
Canəli Əkbərov müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən, xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmış sənətkardır.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan Respublikasının Əməkdar artisti (1989) və Xalq artisti (1992) fəxri adlarıvar. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır. Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. 2002-ci ildə Şöhrət ordeni ilə təltifolunmuşdur. Canəli Əkbərov muğamın sirlərini atasından öyrənmişdir. Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965-ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə – Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərovun ifa etdiyi bütün muğamlar, dəsgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir.
Əsas rolları: Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”), Qərib (“Aşıq Qərib”), Camal (“Gəlin qayası”), Şah İsmayıl (“Şah İsmayıl), Azançı (“Sevil”), Axund (“Aldanmış ulduzlar”).
Filmoqrafiya: Havalansın Xanın səsi (film, 2001), Mənsuriyyə sorağında (film, 2002), Zəlimxan dastanı (film, 2007), Biz qayıdacağıq (film, 2007) Muğamat var olan yerdə… (film, 2009).
Subyek.az