![]()
20 sentyabr Azərbaycan tarixində iki fərqli zaman kəsiyini eyni tarixdə birləşdirən nadir günlərdən biridir. Otuz ildən artıq əvvəl imzalanmış bir iqtisadi sazişlə illər sonra qazanılmış hərbi-siyasi Qələbə məhz bu tarixdə kəsişir və bu təsadüf Azərbaycan dövlətçiliyinin necə addım-addım formalaşdığını göstərir. Müstəqillik bir dəfəlik qazanılıb arxivə qoyulan sənəd deyil, hər gün yenidən qorunan, möhkəmləndirilən və inkişaf etdirilən canlı bir dəyərdir 20 sentyabr bunun ən bariz sübutudur.
Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini yenidən bərpa edən gənc respublika ağır sınaqlarla üzləşmişdi: iqtisadi çöküş, daxili qeyri-sabitlik, hakimiyyət böhranı və işğal təhlükəsi eyni anda dövləti sıxışdırırdı. Xalq öz taleyinin sükan arxasında dayanacaq bir lider axtarırdı və bu ağır məqamda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin tarixində dönüş nöqtəsi oldu. Onun uzaqgörənliyi təkcə daxili sabitliyin bərpasında deyil, həm də dövlətin beynəlxalq aləmdə tanınması və etibarlı tərəfdaş kimi qəbul edilməsində özünü göstərdi. Heydər Əliyev dərk edirdi ki, siyasi müstəqillik ancaq güclü iqtisadi təməl üzərində davamlı ola bilər, ona görə də ölkənin təbii sərvətlərini təcrid olunmuş bir resurs kimi deyil, beynəlxalq əməkdaşlığın və inkişafın əsas alətinə çevirmək qərarına gəldi.
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan müqavilə tarixə “Əsrin müqaviləsi” adı ilə düşdü. Bu sənəd sadəcə neft hasilatına dair kommersiya razılaşması deyildi; o, gənc dövlətin dünya iqtisadi sisteminə qoşulmasının, xarici sərmayə üçün etibarlı məkana çevrilməsinin və nəticədə siyasi müstəqilliyinin möhkəmlənməsinin təməlini qoydu. Heydər Əliyevin bu addımı sonrakı onilliklərdə Azərbaycanın həm regional, həm də qlobal miqyasda mövqeyini gücləndirən neft strategiyasının başlanğıcı oldu. Elə buna görə də bu tarix rəsmi təqvimdə dövlət suverenliyinin möhkəmləndirilməsi günü kimi qeyd olunur və hər il xalqımız Ulu Öndərin uzaqgörən siyasətini məhz bu gündə xüsusi minnətdarlıqla yad edir.
Ancaq iqtisadi müstəqillik ərazi bütövlüyü olmadan tam sayıla bilməzdi. Ermənistanın hərbi işğalı altında qalan Qarabağ torpaqları onilliklər boyu cəmiyyətin ən ağrılı yarası olaraq qalmışdı. Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu məsələdə həm diplomatik, həm də hərbi sahədə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi. Onun rəhbərliyi altında güclənən Azərbaycan Ordusu, müasirləşən silahlı qüvvələr və düşünülmüş xarici siyasət nəticə etibarilə 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsində şanlı Qələbə ilə nəticələndi. Ali Baş Komandan kimi İlham Əliyevin sərgilədiyi iradə, strateji düşüncə və məsuliyyət bu Qələbəni mümkün edən əsas amillərdən biri sayılır.
Lakin Qələbədən sonra da separatçı ünsürlərin qalıqları Xankəndi və ətraf bölgələrdə müəyyən müddət fəaliyyətini davam etdirirdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qısamüddətli, lakin son dərəcə effektiv antiterror tədbirləri məsələyə birdəfəlik son nöqtəni qoydu. Bu əməliyyat Muzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin və qətiyyətinin daha bir təsdiqi oldu, dövlət suverenliyi Qarabağın bütün ərazisində, istisnasız şəkildə və tam şəkildə bərpa olundu. Beləcə, ölkə 1994-cü ildə iqtisadi müstəqilliyini necə təsdiqləmişdisə, 2023-cü ildə də ərazi bütövlüyünü elə tam şəkildə bərpa etdi və iki hadisə arasında qeyri-adi, rəmzi bir körpü yarandı: Ulu Öndərin qoyduğu iqtisadi təməl və onun siyasi kursunu davam etdirən Prezidentin apardığı qətiyyətli mübarizə eyni məqsədə, tam suveren Azərbaycan dövlətinin qurulmasına xidmət etdi.
Azadlığın gətirdiyi sevinc isə təkcə mücərrəd bir hiss deyil, konkret şəhərlərin və insanların taleyinə toxunan real dəyişiklikdir: 1992-ci ilin faciəsini daşıyan, lakin bu gün ədalətin bərpasının rəmzinə çevrilən Xocalı; Qarabağın inzibati mərkəzi olaraq dövlət hakimiyyətinin bərpasının son həlledici addımı sayılan Xankəndi; uzun illər işğal altında qalıb indi yenidən quruculuq nəfəsi alan Xocavənd; vaxtilə demək olar ki, tamamilə dağıdılmış, bu gün isə “Böyük Qayıdış” proqramı çərçivəsində sətir-sətir dirçələn Ağdam, hər biri öz taleyi ilə eyni böyük hekayənin bir parçasına çevrilib. Bu şəhərlərin azadlığı sadəcə torpağın geri qaytarılması deyil, illərlə gözlənilən qayıdışın, kəsilmiş güzəranın yenidən qurulmasının başlanğıcıdır. Bu gün həmin ərazilərdə aparılan bərpa və abadlıq işləri, çəkilən yollar, tikilən evlər, qayıdan ailələr Azərbaycan dövlətinin gücünü və xalqın birliyini bir daha nümayiş etdirir.
20 sentyabrın çağdaş Azərbaycan tarixindəki yeri məhz bununla fərqlənir ki, o, iqtisadi və siyasi-hərbi nailiyyətləri, iki fərqli liderin Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin töhfələrini bir tarixdə birləşdirir. Bir tərəfdə sərvətin ağıllı idarə olunmasıyla qazanılan beynəlxalq etibar, digər tərəfdə hərbi qüdrət və siyasi iradə ilə bərpa olunan ərazi bütövlüyü dayanır. Hər iki proses eyni məqsədə müstəqil, güclü və tam suveren Azərbaycan dövlətinin qurulmasına xidmət edib. Bu gün Xocalıda, Xankəndidə, Xocavənddə və Ağdamda davam edən bərpa işləri, yenidən canlanan həyat, geri qayıdan sakinlər bir mesajı təsdiqləyir: itirilmiş torpaqlar geri qaytarılanda təkcə sərhədlər deyil, insanların gələcəyə olan inamı da bərpa olunur. Bu da 20 sentyabrı yalnız keçmişin xatırlanma günü deyil, gələcəyə inamla baxmağın rəmzinə çevirir.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Subyekt.az