![]()
Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərininpeşə bayramı qeyd edilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir. Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənininkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda – köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edildi və 1981-ci ildə obyektin tikintisinə başlandı. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqın istifadəsinə verildi. Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları bölməsi də inkişaf etməyə başladı, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətləndi, Azərbaycanın internet seqmenti genişləndi. Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı birbaşa ümummilli liderin kursunu davam etdirən ölkə Prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur. 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanmışdır. Həmin ilin noyabrında illik Bakutel sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilmişdir. Bütün bunlar hökumət tərəfindən İKT bölməsinə böyük diqqətin yetirilməsini bir daha sübut edir.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az