
Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.
Heydər Əliyev,
Ümummilli lider
Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir. Doğma Ana dilimiz olan Azərbaycan dili bizim milli sərvətimizdir. Ona görəki, bu dildə analarımız beşik başında bizə lay-lay çalıb. Dahi Füzulimiz eşqin gözəlliyini, Nəsimimiz dözümün necə olduğunu, Vurğunumuz Ana Vətənin ecazkarlığını, Üzeyirimiz öz dünyasını bu dildə ifadə edib. Dil yalnız ünsiyyət yaradan vasitə olmayıb xalqın mədəniyyəti, xasiyyəti, tarixi, insani keyfiyyətlərini və soykökünü təyin edir. Buna görə də tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir. Çünki hər xalqın dili onun sözlə ifadə edilən bir tarixidir. Hər bir xalqın tarixi isə onun minilliklərdən gələn mənəvi mədəniyyətidir. Bu mədəniyyət onun dili ilə tarixə çevrilərək əsrlər boyu yaşayır. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi isə xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçsədə, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.
Ana dili insanın mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün genişlənməsi, mükəmməl təhsil alması, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayan bir vasitə olduğundan dilimizin dövlət statusuna yüksəlməsi qürurverici tarixi hadisə olaraq, milli dövlətçilik tarixinin qızıl səhifəsi və millətimizin millət olaraq təsdiqidir. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında yer tutmasında böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli liderimiz Heydər Əliyevə minnətdar olmalıyıq. Ümummillilider tərəfindən Ana dilimizin qorunması siyasətinin əsası hələ ölkəmizdə 1970-ci illərdən Heydər Əliyevin indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsindən sonra qoyulmuşdur. Bundan sonra da bu dil dövlət əhəmiyyətli tədbirlərə işlədilərək Azərbaycan SSRin 1978-ci il Konstitusiyasında dövlət dili kimi qəbul edilmişdir. Müstəqillik əldə etdikdən sonra 1995-ci ildə ilk milli Konstitusiyamızda da Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Bu fərmana əsasən 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalanmış, eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradılmışdır. Bundan bir müddət sonra 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olunmuşdur. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmamışdır. Ana dili amilinin xalq üçün çox böyük əhəmiyyəti olduğundan, bu amil millətin özünüdərki üçün çox mühüm bir məsələdir. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacarmışdır.
Əlifbaya keçid hər zaman çox mürəkkəb məsələ kimi böyük tarixi bir proses olmuşdur. Azərbaycanda coxlu sayda əlifbalar dəyişsədə lakin dəyişikliyin xalqımızın mədəniyyətinə, tarixinə, dilinə nə qədər ziyan vuran məsələ olduğunu çox gözəl dərk etmişik. Amma latın qrafikasına keçidin isə müsbət çəhətləri çoxdur. Bilirik ki, ölkəmizdə yeni əlifbaya keçid 10 ilə qədər davam edib. Bu proses ötən əsrin 90-cı illərin əvvəllərindən başlayıb, 2001-ci ildə isə yekunlaşmışdır. Azərbaycanda latın əlifbasına ilk olaraq məktəblər, ikinci dövlət müəssisələri, sonuncu isə mətbuat keçmişdir. Ümummilli liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün də, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adətənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutub. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi demək olar ki, tam təmin olundu. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım atılmışdır. Bundan başqa Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bir mədəniyyət müəssisəsi kimi günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsinin təbliği ən zəruri məsələlərdən biridir. Çünki Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran bir atributdur.
Dilimizin tarixi yolu
Dilimizin E.ə. IV əsrdən gələn bir tarixi yolu vardır. Hansıki bu dövrlərdə indiki Azərbaycan ərazisində Albaniya, cənubda isə Atropatena dövləti mövcud olmuşdur. Uzun müddət şimalın və cənubun əhalisi həmişə birlikdə olduğu üçün bir canişinlikdə birləşdirilir. Nəticədə isə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapır. Dil olaraq ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmış, VI–VIII əsrlərdə şifahi ədəbi dilimiz təşəkkül tapmışdır. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanları meydana gəlir və bugünümüzə qədərdə yaşayır. IX-XI əsrləri əhatə edən yazılı dilimiz bu dövrlərdə daha da təşəkkül tapır. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası artıq meydana gəlir. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud” un dili həm də kamil yazı nümunəsidir. “Kitabi-Dədə Qorqud” dan sonra XIII əsrin dil materiallarını əldə etmək mümkün olmuşdur. Aradakı boşluq həmin dövrdə yazı materiallarının olmaması demək deyildir. Bunu böyük Azərbaycan şairi Nizaminin qeydləri, türk xalqlarının əldə edilmiş yazılı abidələri, M.Kaşğarinin “Divan”ı, az sonra meydana çıxan “DastaniƏhməd Hərami”, “Mehr və Vəfa”, “Yusif və Züleyxa” kimi kamil əsərlər də təsdiq edir. Birinci minilliyin ortalarından başlayaraq, dilimiz həm türk dili, həm də azəri dili adlanmışdır. Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tayfası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz zamanlarında güclü Assur dövlətini daim qorxu altında saxlamışlar. Turukki sözü “güclü, qüvvətli, doğan, törəyən” mənalarında tur, tör sözündən olub, türük/türk sözünü əmələgətirmişdir. Türk sözünün tarixi çox qədim olsa da, Azərbaycanda V əsrdən – Sasanilər dövründən kütləviləşməyə başlamışdır. Mənbələrə görə Ərəblər cənub ərazilərdən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz şivələrində “Azərbaycan” şəklinə saldıqları, azərbaycanlıları qısa şəkildə “azəri” adlandırdıqları üçün “türk” sözü ilə yanaşı, “azəri” terminindən istifadə edirdilər. Bu sözlərin işlənməsi erkən başlamışdı. Türk sözü V əsrdən, azəri sözü isə VII əsrdən işləkliyini genişləndirmişdir. Ərəb tələffüzü ilə təşəkkül tapan Azərbaycan sözü Antarpatianu sözündən əmələ gəlmişdir. Antarpatianu sözünün birinci hecasındakı An Allah adının “n” samiti düşmüş, söz Atarpatianu, tədricən Atropatena şəklini almışdır. Bir sıra yazılarda isə Atropatena sözündə irəli çıxan dz qovuşuq səsinin karlaşmış birinci komponenti (t) üstünlük qazanmış, ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican – Azirbican – Azərbaycan şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili “əl azəriyə” – azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir. Bu söz tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır. Beləliklə, dilimizin adı kimi, türk dili ifadəsinin də böyük tarixi vardır. 1924-cü ildə Türkiyə respublikası yaradıldıqdan, türklərin dili türk dili adlandırıldıqdan xeyli sonra da dilimiz “türk dili” adı ilə tanınmaqda idi və hətta 1936-cı ildə “ Türk dil” adlı məktəb dərsliyi də çap olunmuşdur. 1936-cı ilin SSRİ konstitusiyasında dilimizin adı “Azərbaycan dili ” şəklində təsbit edilmişdir. 1992-ci il sənədlərinə əsasən Azərbaycan dili termini türk dili termini ilə əvəz edilmiş, 1995-ci il ümumxalq referendumu və respublika konstitusiyası ilə “ Azərbaycan dili ” ifadəsi yenidən qanuniləşdirilmişdir.
Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Azərbaycan dilindən həm respublikamızda, həm də xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azərbaycan dilində 45 milyondan artıq adam danışır. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili kimi də işlənilir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra azsaylı xalqlar, o cümlədən, lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər. Dilimiz öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi buna imkan verir. Onun hər şeydən əvvəl, xoş avaz yaradan səslər sistemi, zəngin və rəngarəng söz ehtiyatının olması, tam sabitləşmiş qrammatik quruluşu bunu təsdiqləyir. Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyalarla ifadə etmək olur. Bu dil elmi, siyasi,fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün də çox yararlıdır. Eyni zamanda dünya mədəniyyəti xəzinəsinə qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzulinin məşhur “Leyli və Məcnun” poeması, M.Axundovun komediyaları və bir çox misilsiz sənət əsərləri həmin dildə – Azərbaycan dilində yaranmışdır. Fəlsəfi-siyasi əsərlər də bu dildə çox gözəl səslənir. Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzəridiqqətini özünə cəlb etmişdir. Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski və başqaları Azərbaycan dilinin əhəmiyyətindən bəhs etmişlər. Görkəmli ictimai xadim olan Sultan Məcid Qənizadə isə Azərbaycan dili haqqında belə yazmışdır: “ Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox maraqlıdır… Buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”. Azərbaycan dili mənşəcə müasir türk dillərinə məxsusdur.
Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
Subyekt.az