![]()
Növbəti dəfə növbəti səhnə və növbəti riyakarlıq pərdəsi Frank Şvabe! Yenə eyni köhnə ssenari, yenə həmin qərəzli ritorika və yenə də hədəfdə müstəqil, qüdrətli və qalib Azərbaycan!Şvabekimilər AŞPA tribunalarından, Parisin və yaxud digər anti-Azərbaycan mərkəzlərinin qaranlıq künclərindən Bakıya diktə edə bilməz!
Görünür, Şvabe və onun kimilərinin yaddaşı kütləşib. Azərbaycan bu gün öz siyasi xəttini özü müəyyən edir, regionda yeni reallıqları özü yaradır.
Azərbaycanın müstəqil iradəsini və Zəfərlə formalaşdırdığı yeni geosiyasi reallıqları qəbul edə bilməyən Şvabenin qərəzli bəyanatları iflasa uğramış siyasi yanaşmanın növbəti təzahürüdür. Onun ard-arda səsləndirdiyi ittihamlar Azərbaycanın artan gücü və nüfuzu qarşısında aciz qalan düşüncədən qaynaqlanır. Reallığı qəbul edə bilməyənlər adətən, həqiqəti təhrif etməyə çalışırlar.
Biz torpaqlarımızı Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Dəmir Yumruğun sarsıdıcı gücü, Şəhidlərimizin qanı, Qazilərimizin canı ilə azad etmişik. Şvabelər indi hansı haqla, hansı mənəviyyatla bizə insanlıq və hüquq dərsi keçmək sevdasına düşüblər?
Avropanın mərkəzində islamofobiyanın, ksenofobiyanın və neokolonializmin tüğyan etdiyi bir vaxtda öz daxili problemlərini gizlətmək üçün diqqəti Azərbaycana yönəldənlər növbəti dəfə iflasa məhkumdurlar. Heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir sanksiya hədəsi bizi haqq yolumuzdan döndərə bilməz. Azərbaycan xalqı
Möhtərəm Cənab Prezident İlham Əliyevin ətrafında polad kimi birləşib.
Odur ki, Şvabe və onun kimilərinin kağız üzərində qurduqları qarayaxma kampaniyaları Bakının formalaşdırdığı reallıqlar qarşısında heç bir dəyər daşımır.
Tarixi yazanlara hesabat yazanlar dil uzada bilməz!
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.
25 İyun 2026-cı il.
Subyekt.az