![]()
26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü xalqımızın şanlı hərbi tarixinin ən mühüm səhifələrindən biridir. Bu gün yalnız ordumuzun bayramı deyil, həm də dövlət-xalq-ordu birliyinin təntənəsinin nümayiş olunduğu xüsusi gündür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup hərbi qulluqçunun təltif edilməsi dövlətin öz ordusuna göstərdiyi yüksək diqqət və qayğının növbəti təzahürüdür. Bu təltiflər sırasında Vətən uğrunda canından keçmiş şəhidlərimizin adlarının yer alması isə xüsusi məna daşıyır. Bu, şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların qəhrəmanlığının dövlət və xalq tərəfindən heç vaxt unudulmayacağını bir daha təsdiqləyir.
Ali Baş Komandanın bu addımı həm də Azərbaycan xalqının, ordusunun və dövlət rəhbərliyinin sarsılmaz birliyinin növbəti nümunəsidir. Məhz bu birlik sayəsində Azərbaycan Ordusu tarixinin ən şərəfli zəfərlərini qazanmağa nail olmuşdur.
Qarabağ uğrunda aparılan mübarizə göstərdi ki, Azərbaycan Ordusu heç zaman məğlubiyyətlə barışmayan, daim qələbə naminə döyüşən qüdrətli bir hərbi gücdür. Azərbaycan əsgəri yalnız Ermənistan silahlı qüvvələri ilə deyil, eyni zamanda ölkəmizə qarşı müxtəlif formalarda düşmənçilik siyasəti yürüdən qüvvələrlə də mübarizə aparırdı. Buna baxmayaraq, Azərbaycan xalqının iradəsi, dövlət rəhbərliyinin qətiyyəti və ordumuzun peşəkarlığı nəticəsində tarixi Zəfər qazanıldı.
Bu gün qalib xalq olaraq qürurla deyə bilirik ki, Azərbaycan yalnız Ermənistanı deyil, həm də onun arxasında dayanan siyasi və ideoloji dəstəkçilərin planlarını döyüş meydanında iflasa uğratdı. Azərbaycanın qazandığı Zəfər regionun siyasi xəritəsini dəyişdirdi, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı.
Bu gün Azərbaycan əsgərinin günüdür. Bu gün əsrlər boyu Azərbaycanı zəif görmək istəyənlərin arzularını puç edən qəhrəman oğullarımızın bayramıdır. Tarix bir daha sübut etdi ki, sərkərdəsi güclü olan ordunu məğlub etmək mümkün deyil. Azərbaycan Ordusunun bu gün İlham Əliyev kimi qətiyyətli, uzaqgörən və güclü siyasi iradəyə malik Ali Baş Komandanı var.
Məhz onun rəhbərliyi altında Azərbaycan Ordusu tarixi missiyasını uğurla yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu bayram həm də həmin şərəfli missiyanı həyata keçirən zabitlərin, gizirlərin, əsgərlərin və bütün şəxsi heyətin bayramıdır.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı misilsiz həmrəylik nümayiş etdirdi. Uşaqdan böyüyə qədər hər bir vətəndaş özünü bu mübarizənin bir əsgəri kimi hiss etdi. Məhz həmin milli birlik, əzmkarlıq və vətənpərvərlik ruhu Azərbaycanın ən böyük güc mənbəyinə çevrildi.
Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biridir. Onun qazandığı qələbələr yalnız hərbi uğur deyil, həm də milli qürurun, dövlətçilik iradəsinin və xalqın yenilməz ruhunun təntənəsidir.
Azərbaycan əsgəri! Başın hər zaman uca olsun!
Azərbaycan Ordusunun yaranması günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi, müharibə veteranlarımızı və xalqımızı ürəkdən təbrik edir, şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramla baş əyirik.
Bayramın mübarək, qalib Azərbaycan!
Rövşən Hüseynli
Subyekt.az