![]()
Niderland Krallığının Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Azay Quliyev Assambleyanın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri vəzifəsinə yenidən seçilib.
Azay Quliyev bu barədə sosial şəbəkə hesabında məlumat verərək ona göstərilən yüksək etimada görə Assambleya üzvlərinə təşəkkürünü bildirib. O qeyd edib ki, yenidən sədr seçilməsi onun üçün böyük şərəf olmaqla yanaşı, mühüm məsuliyyətdir.
Yenidən sədr seçildikdən sonra çıxış edən Azay Quliyev bildirib ki, 2013-cü ildən etibarən ATƏT Parlament Assambleyasında müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib. O, üç müddət Birinci Ümumi Komitənin sədr müavini, iki tam müddət – altı il Assambleyanın vitse-prezidenti olub, hazırda isə ardıcıl beşinci dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri seçilib.
Deputat çıxışında son 13 il ərzində ona göstərilən etimadı şəxsi nailiyyət kimi deyil, Assambleyanın fəaliyyətinin gücləndirilməsi və təşkilatın ortaq dəyərlərinin təşviqi istiqamətində üzərinə düşən məsuliyyət kimi qiymətləndirdiyini vurğulayıb.
Azay Quliyev qeyd edib ki, hazırkı mürəkkəb geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik çağırışları fonunda parlament diplomatiyasının rolu daha da artır. Onun sözlərinə görə, müxtəlif baxışların mövcudluğuna baxmayaraq, dialoq və qarşılıqlı anlaşma beynəlxalq əməkdaşlığın əsasını təşkil edir.
Komitə sədri çıxışında Komitənin sədr müavini Artur Gerasımova, məruzəçi Paula Kardozoya, ATƏT Parlament Assambleyasının Beynəlxalq Katibliyinə, Komitənin müşaviri Aleks Nayta, Marco Bonabellaya və tərcüməçilərə göstərdikləri peşəkar dəstəyə görə təşəkkürünü ifadə edib.
Azay Quliyev vurğulayıb ki, gələcək fəaliyyətində də bütün nümayəndə heyətlərinə ədalət, qərəzsizlik, dürüstlük və yüksək məsuliyyət prinsipləri əsasında xidmət edəcək, Komitənin konstruktiv əməkdaşlıq, innovativ təşəbbüslər və praktik nəticələr üçün səmərəli beynəlxalq platforma kimi fəaliyyətini daha da gücləndirmək istiqamətində səylərini davam etdirəcək.
Qeyd edək ki, Azay Quliyevin ardıcıl beşinci dəfə ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri vəzifəsinə seçilməsi Azərbaycanın beynəlxalq parlament diplomatiyasında artan nüfuzunun, ölkəmizə göstərilən etimadın və Azərbaycan nümayəndə heyətinin beynəlxalq platformalarda fəal iştirakının mühüm göstəricilərindən biridir.

Subyekt.az