altında oturub
ətraflı müşahidə etməyə başladım. Oktyabrın axırı
olduğundan tökülən yarpaqlar köklərindən ayrılmaq
istəmir, yüksəklikdən ayaqlar altına düşməyin dəhşətini
duyaraq havada çırpınırdı…
Nəzərlərimi yarpaqlardan çəkərək arabir gəzişən, nəyisə
müzakirə edən şagirdlərə çevirdim. Bu vaxt məktəbin
yataqxanasının önündə dayanmış, sinif rəhbəri olduğum
VIII-ci sinif şagirdi İlhamı gördüm. 35-40 yaşlarında bir
qadınla söhbət edirdi. Asta addımlarla onlara yaxınlaşdığımı
hiss edən ilham tələsik sağollaşmaq istədi. Qaşqabaqlı halda
qadına dedi :
– Yaxşı, get də, nəyi gözləyirsən?
Qadın isə ayrılmaq istəmir, gözləri ilə İlhamı oxşayır, bir əli
ilə onun saçına, qoluna toxunub sanki baxışları ilə təsəlli
edirdi. Qadının üst-başı nimdaş idi, sanki sarınmış olan bir
qolunu isə sinəsindən aşağı doğru uzanan şərfin altında
gizlətmişdi. Yaşı çox olmasa da, qəmli gözləri, çökmüş
çiyinləri onun çox dərdli olduğundan xəbər verirdi.
Bilirdim ki, İlham da yurd göynərtisi çəkən bir ailənin
övladıdır. Atası şəhid olmuşdu, özü isə anası ilə qonşu
rayonda, dayısıgildə qalırdı. Yəqin ki, bu qadın elə onun
anası idi. Amma onun baxışlarında təsəvvür edilməz
dərəcədə anasına qarşı soyuqluq hiss olunurdu. Danışarkən
anası ilə göz-gözə gəlməmək üçün necə çalışdığını
sezməmək mümkün deyildi. Şübhədən çıxmaq üçün
yaxınlaşıb salam verdim və:
– İlham, qonağın kimdi belə? Gedək, valideynlər otağına
oturub söhbət edin.
İlham başını qaldırmadan nəsə mızıldandı və könülsüzcə
anasının əlindən içi dolu çantanı alıb üstə-yataqxanaya
qalxdı. Əvəzində qadın dilləndi:
– Salam, müəllimə, necəsiz? Mən İlhamın anasıyam.
Oğlumun oxumağı necədir?
Mən İlham haqqında bir neçə fikir bildirdikdən sonra qeyd
etdim ki, o, çox özünəqapanıq uşaqdır. Hamıya qarşı laqeyd,
özgə dərdinə biganədir.
Zəng vuruldu. İlham tələsik addımlarla anasına yaxınlaşıb
boş çantanı uzatdı və anasının üzünə qaçaq baxışlarla nəzər
salaraq:
– Get daha, avtobusa yubanarsan. Nə olar, daha heç nə
gətirmə, burda hər şey verirlər, deyib onunla xudafizləşmək
istəməyən anasından görüşmədən uzaqlaşdı.
Düzünü deyim ki, İlhama qarşı qəlbimdə xoşagəlməz bir
hiss baş qaldırmışdı. Nə gizlədim, onu sancmaq üçün fürsət
axtarırdım. Gənc olduğumdan onu necə cəzalandıracağımı
təcrübəli müəllimlərlə məsləhətləşəcəkdim…
Zəng vuruldu. Ev tapşırığı “Vicdan nədir” mövzusunda
inşa olduğundan şagirdlərdən birindən ev tapşırığı
dəftərlərini yığmasını istədim. Sıra İlhama gəldikdə əlini
dəftərin üstünə sıxaraq dəftəri vermək istəmədiyini gördüm.
İlhamın üzündə anlam verə bilmədiyim bir ifadə var idi.
Baxışlarımla dəftəri işarə edib ilhama “Niyə mane
olursan?” soruşdum. İlham gözlərini gözlərimdən
yayındıraraq “yazmamışam” deyə pıçıldadı. Sanki ona cəza
vermək üçün yaranmış səbəbi təntənəylə qarşılamaq üçün
özüm onun masasına yaxınlaşdım, dəftəri qətiyyətlə İlhamın
əlindən çəkib Səmraya uzadaraq “Eybi yox, boş səhifəyə 2
yazaram” dedim…
Axşam uşaqların yazdıqları inşaları yoxlayırdım.
Növbə İlhamın dəftərinə çatdı. Qərarım qəti və amansız idi,
onu 2 ilə cəzalandıracaqdım. Amma dəftərin yazılan ən son
vərəqini çevirəndə gözlərimə inana bilmədim. İlham inşanı
yazmışdı. Bəs niyə yazmamışam demişdi, niyə 2 almağı
gözə almışdı? Beynimdə yaranan sual yağmurunu
durdurmaq üçün tələm-tələsik inşanı oxumağa başladım.
Oxumağı bitirdikdən isə sanki üzərimə bir ağırlıq
çökmüşdü. Səhərədək narahatlıqdan yata bilmədim. Hər
cümlə payız yarpağına dönüb gözlərim önündən axdı, keçdi.
Onun uşaq qəlbindən baş alıb gələn hər kəlmə çox ağrılı və
sancılı idi. İlham yazırdı:
“Mənim vicdanım yoxdur. Əgər olsaydı mütləq mən
vicdan əzabı ilə çoxdan ölməli idim. Çünki mən ailəmə
qəmdən, əzabdan başqa heç nə vermədim…
Hələ 3-cü sinifdə oxuyurdum. Kəndimizi hər gecə ermənilər
atəşə tuturdu. Əsirlikdə qalan kəndimiz sanki qəbirstanlıq
idi. Heç kim dinib-danışa bilmirdi. Atam anamı və 5 yaşlı
bacımı mənə əmanət edib kəndin bütün kişiləri kimi kəndi
qorumağa getmişdi. Kənddə bir kişi olsun qalmamışdı.
Atam anam və bacımla sağollaşdıqdan sonra əlindəki silahı
mənə uzadaraq dedi:
-Oğlum, ümidim. Bu müharibədir. Məğlub da ola bilərik,
qalib də. Amma, sən nə olur olsun, təslim olma. Çünki
düşmənimizin gözü dönüb. O nə anana, nə bacına, nə sənə
rəhm etməyəcək qədər azğın düşməndir…
12 yaşım olsa da, atam məcburiyyətin ona verdiyi qərarla
məni kişi hesab edib ov tüfəngini mənə etibar edərək
bizimlə vidalaşdı. Çiyinlərimə qoyulan yük əlimdə
tutduğum silahdan çox daha ağır idi. Düşmən qapıdan girən
kimi tətiyi çəkib onu öldürməli idim.
Soyuq olduğundan anama sığınıb büzüşmüşdük. Sobanı
qalamağa da qorxurduq. Tüstü evimizi düşmənə nişan verə
bilərdi. Elə bilirdik ki, səhər açılsa müharibə qurtaracaq…
Bu fikirlə nə vaxt yuxuya getdiyimi bilmədim. Birdən
möhkəm tappıltıya diksindim. Oyanmağımla qapıdan girən
qaraltıya atəş açmağım bir oldu. Çünki vaxt irirməməli,
körpə baçımla anam düşmən əlinə düşməməli idi.
– Bala, neynədin? – sualını verən anam astanada o biri
odunları da yerə töküb kökündən qopmuş ağac kimi yerə
sərildi. Mən o anın qaranlığında nə baş verdiyini dərk edə
bilmədim. Bacım ağlayaraq özünü anamın üstünə atanda
olanları bütün dəhşəti ilə dərk etdim. Tüfəngi yerə atıb
özümü anama çatdırmağa çalışdım. Lakin yerə düşən
tüfəng zərbədən yenidən açıldı və bacımın son dəfə “ana”
deyə fəryadını eşitdim…
Mən gözümü qonşu kənddə açdım. Sonra bildim ki, açılan
güllə anamın üç barmağını aparmış, bacımı isə öldürmüşdü.
Dərddən özünü itirmiş atamla son görüşümüzü heç vaxt
unuda bilmirəm. O, gözlərimə baxmağa çalışaraq “Barı
ananı qoru” – dedi. Mənə elə gəldi ki, əslində atam bunu
demək istəyirdi: “Bacını öldürdün, ananı şikəst etdin, indi
özün yaşa”. Amma mən yaşamaq istəmirdim. Elə bilirdim
ki, hamı məni tanıyır, məndən danışır, mənə nifrət edir. İndi
anamın əlini sarğıda gördükdə vicdanım sızlayır. Onun
olmayan barmaqlarından axan hər qan damlası mənim
içimdə heç vaxt sağalmayan bir yara olaraq qalacaqdı.
Anamın hər dəfə tək əli ilə dayımın süfrəsindən mənə nəsə
gətirməsi məni məhv edir.
Mənə elə gəlir ki, insanlar getdikcə vicdanlarının səsini daha
az dinləyirlər. Düşmən torpaqlarımızın az qala yarısını
oğurlayıb, bunu faciə saymırıq. Amma kiçik bir şeyi itirəndə
onu faciəyə çeviririk. Şəhidlər xiyabanının yanından
keçəndə heç olmasa gəlin maşınlarının siqnal səslərini bir
neçə saniyəlik belə dayandırmağı düşünmürük. İşğal
altındakı kəndlərimizdə düşmən bayraqları yelləndiyi halda,
sap-sağlam “oğullar” min bir bəhanə ilə əsgərlikdən boyun
qaçırmağa çalışırlar. Görəsən niyə biz bu qədər dərdimizə
laqeyd olmuşuq. Bəs, onda mən vicdanı harda
axtarmalıyam?..
İnşanı oxuyub qurtarsam da hələ də özümə gəlməmişdim.
Elə bil İlhamı yenidən kəşf etdiyim üçün qəlbimdə qəribə
bir sevinc yaşayırdım. Məgər onun sakit, səssiz, laqeyid və
yorğun baxışlarının altında nə qədər böyük təlatüm, üsyan
vardı. Doğrudan da, şagird bir aysberqə bənzəyir. Onun
görünməyən tərəfini görə bilmək üçün dalğıc, ürəyin isə
mayaq olmalıdır…
Hekayəni qələmə aldı: Aynur
Subyekt.az