
Hacıyev Hacı Əliheydər oğlu — tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989-2006), Azərbaycanın əməkdar jurnalisti (1985).
Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur (1943). Bakıda emal sexində hesablayıcı işləmişdir (1942). Tərxis olunandan sonra ADU-nun filalogiya fakültəsində qiyabi təhsil almışdır (1950-1957). “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, şöbə müdiri (1950-1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953-1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959-1961), “Ekran” Yaradıcılıq Birliyinin sədri (1968-1970), Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan “Müxbir” jurnalında baş redaktor (1970-1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974-1989) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989-2006). 2006- cı ildən qurumun fəxri sədri seçilib. Ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutur. Dünya ədəbiyyatından Azərbaycan dilinə çevirdiyi əsərləri vaxtaşırı nəşr etdirmiş, rəğbətlə qarşılanmışdır. A.Çexovun “Gecikmiş güllər” povesti, Misir ədiblərinin hekayələri onun tərcüməsində ayrı-ayrı kitablarda nəşr olunmuşdur. M.Qorkidən Azərbaycan dilinə çevirdiyi “Qoca” pyesi mavi ekranda və efirdə verilmişdir. Türkiyənin “Yeni forum” və “Tanıtım” jurnallarında, eləcə də bir sıra xarici mətbuatda siyasi publisistik məqalələri dərc edilmişdir. Türkiyənin Kayseri şəhərində Ümumdünya Azərbaycan konqresində (1990), Bodrumda “Türk millətlərinin siyasi və iqtisadi gələcəyi” simpoziumunda (1991) Azərbaycanda milli istiqlal hərəkatı və siyasi vəziyyət probleminə dair məruzə ilə çıxış etmişdir. Hacı Hacıyevin təşəbbüsü ilə Həsən bəy Zərdabi mükafatı təsis olunub. 23 fevral 2008-ci ildə vəfat etmişdir.
Əsərləri: “Hekayələr” (1961), “İstiqlalın əzablı yolu : Azərbaycan Demokratik Respublikası tarixinin bəzi səhifələri”(1991), “Xatirələr və ya Çəmbərəkənddən başlayan həyat” (2005). Tərcümələri: Yan V. “Çingiz xan” (1960), Heminquey E. “Əlvida, silah” (1961), Məmmeri M. “Ədalət yuxuda ikən” (1963), “Karnaval : Polşa hekayələri və novellaları” (1973), Antonov S. “Cırılmış manat : povestlər” (1971),Tiaqu M. “Sabahacan, yoldaşlar!” (1983), Heminquey E. “Əcəl zəngi” (1986), Rıbakov A. “Arbat övladları” (1989).
Filmoqrafiya: Mənim Mingəçevirim (film, 1967), Üçüncü simfoniya (film, 1968), Bu, Səttar Bəhlulzadədir (film, 1969), Axtarış həvəsi (film, 1970).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı.səh 344.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az