
Azərbaycan-ABŞ əlaqələrinin ardıcıl tədqiqatçılarından idi. Zeydulla Ağayev Azərbaycan Dövlət Dillər Universitetində elmi işlər üzrə prorektor, ədəbiyyat tarixi kafedrasının müdiri vəzifələrində çalışıb. 1980-ci ildə namizədlik, 1997-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib, bir monoqrafiya, 70-ə yaxın elmi, yüzdən çox publisistik məqalənin müəllifidir. Zeydulla Ağayev 1945-ci il martın 2-də Masallı rayonunda anadan olub.
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin institutda başlayıb, “Bilik” qəzetinin redaktoru olub. Zeydulla Ağayev həm öz orijinal nəsr əsərləri, həm də ingilis dilindən etdiyi tərcümələri ilə tanınıb. Azərbaycan oxucusu onun tərcüməsində Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey və başqalarının roman, povest və hekayələri ilə tanış olub. Zeydulla Ağayevin 1990-cı ildə nəşr etdirdiyi müasir Amerika yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımız tarixində birbaşa ingilis dilindən tərcümə edilmiş ilk romandır. O, həm də “Müasir Azərbaycan nəsri”ni ingiliscəyə çevirmiş ilk bədii tərcümə sənətkarlarından biri idi. İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının bir sıra hekayələrini ingilis dilinə çevirib və çap etdirib. Zeydulla Ağayev bir sıra nəsr kitablarının da müəllifidir: “Məhəbbət nəğməsi” (1980), “Beş günün intizarı” (1982), “Yenilməzlik” (1985), “Dünyanın düz vaxtı” (1990)… Tərcümələri (ingiliscədən): T. Drayzer, “Qasırğa” (1972), “Erməni genosidi” (1992), “Cəmyuel. Ermənistan “xristian” terrorçu ölkənin gizlinləri” (2003) və s. Zeydulla Ağayev: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 951.
Subyek.az