
Sultanov Məmmədağa Sultan oğlu 1910-cu il yanvarın 5-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. “Hücum” jurnalının məsul katibi (1932- 1933), Kürdəmir rayonu MTS siyasi şöbəsinin orqanı “Bolşevik” qəzetinin redaktoru (1933-1935), Masallı rayonu qəzetinin redaktoru (1935-1936), “Gənc işçi” qəzetinin məsul katibi (1936-1937), “Kommunist” qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri (1937- 1938), mühəndis və təsərrüfatçıların ixtisasını artıran institutun dil və ədəbiyyatkafedrasının müdiri (1939), Azərbaycan Dövlət Universitetinin aspirantı və müəllimi (1939- 1941) işləmişdir.
İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi və siyasi təlimatçısı kimi Sovet Ordusu tərkibində Təbrizdə (1941- 1942), Qafqazda olmuşdur (1942- 1945). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutu əlyazmaları şöbəsinin müdiri (1945-1950), Azərbaycan Elmlər Akademiyası Əlyazmaları fondunun direktoru (1950-1972), şöbə müdiri (1972-1976), Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunun Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri (1976-1981), Azərbaycan EA respublika Əlyazmaları İnstitutunda baş elmi işçi (1982-ci il-dən) olmuşdur. Ədəbi fəaliyyətə 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Sənət məktəbi” adlı ilk şeirilə başlamışdır. Klassik ədəbiyyatdan etdiyi poetik tərcümələr onun yaradıcılığında başlıca yer tutur. “Kəlilə və Dimnə” (1980) kitabındakı şeirləri Füzulinin, Nəsiminin və digər klassiklərin fars dilində yazdığı şeirləri poetik tərcümə etmişdir. O, bir sıra müqəddimə, şərh və elmi-tənqidi məqalələr yazmışdır. Rubaki, Cami, Əbu Əli Sina, Sədrəddin Ayni kimi sənətkarların yubileyində məruzələrlə çıxış etmişdir. Fəal ictimai iş aparmışdır: işlədiyi elmi-tədqiqat institutlarında yerli həmkarlar ittifaqının sədri, ilk partiya təşkilatının katibi olmuşdur. Xidmətlərinə görə 7 medalla təltif edilmişdir. 1991-ci il yanvar ayının 19-da Bakıda vəfat etmişdir.
Əsərləri: “Xaqani Şirvaninin həyat və yaradıcılığı” (1954) və s. Tərcümələri (farscadan): Heyran xanım. “Qəzəllər” (1951), Xaqani Şirvani. “Seçilmiş əsərləri” (1956), Xaqani Şirvani. “Töhfətül İraqeyn” (1959), Sədi Şirazi. “Gülüstan” (1962), A. Bakıxanov. “Hind əfsanəsi” (1972), Əmir Xosrov Dəhləvi. “Oğluma nəsihət” (1976), NizamiGəncəvi. “Seçilmiş əsərləri” (1983), Əssar Təbrizi. “Mehr və Müştəri” (1988), “Rübailəraləmində” (1989) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az