![]()
Abşeron rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçirilib. Gənc şahmatçıların intellektual bacarıqlarının inkişaf etdirilməsi, onların sağlam rəqabət mühitində mübarizə aparmalarına şərait yaradılması və milli dəyərlərin təbliği məqsədilə təşkil olunan yarış böyük maraqla qarşılanıb.
Turnirdə Xırdalan şəhər 2 saylı tam orta məktəbinin rus bölməsinin 2M sinif şagirdi Məmmədli Şəms Rafiq qızı yüksək oyun nümayiş etdirərək bütün mərhələləri uğurla başa vurub və I yerə layiq görülüb. Qalib məktəbli əldə etdiyi nəticəyə görə kubok və medal ilə təltif edilib.
Məmmədli Şəms Rafiq qızının qazandığı bu uğur onun zəhmətinin, əzmkarlığının və şahmat sahəsindəki istedadının bariz göstəricisidir. Erkən yaşlarından intellektual idman növünə maraq göstərən şagirdin nailiyyəti həm təhsil aldığı məktəbin, həm də ailəsinin qürur mənbəyidir.
Belə yarışlar məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşmasına, strateji düşüncə qabiliyyətinin inkişafına və gənclərin intellektual potensialının üzə çıxarılmasına mühüm töhfə verir. Məmmədli Şəms Rafiq qızının qazandığı birincilik digər məktəblilər üçün də motivasiyaedici nümunə kimi dəyərləndirilə bilər.
Subyekt.az kollektivi Məmmədli Şəms Rafiq qızını qazandığı möhtəşəm uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər, yeni qələbələr və uğurlu təhsil həyatı arzulayır.














Subyekt.az