
Arif Mircəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıdaanadan olub. Arif Paşayev ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alıb və onun ilk iş yeri Bakı Dövlət Universiteti, ilk vəzifəsi laborant olub. Biliyi və istedadı zəhməti ilə birləşərək ona elm və vəzifə pillələri ilə daim irəli getməyə imkan verib. 1957-ci ildə laborantlıqdan başlayan əmək və elmi fəaliyyət yolu sonralar daha zənginləşib. 1959-cu il. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu, kiçik elmi işçi; 1960-cı il. Dövlət Nadir Metallar İnstitutunun aspiranturası; 1966-cı il. AEA-nın Fizika- riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi…
Arif Paşayev institutu bitirdikdən cəmi doqquz il sonra – 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. O, Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradıb. Sonralar daha irəli gedərək yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər
xassələri kontaktsız tədqiq etmək metodunu işləyib hazırlayıb. Bu ixtiraların və elmi işlərin nəticəsi olaraq alim tərəfindən təklif edilən cihazların kütləvi istehsalına başlanılıb və bu işlərə bilavasitə Arif Paşayevin özü rəhbərlik edib. Nəhayət, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almağa müvəffəq olub.
Elmin zirvələrinə aparan pillələr bir-birini beləcə əvəz edib. Arif Paşayev SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb. Əldə olunan bu nəticələrə görə SSRİ EA Elmi Şurasının xüsusi mükafatına layiq görülüb, Azərbaycan EA-nın müxbir üzvü seçilib.
Subyekt.az