
Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində, geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. 1908-ci ildə Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə Avropadaki qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü olaraq qeyd etmişlər. 1910-cu ildə (1857-ci il hadisələrdən 52 il sonra) Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı bir alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də, buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. 1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, onların birqrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Sonda, Subyekt. az xəbər portalı adından Azərbaycan analarını və qadınları bu əlamətdar gün münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Sözlərimi ölməz ustad, əbədiyaşar Cavid əfəndinin bu misraları ilə tamamlamaq istərdim.
Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək…
Bayramınız mübarək, ey Azərbaycan qadını!
Rövşən Hüseynov
AJB-nin üzvü,
Subyekt .az xəbər potalının təsisçi-baş redaktoru
Subyekt .az