![]()
Qarabağ Universiteti ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafına və praktiki bacarıqlarının artırılmasına yönəlmiş istehsalat təcrübəsi proqramı həyata keçirilib.
Universitetdən Subyekt.az AZƏRTAC-a istinadən bildirilib ki, proqram çərçivəsində tələbələr ABB-nin müxtəlif filiallarında real iş mühiti ilə tanış olub, universitetdə qazandıqları nəzəri bilikləri praktik fəaliyyət zamanı tətbiq etmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Təcrübə proqramında iştirak üçün ümumilikdə 162 tələbə müraciət edib. Seçim mərhələlərini uğurla başa vuran 61 tələbə proqramda iştirak etmək hüququ qazanıb və ABB-nin müxtəlif filiallarında istehsalat təcrübəsi keçib.
Proqram müddətində tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafı ilə yanaşı, fərdi və karyera inkişafının dəstəklənməsi məqsədilə müxtəlif təlim və inkişafyönümlü fəaliyyətlər də təşkil olunub.
Qarabağ Universiteti ilə ABB arasında əməkdaşlıq tələbələrin əmək bazarının müasir tələblərinə uyğun kompetensiyalar əldə etməsinə, praktiki təcrübə qazanmasına və gələcək karyera imkanlarını genişləndirməsinə şərait yaradır.
Həyata keçirilən bu cür təşəbbüslər tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsi baxımından əhəmiyyətlidir.
Subyekt.az