![]()
Kəlbəcərin Cəpli kəndi ərazisində selə düşərək itkin düşən 11 yaşlı Yaqubun axtarışları beş gün davam edən gərgin əməliyyatdan sonra nəticə verib. Azyaşlının nəşi çaydan tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Şəmsəddin Məmmədov sosial şəbəkə hesabında paylaşım edərək axtarış-xilasetmə əməliyyatında iştirak edən bütün qurumlara və əməkdaşlara dərin minnətdarlığını ifadə edib.
Bildirilib ki, axtarışlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və dalğıcları, Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələri, korpus komandiri general-mayor İdris müəllimin rəhbərliyi altında hərbçilər, Kəlbəcər Rayon Polis Şöbəsinin şəxsi heyəti, Kəlbəcər Rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin kollektivi, YKT əməkdaşları, eləcə də “Cengiz İnşaat” şirkətinin əməkdaşlarının birgə səyləri ilə fasiləsiz şəkildə aparılıb.
Şəmsəddin Məmmədov paylaşımında qeyd edib ki, Kəlbəcər ictimaiyyəti adından əməliyyatda iştirak edən bütün şəxslərə və qurumlara təşəkkür edilir:
“Bu ağır günlərdə gecə-gündüz yorulmadan çalışan hər kəsə minnətdarıq. Allah hər birinizi qorusun. Yaqub balamıza Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirik.”
Subyekt.az olaraq, Yaqubun vəfatından dərin kədər hissi keçirir, ailəsinə və yaxınlarına səbir diləyirik. Bu faciənin ağrısını bölüşür, axtarış-xilasetmə əməliyyatında əzmlə iştirak edən bütün qurumların əməkdaşlarına təşəkkürümüzü bildiririk. Allah rəhmət eləsin.
Subyekt.az