Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad
Soranlara, mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bu ölkənin
Haqq-bağıran səsiyəm.
Əhməd Cavad
Qasırğalar gələndə təkcə güllər, çiçəklər sınıb tökülmür. Həm də qollu-budaqlı ağaclar parçalanır, yarılır, yıxılır. 20-ci illərin dalğaları elə-belə dalğalardan deyildi. O hər şeyi qasırğa gücü ilə dağıdıb, uçurdu. Amma təbiətin də öz qanunauyğunluqları var. Heç nə izsiz, tozsuz qalmır. Kökü torpaqlardan su içib başı buludlara söykənən möhtəşəm ağaclar nə qədər qasırğa görsə də, tufanlarla üzləşsə də yaşayır. Neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmiş 1937-ci ilin qara tufanının qurbanlarından biri də Əhməd Cavad olmuşdur. O Əhməd Cavad ki, adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-ixtiyari olaraq səslənir. 20-ci illərin dalğaları Əhməd Cavadı bir şair kimi də, bir vətəndaş kimi də sahillərdən sahillərə, qayalardan qayalara çırpmaq, əzmək istəmişdi. İndi üstündən uzun illər dolandıqdan sonra adam nə o dalğaların gücünə, nə o qasırğanın amansız rəftarına inanmaq istəmir. Çünki vaxt hər şeyi yerbəyer edir. Əhməd Cavad indi dalğalardan da, tufanlardan da özü qədər, yaradıcılığı və şəxsi qüdrəti qədər ucada dayanır. Arxivləri vərəqləyib keçmişə qayıtdıqca istər-istəməz adamın ürəyindən gizli-gizli sızıltılar keçir. Varlığında bir üşütmə qopur. Bir insana nə qədər təqiblər edilər, nə qədər hiylələr qurularmış?.. Əhməd Cavad ədəbiyyatımızda şair, müəllim, vətəndaş, içtimai-siyasi xadim, publisist, jurnalist, tərcüməçi kimi tanınmışdır. Əhməd Cavadın bir sıra əsərləri, xüsusilə də Azərbaycanın dövlət himni, “Çırpınırdın Qara dəniz”, (yaxud “Yol ver türkün bayrağına”), “Göy göl” və digər şeirləri dillər əzbəridir. Onun adı geniş oxucu kütləsi üçün çox əzizdir. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin, talesiz Əhməd Cavadın keçdiyi həyat yolunu oxuculara çatdırmaq mütləqdir.
Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür.
Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilmişdir. Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak etmişdir. Birinci Dünya Müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun kənd məktəblərində müəllimlik etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Ədəbiyyat cəmiyyətinin katibi (1924-1926), Kənd Təsərrüfatı texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində çalışmışdır.
Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi “Azərnəşr” in bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir. Əhməd Cavadın poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun.
Əhməd Cavadın adı tarixə təkcə şairliyi ilə deyil, müəllimlik fəaliyyəti ilə də yazılıb.
Bundan başqa, Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında başlanan müharibədə Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. O, 1912-ci ildə Türkiyə-İstanbula səyahət edərək bir əlində silah, bir əlində qələm könüllü əsgər kimi döyüşüb.
Şair vaxt taparaq məqalə və şeirlərlə orduya əlindən gələn mənəvi köməyi edirdi. Artıq tale insanı seçir və onu istədiyi yerə sürükləyə, ata, aparıb çıxara bilir. Xeyriyyəçilik fəaliyyəti ilə Acarıstana gedib çıxması təkcə Əhməd Cavadın bir şair kimi fəaliyyətinə deyil, şəxsi həyatına da öz təsirini göstərir. Belə ki, o, həyatının sevgisini-Şükriyyəni də Acarıstanda tapır və atasının evlənmələrinə razılığı olmadığından onu Gəncəyə qaçıraraq orada toy edir. Bu nigahdan onların Niyazi, Almaz, Yılmaz, Aydın və Türkay adlı övladları olur. Şükriyyə xanım böyük şair Əhməd Cavadın poeziyasına şeirlərlə iz salır. Elə bir iz ki, heç zaman silinməz…
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından
Bir bağa, baxçaya girmərəm sənsiz!
Şair öz həqiqətini tapmışdı və tapdığı bu həqiqətə cani–könüldən inanırdı. Amma inancı həm də onun məhvinə səbəb oldu. O məhz milli ruhlu şeirlərinə, məhz istiqlal carçısı olduğuna görə sovet dövründə təzyiqlərə, təqiblərə məruz qaldı. O, sovet rejimi qurulduqdan sonra fərqli bölgələrə çəkilsə də, yazdığı şeirlərdə ruhunu öldürməyə, əzməyə, yenilmiş və yenilənmiş kimi göstərməyə çalışsa da, artıq fərmanı verilmişdi, qarşıya qoyulan məqsədə doğru irəlilənməkdə idi. Hər şeiri çıxdıqda hamı sözləşibmiş kimi, mətbuatda tənqidi məqalələrlə çıxış etməyə başlayırdı. Elə bir dövr, elə bir mühit idi ki, sadəcə susmaq, sadəcə dinləmək, kölgəyə çəkilmək, yox olmaq mümkün deyildi. Özü də Əhməd Cavadın aktiv müəllimlik fəaliyyəti də nəzərə alınarsa, bunu mümkünsüz olduğu aydınlaşar. O, yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq üç dəfə həbs olunmuşdu. İlk dəfə bu 1923-cü ildə olmuşdu. Səbəb isə başqa bir müsavatçı Mirzə Bala Məmmədqluzadənin Türkiyəyə qaçıb getməsinə yardım etməsi idi.
İlk dəfəki həbs zamanı olmasa da, sonrakı dindirmələlərdə Əhməd Cavad bu faktı etiraf edərək boynuna alır. Amma taleyin çox maraqlı oyunları olur. Belə ki, o ilk dəfə həbs olunduğu zaman qurtuluşunun səbəbkarı, nə qədər qəribə də olsa, Mircəfər Bağırov idi. Daha doğrusu, o, Əhməd Cavad və H.Musayev birlikdə hələ 1920-ci ildə Qubanın Xuluq kəndində işləmişdir. Bundan istifadə edən Hüseyn Musayev Mircəfər Bağırovun yanına gedərək Cavadın azad olmasını xahiş edir. Və istəyinə nail ola bilir. Amma bu qurtuluş müvəqqəti idi. Çünki artıq yaddaşlara yazılmış istiqlal şeirindəki səmimiyyət, inanc və etiqad o misraların sahibinin daxilən, mənən öz inamından dönməyəcəyini, bu quruluşa uyuşmayacağını xəbər verirdi. Əslində, elə “etiraf edirəm” sözlərinin söylənildiyi məclislərdə belə Cavad “Mən xəyənatkar deyiləm” sözünü təkrar etməklə özünü müəyyən mənada ələ vermiş olurdu. Bu ifadəni başqa mənada işlədirmiş kimi görünsə də…1920-1925-ci illər arasında Ə.Cavad cəmi 4-5 şeir çap etdirir. Hər halda, özü də anlayırdı ki, onu ilişdirmək üçün pusquda dayananlar var. Əksəriyyəti də öz “qələm yoldaşları”. Hər sözü, cümləsi təftiş olunur, hər ifadəsinin altından əks-inqilabi fikirlər, azadlıq yanğısı və həsrəti axtarırdılar.
Xüsusilə də nəzərə alınsa ki, Əhməd Cavad dövrünün gəncləri arasında sevilən və yaradıcı gəncləri öz “havasına çəkən” bir şair idi, “təhlükə” nin nə qədər böyük olduğu anlaşılar. Beləliklə, 1920-1930-cu illərdə bu yaradıcılıq geninə-boluna təftiş olunmağa başlayır.
Əhməd Cavad yaradıcılığının ilk illərindən etibarən əsərləri M.Ə.Rəsulzadə, A.Sur, A.Şaiq, H.Cavid, M.Müşfiq, S.Hüseyn, X.X.Səbribəyzadə, H. Qarağazadə kimi müəlliflər tərəfindən təhlil və təqdir olunan şairin yaradıcılığı ətrafında qızğın mübahisə və müzakirələr 1920-1930-cu illərə aiddir. Həmin dövrdə, yeni ideloji sistem və elmi-nəzəri prinsiplər dövründə şairin əsərləri sosioloji tələblərlə təhlil edilir, ondan sosializm quruculuğu, kollektivləşmə, sənayeləşmə və s. bu kimi ideyalara xidmət tələb olunurdu. Və o, qismən də olsa, bunun ücün çaba göstərirdi. Digər tərəfdən də iclaslarda, pleniumlarda çıxış edərək özünə haqq qazandırmağa, ittihamlara cavab verməyə çalışırdı. Bu məsələdə bir incə məqam var: maraqlıdır ki, əslində, mətbuatda, iclaslarda Əhməd Cavadı ittiham üçün söylənilən fikirlər təkrar-təkrar deyilə-deyilə sonda onun öz dilindən çıxarılırdı. O, özünü, öz ruhunu başa salmağa çalışaraq söyləyirdi: “…etiraf etməliyəm ki, qabaqda milli-şovinizm məzmunlu əsərlər yazmışam… Mən köhnə üsul ilə tərbiyə almış bir insanam və özüm də gənc deyiləm… Söz verirəm və çoxdan bəri söz vermişəm ki, yeni ruhda işləyəcəm. Lakin imkan veriniz, yardım ediniz… Milli şair olmağa çalışdım, bir çox parçalar yazdım. Bunu boynuma alıram. Lakin bu gün tarix, həyat bir çox əski mətbuatlara qələm çəkdi ki, milli duyğu da onun içində. Bu gün ümumi bəşəri əhəmiyyəti olan bir hərəkətdən saparaq dar bir çərçivəyə girmək bəşəriyyətlə, yazmış olduğum milli ruhda parçalardan imtinayla gənc dimaqlar üçün onların zərərli olduğunu etiraf edirəm.” Bütün bunlar nə idi? Özü-özü ilə aparılan mübarizənin nəticəsimi, yoxsa cismən sağ qalmağa aparan yeganə yolun və yeganə çözümün məhz bu olduğunun dərkimi? Yəqin ki, hər ikisi də vardı…
O, vəziyyətdən çıxmağa çalışırdı. Mənən, ruhən bunun belə onu xilas etməyəcəyini anlasa da, yenə də ailəsi, uşaqları, məhv edilməsi üçün hər şey edilən, amma hələ də içində yaşatdığı, ölməyə, can verməyə qoymadığı arzuları, ideyalları naminə çabalayırdı. Amma istedad hər zaman düşmən doğurur. Cavadın da düşmənləri vardı. Onun istedadının məhvindən keçdiyini anlayanlar fəaliyyətdə idilər. Və kim nə deyir-desin, “Ələkçinin qıl verənləri” olan “qələm yoldaşları” olmasaydı, “sapı özümüzdən olan baltalar” olmasaydı, istedada paxıllıq hissi ilə qovrulan istedadsızlar olmasaydı yəqin ki, Əhməd Cavad və onun kimilər belə asanlıqla qurban verilməyəcəkdi. Ya da ən azından bu qədər çox ziyalı qurbanlarımız olmayacaqdı. Onun ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri 1925-ci ildə dərc etdirdiyi “Göy göl” şeiridir. Hətta canfəşanlıq edənlərin köməyi ilə şeir tərcümə olunub Moskvaya belə göndərilmişdi. Amma “Göy göl” orada yoxlanılsa da, elə bir siyasi səhv tapılmadığından onu azad etmək məcburiyyətində qalmışdılar.
Beləliklə, 1929-cu ildən başlayaraq ta 1937-ci ilə kimi respublika mətbuatında Ə.Cavadın mühakiməsinə həsr olunmuş, onu tənqid və “ifşa” edən müxtəlif yazılar yazılırdı. Əksəriyyəti imkansız yazılmış şeir və məqsədlərlə şair tənqid və təhqir edilirdi. 1928-ci ildə Əhməd Cavad 16 şeirinin Türkiyədə çap olunan “istiqlal məcmuəsi” nə düşməsi isə onu ifşa edənlərin əlinə əsaslı bir bəhanə vermiş oldu.
Beləliklə, düz iki il davam edən ifşa kampaniyasından sonra böyük şair Ə.Cavad 1930-cu ildə Gəncəyə köçmək məcburiyyətində qaldı. Düz beş il o, Gəncədə yaşayıb-yaradır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun türk və rus dilləri kafedrasının müdiri, Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifələrində işləyir. 1933-cü ildə professor adını alır. Amma Bakı ondan əl çəkmir. 1934-cü ildə şair “Azərnəşr” də işləmək üçün yenidən Bakıya dəvət alır. Və hər şey yenidən başlayır. 1937-ci il, mart ayının 21-də hədəf vurulur. O, “Xalq düşməni” kimi əvvəlcə Şura Yazıçıları Cəmiyyətindən uzaqlaşdırılır. Daha sonra isə həbs edilir. Dövlət Təhlükəsizliyi Komitəsində Ə.Cavadın 22316 nömrəli “istintaq” işi saxlanılır. Şair 1937-ci il, iyun ayının 4-də Hüseyn Cavid, Mikayıl Müşfiq və Vəli Xuluflu ilə eyni vaxtda həbs edilir. “Məhkəmə həmin ilin oktyabr ayının 12-də başlandı, cəmi 15 dəqiqə davam etdi. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə onu güllələdilər. Məhkəmənin sədri İ.O.Matuleviç, üzvləri İ.M.Zaryanov və C.K.Jiqur idi. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70, 73-cü maddələri ilə ittiham etmişdir. İrəli sürülən ittihamlardan birincisi budur ki, guya şair 1922-ci ildən əks-inqilabçı müsavat hərəkatının iştirakçısı olub, 1936-cı ildən isə o, Azərbaycanda mövcud olan üsyankar təxribatçılıq-terror-diversiya, millətçi təşkilata qoşulur, öz qarşısına guya Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədini qoyur.
Məhkəmədə hərbi yurist A.F.Kostyuşko və prokuror N.S. Rovski iştirak etmişlər. Lakin burada müdafiəçilər, yəni vəkillər, şahidlər isə iştirak etməmişlər. Əslində bu məhkəmə “15 dəqiqəlik məhkəmədən” bir gün əvvəl, yəni oktyabrın 11-də keçirilmişdir. Hökm bir gün sonra çıxarılmışdır. Şairə ölüm hökmü-“güllələnmək” kəsilmişdir. Şairin həbsinin səbəbi, taleyinin nə ilə yekunlaşdığı, başına nələr gəldiyi nəinki cəmiyyətə, heç ailəsinə də bildirilmir. Əksəriyyət onu Sibirə sürgün olunmuş zənn etsə də, rəsmi sənədlərdən məlum olur ki, o, 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib. Lakin qısa müddətdən sonra şairə bəraət verilib. Onun şeirləri Azərbaycanımızın bütün bölgələrində dildə-ağızda gəzirdi, ən böyük məclislərdə əzbərdən oxunurdu.
Türküstan yelləri öpüb alnını,
Daha yüksəklərə ucal, bayrağım!..
Bu misralar şairin şeirinin xalq variantıdır. Yeri gəlmişkən Ə.Cavad əksər şeirləri xalqın şifahi yaddaşına keçmişdir. Ayrı-ayrı şəhərlərimizdə, kəndlərimizdə biz onların iz və əlamətlərinə rast gəlrik. Çəkdiyimiz misal da onlardan biridir ki, artıq ən çox oxunan kitablarımızdan birinin səhifələrinə çıxmışdır. Bildiyimiz kimi, həmin misralar Əhməd Cavadda aşağıdakı kimidir:
Türküstan elləri öpüb alnını,
Söyləyir dərdini sana bayrağım!
Fərq varmı? Əlbəttə, var. Birinci misrada “ellər” yerinə “yellər” işlədilib. İkinci misra heç şairin şeində yoxdur. Xalqımızın bədii təfəkkürü, təxəyyülü, ona qanad verib.
Bayrağımızın daha yüksəklərə ucalmasını arzulamışdır. Bununla onu demək istəyirik ki, Əhməd Cavadın hər misrası xalq içərisində zərb-məsəl kimi işlədilirdi.
Bu gün ona sadəcə “mübariz istiqlal şairi” deyib keçmək qədər bəsit bir qiymətləndirmə ola bilməz. Yaşanmış bir taleyin, baş vermiş məntiqi və ya qeyri-məntiqi bir sonluğun haqqında o psixoloji yaşantıların dərinliyinə varmadan “qorxmaz, çəkinməz” kimi adi sözlərlə dəyər vermək də yanlışlıqdır. Bu gün Əhməd Cavadın faciəsini anlamaq, dərk etmək üçün o zamana, o mühitə, o qələm “dostlarının” əhatəsinə ehtiyac var. Onun yaşadıqları azğın bir selin cənginə düşüb axmaqda olan insanın yaşantılarına bənzəyir… Sel gəldisə və sən də o axının düz ortasına düşdünsə və üstəgəl çaba göstərdikcə getdikcə daha çox boşluğunu hiss və dərk edirsənsə, özünü, yorğun bədənini yorğun ruhunu axının ixtiyarına buraxmaqdan başqa nə qalır ki, edə biləcəyin, çaba və dönməzliyin işə yaramadığı anlarda məğlubiyyəti etiraf etmək də qəhrəmanlıqdır. Onu qalib edən şeirləri idi. Zamana sinə gərdilər, yaşadılar, qaldılar, bundan sonra da yaşayacaqlar.
Əhməd Cavad hələ Gəncə mədrəsisində oxuduğu zaman müəllimləri Hüseyn Cavid kimi böyük mütəfəkkir şair-filosof, Abdulla Sur kimi ilk milli professional tənqidçi və ədəbiyyatşünas məşhur pedaqoq İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımın əmisi və b. görkəmli şəxsiyyətlər olmuşdur. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (Türkiyəli Əhməd Cavadın qardaşı idi. Məlum olduğu kimi, ədəbi aləmdə iki Əhməd Cavad adlı şair vardır. Onlardan biri eyni dövrdə yaşamış bizim haqqında söhbət açdığımız Əhməd Cavaddır ki, o, öz ləqəbini Türkiyəli Onun adından götürmüşdür. Deyilənə görə, bu iki Əhməd Cavaddan biri öz səsini Azərbaycandan, ikincisi Türkiyədən qaldırmış, oxşar mövzularda şeirlər qoşmuşlar və “kor olsun düşmənimiz” demişlər.) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona Savad Cavad öyrətmişdir. Adları çəkilən həmin müəllimlər Ə.Cavadın həyat yolu və məfkurəsi, sənətini və peşəsini müəyyənləşdirmişlər.
Cavadın publisistik məqalələri arasında müəllimlərin həyatına, yaradıcılığına və fəailiyyətinə həsr olunmuşları, həm kəmiyyətcə, həm keyfiyyətcə üstünlük təşkil edir. Onlardan biri də 1919-cu ildə müəllimliyinin 25 illiyi təntənə ilə qeyd edilmiş “Abbaszadə Mirzə Abbasın yubileyi” nə həsr olunmuş məqalədir. Ə.Cavad Gəncədə müəllimlərlə, maariflə bağlı keçirilən bütün tədbirlərdə istisnasız olaraq əsas təşkilatçılardan və məruzəçilərdən biri olurdu. Maraqlı və yadda qalanı burası idi ki, onun hazırladığı məruzələr xalq tərəfindən ilk dəfə eşidilirdi. Çünki cəfakeş, müdrik şair Ə.Cavad bütün məlumatları ilk mənbələrdən alırdı. Bu məlumatlardan aydın olur ki, o, 1919-cu ildə Gəncəyə gələnə qədər Mirzə Abbas Şimali Qafqazda bir oğlan, bir qız məktəbi açmışdır. Gəncəyə gələndən sonra oradakı qız məktəbində türk dili müəllimi təyin olunmuşdur. Onun inqilaba qədərki pedoqoji işi Azərbaycan Demokratik Respublikasının yaranması, inkişafı və mədəniyyətinin, maarifin tərəqqisi ilə bağlı idi. Böyük şair Ə.Cavadın müəllimlik və pedoqoji fəaliyyətinin ikinci mərhələsi inqilabdan sonrakı illərə təsadüf edir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk çağlarında onu Quba qəzasına göndərirlər. O, 1920-ci il avqustun 20-dən 1922-ci il sentyabr ayının 1-nə kimi Quba qəzasında türk dili və ədəbiyyatı müəllimi, Azərbaycan maarif komissarlığının təşkil etdiyi qısa pedoqoji kurslarda mühazirəçi, Qusarda, sonra Xuluqda və s. kəndlərdə məktəb direktoru, bir müddət Quba qəzasının maarif şöbə müdiri, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışmışdır. Cümhuriyyət şairi Əhməd Cavadın həyatının və fəaliyyətinin ən mühüm dönüş xətləri onun müəllimliyi ilə bağlıdır.
O, “Mən bir müəllim babayam” deməyi çox xoşlardı, evdə ailə üzvləri, kənddə həmyerliləri də ona belə baxardılar. Hətta o, 1925-ci ildə 2-ci dəfə həbs ediləndə (“Göy-göl” şeirinə görə) anası Yaxşı arvad o dövrün vəzifəli bir şəxsinə müraciətlə: “Oğul, özün bilirsən Əhməd Cavad bir müəllim babadır, o, Sovet hökumətinə nə edə bilər, qoşunu yox, topu yox, tüfəngi yox…” demişdir
İsdtiqlal şairi Əhməd Cavadın sözlərini yazdığı, misilsiz bəstəkar Üzeyir bəyin bəstələdiyi “Azərbaycan marşı” bu baxımdan əvəzedilməz sənət əsəridir. Həmin marşın himn kimi qəbulu qənaətinin doğruluğunu tarix və zaman təsdiqlədi. 27.05. 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq olundu.
Ulu öndər, möhtərəm Heydər Əliyev dövlət himnimizin məziyyətlərindən danışarkən deyir: “Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycan dövlət bayrağıdır.”
İstiqlalın bir atributu da ordumuz idi. Onun istər şəhidlərimizə, istər əsgərlərimizə qoşduğu şeirlərində bu əsas yer tuturdu. Onun “Ölkəm” adlandırdığı “Gerbimizə ithaf edirəm”-deyə qoşduğu şeirində də, istiqlal ruhu çox güclüdür:
Üçrəngli bayrağım, üçrəngli Gerbim,
Ahəngli bayrağım, ahəngli Gerbim;
Göy, yaşıl, qırmızı çələngi Gerbim,-
Adım, nişanımdır, tək Gerbim deyil,
Arzum, mübarizəm, tək hərbim deyil,
Məsləkim, əqidəm-tək təbim deyil,
Sökülən Dan yeri, Gündüzlər ölkəm!
Şair istiqlalı bax beləcə təsəvvür edir, o mahiyyətdə də oxucularına çatdırırdı. Əhməd Cavad yaradıcılığında Azərbaycan, Qafqaz, Türk dünyası obrazları çox qabarıq verilmişdir.
Onun hər şeiri, hər misrası sanki yurdumuzun bir parçasıdır. Onlar ilk sözündən oxucunu məftun edir, onun ürəyini ələ alır, bircə-bircə tariximizi, coğrafiyamızı nişan verir. Əsl istiqlal fədaisi, cümhuriyyətin əvəzsiz tərənnümçüsü Əhməd Cavad öz sözü, öz dəsti-xətti, öz üslubu olan el-oba vurğunu idi. Onun yaradıcılığında, Türkiyə, Azərbaycan, qədim Gəncə, dağlar gözəli Göy göl və elimizin digər əsrarəngiz guşələri canlı obrazlar səviyyəsinə yüksəlmişdir. Əhməd Cavadın yazdığı “Çırpınırdı Qara dəniz” isə az qala milli himn qədər kütləvi şəkildə oxunulan və sevilən bir əsərə çevrilmişdir:
Çırpınırdı Qara dəniz,
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Yaradıcılığının elə ilk nümunələrindən söz sərrafı olan, ədəbi-elmi fikir adamlarının diqqətini cəlb edən Əhməd Cavad tezliklə istedadlı şair, alovlu vətəndaş, içtimai xadim, xeyirxah və təşəbbüskeş insan kimi məhşurlaşaraq milyonların qəlbində özünüzə yer tapmışdır. Əbədi və içtimai fəaliyyəti haqqında dövrünün tanınmış şəxsiyyətlərinin təqdir və rəğbət dolu fikir və mülahizələrini eşidərək xoş və şirin duyğular səltənətinin kəhkəşanında poeziyasının romantik köhlənini çapmaq səadəti ona nəsib olsa da, tezliklə Əhməd Cavadın başı üstündə qara buludlar oynamış və onun haqqında ya heç danışılmamış, ya da qərəz və iftira dolu sözlər söylənmiş, yazılar çap edilmişdir. Azərbaycanın böyük şairi, publisist, maarifçi, əvəzsiz tərçüməçi və gözəl insan olan Əhməd Cavad Axundzadə yaradıcılığının müdrikləşən və çiçəkləyən, ən parlaq dövründə repressiya illərinin qurbanı olmuş, 1937-ci il noyabr ayının 13-də 45 yaşında günahsızcasına qətlə yetirilmişdir. Şairin özünün və ailəsinin başına gətirilən müsibətlər olduqca ürək ağrıdıcıdır. Əhməd Cavad bir şair kimi öz ədəbi yolunu belə müəyyənləşdirmişdir:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm!
Əhməd Cavad, sən elə bir şeirsən ki, sevməyənlər anlamaz. Sən qalibsən, səni qalib edən isə şeirlərindir… Ə.Cavad unudulmazdır. Üç rəngli bayrağımız kimi, Azərbaycan Demokratik Respublikamız kimi, Ay-ulduz kimi, Göy gölümüz, Kürümüz, Arazımız, Gəncəmiz, Bakımız kimi şeirimiz, nağıllarımız, dastanlarımız, havamız, suyumuz kimi, həyatımız kimi…
Aynur Turan