![]()
I YAZI
Müstəqillik illərində sənətin zamanla səsləşməsinə təkan verən şairlərdən biri də Ma hirə Nağıqızıdır. Sözün geniş mənasında, çağdaş ədəbi prosesə Mahirə Nağıqızı 2000-ci illərdə qoşulur, əsrin ikinci onilliyi isə şeirlərində işlətdiyi “Mahirə” və “Nağıqızı” təxəllüslərinin özünütəsdiqi ilə yadda qalır. Əsrimizin birinci onilliyində Mahirənin poetik sözü onun “analı dünyası”nın orbitində fırlanır. Başqa sözlə, şairə dünyaya fərdi yaşantılarının prizmasından baxır və onun cəmiyyət həyatına münasibəti “analı dünyası”nın metaforası, simvolikasında poetikləşir. Zaman taleyüklü problemlərlə daha sərt şəkildə üz-üzə qalanda sənətkar yaradıcılığının da yeni bir mərhələyə keçidi baş verir. Lirik “mən”in duyğu və düşüncələrində vətəndaşlıq mövqeyi daha sürətlə aktivləşir. O, özünü millətinin və dövlətinin üzləşdiyi ağır sınaqların əhatəsində görür. Artıq bu zaman ictimai və siyasi baxışlar poetik düşüncəyə, sanki büsbütün hakim kəsilir və Mahirə Nağıqızının yaradıcılığında ikinci mərhələni yaradır. Düşünürük ki, “Haqqa çağıran səs” kitabında, xüsusən “Ruhuna beşiksə, tanı, Vətəndir”, “Salam olsun” və başqa kitablarında toplanan şeirləri şairənin yaradıcılığının ikinci mərhələyə – yeni yüksəliş mərhələsinə keçidindən soraq verir. Onun yaradıcılığının ikinci mərhələsində Vətən mövzusunun aparıcı leytmotivə çevrilməsi tənqidin diqqətini çəkməkdədir. Tənqid Mahirənin “Salam olsun” kitabında toplanmış şeirləri “yeniyetmələrdən və gənclərdən, ümumiyyətlə, oxuculardan ibarət auditoriya” üçün “hərbi-vətənpərvərlik mövzusunda” yazılmış əsərlər kimi bəhs aşır, eyni zamanda, şairənin bu kitabı üçün müəyyənləşən təyinatı ən yaxın ədəbiyyat tariximizdə bir “ilk”ə imza atılması mövqeyindən dəyərləndirir.
Məhz həmin “ilk” Mahirə şeirinin özünün ikinci mərhələsini yaşadığını sübut edən “ədəbi faktora” çevrilir. Bu gün 30 il erməni işğalı altında qalan torpaqlarımız azad olunmuş və biz tarixi bir qələbəyə imza atmışıq, son iki yüz ilin ən möhtəşəm şərəf tarixini yazmağa nail olmuşuq. Səbəblər haqqında düşünəndə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 2021-ci ilin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən vurğuladığı bir məqama xüsusi diqqət yetirmək lazım gəlir: “Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik”. M.Nağıqızının yaradıcılığının ikinci mərhələsi Ali Baş Komandanımızın millətimizin, xüsusən gənclərin Vətən sevgisinin böyüklüyü, hüdudsuzluğu haqqında nikbin qənaətləri fonunda itirilmiş torpaqlarımız uğrunda ədəbi-bədii mücadilənin səmərəli nəticələr verməsi qənaətinə gəlməyə əsas verir. “Salam olsun” bu mücadilə hərəkatından doğulmuş kitabdır. Mahirənin şeirləri qələbəyə gedən yolu təsvir və tərənnüm edən mükəmməl poetik sistemə malik kamil bir qəhrəmanlıq dastanının türküləri kimi oxunur. Bu dastanın “qəlbimizdə oxunan türkülərlə yarandığı”nı şairə özü də “Al bayrağım” şeirində etiraf edir. Ruh ozan ruhu, deyim, ifadə tərzi hər an onun repertuarındakı türküləri xatırladır. Vətən torplaqları uğrunda qəhrəmanlıq mübarizəsinə təşviq edən, bu yolda sonsuzqəhrəmanlıq göstərənlərin şücaətlərini alqışlayan şeirlərdə “Oğuznamə” ruhunu görmək mümkündür.
Ozan ruhlu sənətkar I Qarabağ savaşından II Qarabağ müharibəsinə qədər xalqımızın keçdiyi əzablı yoldan, II Qarabağ savaşında əldə etdiyimiz analoqu olmayan qələbədən, millət övladlarının əfsanəyə çevrilən igidliklərindən, sonsuz ağrı və acılarımızdan bəhs edir. Qələbəmizin tərənnümünü, poetik sözün yaddaşında tarixləşməsini, xalqın qan yaddaşına hopdurulmasını sənətkar məqsədinə çevirir. Söhbət xalqın qəhrəmanlıq tarixinin bütöv bir mərhələsini dastan ruhu, dastan poetikası ilə sistemli ifadəsindən gedir. Söhbət konkret tarixi bir mərhələdə xalqın göstərdiyi qəhrəmanlıq tarixinin poetik salnaməsini yaratmaqdan gedir. Sənətkar məramının dərki, “başlanığıcı, ortası və sonu olan” olan dastan süjeti kimi qavramaq üçün onun şeirlərinin ilk olaraq bütöv bir mətn kimi dərkinə, sonra da bədii əsər kimi “oxu”suna xüsusi ehtiyac var. Dastan poetikasının bu kitabda toplanan şeirlər üçün səciyyəviliyi təkcə bədii mətnlərin estetikasının təlqinlərindən irəli gəlmir, həm də müəllifin ayrı-ayrı şeirlərində işarələnən məqamlardan güc alır. “Son döyüşə hazır ol” şeirindəki aşağıdakı misralara diqqət yetirək:
Hədəfin düşmən olsun, o silahlı yalquzaq,
Get yolun açıq olsun, xata baladan uzaq.
Adına layiq olan şeir, mahnılar yazaq,
Uca işin naminə, son döyüşə hazır ol.
“Adına layiq olan şeir, mahnılar yazaq” misrası ozan-aşıq şeir ənənəsindəki dastan yaratmanı, dastan yaratmağa stimul verən ən həlledici amili işarələyir. Sənətkarın Vətənin müdafiəsi naminə sonsuz şücaətlər göstərən, döyüşdən qələbə ilə qayıdan qəhrəmanları vəsf etmək, mahiyyətcə isə, dastan qəhrəmanına çevirmək ruhuna kökləndiyini göstərir:
Türkün ruhu haralarda dolaşır –
Deyənlərə uca səsdən oxuyun.
Ləvin-ləvin səhifələr açılır,
Tükənməyən dürlü dastan oxuyun.
“Aprel döyüşləri, Aprel müharibəsi və Dördgünlük müharibə” adı ilə tariximizi şərəfləndirən hərbi münaqişədə “döyüşlər Azərbaycan Silahlı
Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur” (Bax: Azad ensiklopediya: Aprel döyüşləri). Bu qələbələr böyük Zəfər yolunun başlanğıcı idi. “Son döyüşə hazır ol” şeiri 2016-cı ilin aprelində, uzun illərin məğlubiyyət acısından sonra əldə etdiyimiz qələbədən ruh alaraq yazılmışdır. “Oxuyun” şeiri də Aprel döyüşlərində Azərbaycan ordusunun qazandığı zəfərə köklənən şair ruhunun poetik əksidir. Sənətkarın ordumuzun yeni-yeni qələbələrə imza atacağına inamından yaranan nikbin ovqatdan doğulmuşdur. Şairə sanki bu hadisələrdə yeni bir dastan süjetinin başlanğıcını görür, bu başlanğıcı poetik sözə çevirib Azərbaycan əsgərinin ruhuna hopdurmağı şeirin-sənətin, sənətkarın prioritet vəzifəsi kimi dərk və bəyan edir. Yeni bir dastanın “başlanğıcı” bizi türkün tarixi qəhrəmanlıq dastanlarının ruhuna qovuşdurur. “Dədə Qorqud”da, “Koroğlu”da, “Alpamış”, “Manas”da qorunan türkün qəhrəmanlıq tarixini bu günümüzə daşıyır. Azərbaycan gəncliyini xalqımızın qəhrəmanlıq tarixi ilə tanış edir, bu tarixdən ibrət almağa səsləyir:
“Dədə Qorqud” boylarından danışın,
“Koroğlu”nun qollarından danışın,
“Alpamış”ın soylarından danışın,
Nə yazılıb bay Manasdan oxuyun.
Q.Bayramov şairənin “Onun daş nağılı” kitabına “Son söz”də (“Mahirə Nağıqızının poeportreti…”) yazır ki, “onun təfəkkür palitrası yetərincə polifunksionaldır”. Dəqiq müşahidədir. Ona görə dəqiqdir ki, bu nəzəri qənaəti Mahirə şeirinin az qala hər misrası, bəndinə aid etmək olar. Yuxarıdakı misralar və bütövlükdə Mahirə şeirinin dastanlarımıza xas qəhrəmanlıq ruhuna köklənməsi, postmodernistcəsinə desək, onları da yeni yaranmaqda olan dastanın tərkib hissəsinə çevirir. “Salam olsun” kitabında toplanan əsərləri bir dastan mətni kimi oxumaq tendensiyası fərqli oxucu idrakının variasiyalarından biri kimi qəbul edilə bilər. Ancaq, toplunun dastan kimi oxunması üçün ona daha bir postmodernist baxışla yanaşmaq lazım gəlir. Elmi ədəbiyyatlarda göstərildiyi kimi, postmodernizmdə bədii mətnə dekonstruksiya prinsipi ilə yanaşma zərurətindən və onu destruksiya (sökmə) və konstruksiya (quraşdırma) əsasında idrak ehtiyacından söhbət gedir. Mahirənin bizə təqdim etdiyi mətn, ən azı, zaman baxımından qarışıqdır. Ancaq onu söküb, yenidən yığmaq olar. Şeirləri yazıldığı zamanın və inikas etdiyi hadisələrin ardıcıllığı ilə düzsək, bütövlükdə topluda-dastanda Azərbaycan xalqının taleyüklü tarixinin iki zaman kəsiyinə bölünən bütöv bir dövrünün işarələndiyini, hadisələrin, təsvir və təhlillərin zaman ardıcıllığını dəqiq təsəvvür etmək mümkündür. Bu dövr müstəqillik ərəfəsi və illərindən, 20 faiz torpaqlarımızı itirdiyimiz zamandan başlayır, II Qarabağ müharibəsində əldə etdiyimiz zəfər tarixi ilə bitir. Buna görə, vahid bir zamanın poetik ifadəsi kimi dərk olunur. Ancaq əsərin ayrı-ayrı parçalarında müəllif ovqatı başqadır, dərdin baş alıb getdiyi parçalar da var, sevinc yaşlarının misraların ruhuna hopduğu parçalar da. Bütün hallarda, bu parçalarda dərin bir tarixilik duyğusu var və bu tarixilikdən kənarda şeirlərin yazılmasına səbəb olan şair ovqatını başa düşmək mümkün deyil. Topluda məğlubiyyət acısı ilə yaşadığımız bir qərinəlik zamanın şeirləri ilə II Qarabağ savaşında əldə etdiyimiz qələbənin təəssüratlarını ifadə edən şeirləri fərqli mərhələlərin poetik məhsulları kimi ayırmaq lazımdır. Ancaq topluda torpaq itgilərinin yaratdığı dərdli ovqatla torpaqlarımızın geri qayıdacağına əsaslı ümid yaradan, bir gözü ilə ağlayan, bir gözü ilə gülən şair əhvali-ruhiyyəsinin poetik tərcümanı olan şeirlər də var ki, bunlar birinci zaman kəsiyində yer alan şeirləri iki yarımmərhələyə ayıraraq dərk etmək zərurəti yaradır İkinci yarımmərhələ – 1916-cı ilin Aprel döyüşlərindən başlayıb 44 günlük müharibə gününə qədər davam edən zamanı əhatə edir. Dastan poetikası nöqteyi- nəzərindən qiymətləndirsək, birinci mərhələni birinci, 44 günlük müharibə günlərindən bəhs edən mərhələni ikinci boy adlandırmaq olar. Və hətta, fikrimizcə, sanki “Dədə Qorqud” dastanının boylarında rast gəldiyimiz igidlik göstərmiş qəhrəmanın şəninə söz qoşub, saz çalan, qəhrəmana ad verən Dədə Qorqud ruhunu xatırladan, cahanşumul Qələbəni Dədəm Qorqud sayağı vəsf edən parçalara da rast gəlirik. Və nəhayət, dastanın, yaxud konkret bir boyun sonunu işarələyən ozanın “tapşırması” kimi oxunan “Tapşırım”, “Tapşırar” şeirləri. Daha sonra isə sözünyüzə-yüz mənasında ozan türküləri kimi toplunun sonuna salınmış Vətəni tərənnüm, vəsf edən silsilə bayatılar. Dastanın ideya-estetik məziyyətlərini bütöv və təfərrüatı ilə təsəvvür etmək üçün biz hadisələrin gedişini birinci boydan izləməyə çalışaq. Vurğulayaq ki, hadisələrin xronoloji ardıcıllıqla izlənməsi bizə mahiyyəti daha tez çatdırar, sənətkar mövqeyini daha dürüst təsəvvür etməyə imkan verər.
Birinci boy “Azərbaycan” şeiri ilə başlanır, fikrimizcə, 2019-cu ilin dekabrında qələmə alınmış “Aparsın” şeiri ilə bitir. “Azərbaycan” şeirini mərhələnin başlanğıcını işarələyən parça kimi də qəbul etmək olar, ancaq, fikrimizcə, onun topluda daşıdığı missiya daha genişdir və müəllif onu bütövlükdə başlamaq istədiyi bu dastanın poetik uvertürası kimi düşünmüşdür. Bu poetik uvertüra bizdə sənətkarın bir “Azərbaycannamə” başladığı haqda düşüncə-hiss formalaşdırır və səhifələr çevrildikcə, biz öz qənaətimizdə yanılmadığımızı görürük. Bu uvertüranın ardınca “Vətən” silsiləsindən onlarla poetik parça gəlir ki, bütün bunlar bizi Mahirənin “Azərbaycannamə”sini əsrin əvvəllərində M.Hadi, A.Səhhət kimi sənətkarların yaratdıqları “Vətənnamə”lərin davamı kimi dərk etməyə istiqamətləndirir. “Vətəndir”, “Ay Vətən”, “Vətən”, “Vətən”, “Vətən, ay Vətən” şeirləri şairənin “Azərbaycannamə” yaratmaq məqsədində israrlı olduğunu, vətəndaşlıq məramını gerçəkləşdirmək istəyinin ciddiliyini, konseptual estetik konsepsiyasını ortaya qoyur. Sonra “şəhidlik” mövzusunda silsilə şeirlər gəlir, daha sonra Xocalı faciəsinin ağrılarından doğulmuş şeirlər və s. Bütün bu məsələlər “Vətən” mövzusundan kənarda deyil və həmin mövzuların hər birinə Azərbaycan şeirində dönə-dönə müraciət olunmuşdur. Bütün bunları yaxşı bilən şairənin qısa bir zaman içərisində bu mövzulara sıx-sıx müraciətinin səbəblərini necə başa düşmək olar? Ali Baş Komandanımızın Şuşada hərbçilər qarşısında çıxış edərkən Qələbəyə aparan səbəblər sırasında xüsusi vurğuladığı fikri bir də xatırlayaq: “Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı tarix unudulsun” Bu sözlərdən sonra torpaqlarının iyirmi faizini itirmiş xalqın sənətkar oğlunun (qızının) üzərinə düşən tarixi missiyanı təsəvvür etmək, yəqin ki, heç bir çətinlik doğurmaz. Mahirə şeirinin də belə bir missiyadan çıxışını xüsusi vurğulamağa heç ehtiyac da yoxdur. Şeirlərin adları da, ovqatı da ilk misradan son misraya qədər bu missiyadan çıxışı ortaya qoyur, hətta bu missiyanın yerinə yetirilməsində, S.Vurğunun dediklərini iqtibas etsək, səf-səf düşülən şairlər ordusunda Mahirənin yeri ön cərgəyə çıxır. Lakin, bu bir həqiqətdir ki, “Vətənnamə” – “Azərbaycannamə” yaradılışında da, “20 Yanvar n qatarı”na qoşulan şeirlərində də, itirilmiş torpaqlarımızla bağlı elegiyaların yazılışında da Mahirə şeiri estafeti sələflərindən alır, onların getdiyi yolun davamçısına çevrilir. Deyirlər ki, həqiqi sənətkar yaradıcılığa sələflərinin nöqtə qoyduğu yerdən başlayır. İstər-istəməz ortaya sual çıxır. İctimai-siyasi şəraitin təlqinləri, Vətənin taleyüklü məsələləri ilə bağlı sənətkarlarımızın dönə-dönə üstünə qayıtdıqları mövzulara yenidən qayıdanda Mahirə “həqiqi sənətkar” mövqeyi nümayiş etdirə bilirmi? Sənətdə ifadəsini tapmaq mənasında deyilməmiş “söz” qalmadığı vurğulanan məsələdir. Deməli, söhbət deyilmiş sözə yaradıcı münasibətdən gedir. Xüsusi şəkildə vurğulayaq ki, bu yaradıcı münasibət Mahirə şeirində fərdi üslubun dominantına çevrilə bilir. “Söz”umuz söz olaraq qalmasın deyə, bəzi şeirləri irs-varislik əlaqəsi kontekstində dəyərləndirməyə ehtiyac yaranır. “Azərbaycan” şeirini götürək.
Başlanğıc bənddəki:
Azərbaycan-
Qayalarından uca,
Yaşımdan da cavan,
dünyadan qoca…
misraları, oxucu düşüncəsində M.Arazın “Azərbaycan – dünyam mənim” şeirini aktivləşdirir. Mahirənin “Azərbaycan” – “qaya” qarşılaşdırması, “qayaların uca”lığına verilən məcazi-metaforik anlam M.Araz şeirindəki müqayisəli məqamla, ilk misralarda ifadə olunan metaforik məzmunla (“Azərbaycan qayalarda bitən bir çiçək” və s.) yaxın müstəvidə üz-üzə gəlir, ancaq M.Araz “Söz”ünün təkrarına-təqlidinə çevrilmir. Mahirə şeirinə hərarət, təravət verən, onda hissə, duyğuya və düşüncəyə təsir imkanları təmin edən cəhət odur ki, ilk misralardan revanş götürən sonrakı bütün misralar poetik mənalandırmada novatorluğun təmsilçisi kimi çıxış edir, tam bir özünəməxsusluğun məhsuludur:
Azərbaycan –
Kürüm qədər lal, dəli.
Ahıllar qədər susqun,
Cahıllar qədər hikkəli.
Buradakı metaforik təsvir o qədər mental xarakter daşıyır ki, Azərbaycan adı ilə təmsil olunan xalqın xarakterinə o qədər dərin nüfuzdan xəbər verir ki, bu torpağı, bu xalqı yaxşı tanımayanlar üçün açılmamış qala bilər, ancaq misralar milli oxucunun iliklərinə qədər işləyir. “Kürüm qədər lal, dəlilik”, “cahıllar qədər hikkəlilik” milli xarakterdə dominantlıq yaradan xüsusiyyətlər kimi orijinal mənalandırmanı təmin edir və bütün bəndlərdə bu cür orijinal mənalandırmalar bir- birini əvəz edir, nəticədə poetik mükəmməlliyin və orijinallığın təminatına çevrilir. Şeirdəki misraların metaforik yükünün zənginliyi nəticə olaraq şeirin başdan-başa “polifunksional” (Q.Bayramov) məzmun daşımasına, ən qədim tarixdən üzü bəri yol gələn Vətənimizin obrazını bütöv təqdimə imkan yaradır. Tam fərqli bir ifadə tərzində yazılması da şeirin novatorluğunu şərtləndirən cəhətlər sırasında yer alır. Topluda yeganə şeirdir ki, hecada yox, sərbəst vəzndə yazılmışdır. Hiss olunur ki, şeirin fərqli vəzndə doğuluşu qabaqcadan planlaşdırılmış məqsədin deyil, Vətənin vəsfi ilə bağlı Mahirənin poetik təfəkküründə yer alan fikirlərin təlqinlərinin nəticəsidir. Şeir yazmaq klassika qarşısında imtahan verməkdir. Əslində zaman-zaman belə olub. Ancaq şeirin kütləviləşdiyi indiki zamanda bu, şeirə dəyər verməyin, elə bilirik ki, ən etibarlı etalonu funksiyasını yerinə yetirir. Bu nöqteyi-nəzərdən Vətən mövzusunda şeir yazan çağdaş şairin klassik poeziya imtahanından çıxması onun qələm məhsullarının yaşarlığının şərtinə çevrilir. A.Səhhətin “Könlümün sevgili məhbubu mənim” misrası ilə başlayan çox məşhur “Vətən” şeirini xatırlayaq. A.Səhhət şeiri ilə Mahirə şeirinin yazılma tarixini yüz ildən artıq zaman ayırır. Ancaq bir iş var ki, A.Səhhət zamanında da, Mahirə Nağıqızının zamanında da Vətən özünütəsdiq üçün çabalayırdı. A.Səhhətin zamanında milli varlığın formalaşması, milli özünüdərk probelmləri önə çıxmış, milləti təşkilatlandırmaq uğrunda mübarizədə ədəbiyyat hətta öz missiyasını formalaşdırmaq zərurəti qarşısında qalmış, şairin Vətənə aid şeirləri də bu missiyanı gerçəkləşdirmək məramından doğulmuşdur. Taleyüklü problemlərin yenidən aktuallanması, əldə olunmuş müstəqilliyimizin “əbədiliyi və dönməzliyi” (H.Əliyev) uğrund mübarizə zərurəti, müstəqilliyimizə qorxu yaradan mənfur düşmən faktoru, itirilmiş torpaqlarımızla bağlı gələcək qarşısında cavabdehlik hissimiz, məsuliyyətimiz sənəti A.Səhhət zamanının missiyasından çıxışa qaytarır, itirilmiş torpaq ağrılarımızın sənət dili ilə ifadəsini sənətkarın Vətən qarşısında cavabdehlik hissinə çevirir, yaddaşımızı öləziməyə qoymurdu. Bu mənada XX əsrin əvvəlləri ilə XXI əsrin əvvəlləri arasındakı məsafə qısalır, sənət ideoloji təbliğ funksiyasını öz üzərindən atıb Vətənin və millətin probelmlərini prioritet məsələyə çevirirdi. Bədii “sözü”ün qohumluğu da bu missiya yaxınlığından doğurdu. Odur ki, istər birbaşa, istərsə də assosiativ müqayisələrin aparılması (irs-varislik əlaqəsinin araşdırılması) ənənəyə novator münasibətlə bərabər, ənənənin çağdaş şeirdəki davamının əlamətdar cəhətlərini də meydana çıxarmağı (başqa sözlə, fərqli zamanlardakı “Söz”ün bir-birini tamamlamasını) vəzifə olaraq tənqidin qarşısınqoyur. A.Səhhət şeiri ilə Mahirə şeiri arasında ifadə tərzi baxımından əsaslı fərq olsa da, ilk növbədə, onları Vətəni “sevgili, yar” rolunda görmələri, bütün bədii mənalandırmaları bu kontekstdə davam etdirmələri birləşdirir. A.Səhhətin ilk dəfəVətəni “sevgili” funksiyasındakı dərki zamanın bütün sınaqlarından çıxaraq yeni əsrin ilk onililklərində də sənətkarın estetik məramı üçün davamlılığını qoruyub saxlayır. A.Səhhətin bir əsr qabaq etdiyi “elani-eşq” Mahirənin “Vətən, ay Vətən” şeirində aşağıdakı şəkilə düşür:
Mahirə, dərd onun yoldaşı olmaz,
Kimin ki qəlbində yar havası var.
“Yar havası”nın estetik açılışının təfsilatına şairənin “Vətən” adlı başqa bir şeirində rast gəlirik. “Yar havası”nın dərdi dəf etmək imkanı, məhz bu “hava”nın şairə “qala tikmək” gücü verməsi isə (Sevginnən qala tikməyim, Ən böyük ərkimdi, Vətən) sənətkarın şeirini çağdaş zamanın atmosferinə bağlayır və tarixiliyin ifadəsini təmin edir. Söhbət nədən gedir? Qısa bir zaman kəsiyində Vətənə həsr edilən silsilə şeirlər yazmaq, bütün hallarda, şairin özünütəkrarı qorxusu yaradır. Lakin Mahirənin şeirlərində bu hallarastlaşmırıq. Poetik istedadın Vətəni hər dəfə fərqli bucaq altından tərənnüm obyektinə çevirmək imkanı bir yana, təkrarsızlığın əsas səbəblərindən biri hər bir şeirin konkret tarixi situasiyaya vətəndaş şair reaksiyası kimi qələmə alınmasıdır.
Şeirlərin yazılma tarixi 2016-cı ilin avqustundan 2018-ci ilin oktyabrı aralığındadır. Tarixlər onların hansı tarixi şəraitdə yazıldığını işarələyir. Şübhəsiz ki, bütün digər vətəndaş şairlərimiz kimi Mahirə də gələcəyə inamla baxıb. Mübarizəmizin “bu gün də, yarın da” davam edəcəyinə inanıb. Hardasa oxumuşdum ki, (deyəsən, Əlabbasın “Qaraqovaq çölləri” romanında) torpaq itkisi məğlubiyyət deyil, məğlubiyyət xalqın bu itki ilə barışdığı zamandan başlayır. Azərbaycan xalqı heç vaxt bu itki ilə barışmayıb. Dövlət siyasətimiz də elə qurulmuşdu ki, Ali Baş Komandanın dəqiq ifadə etdiyi kimi “imkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun”. Bunun isə məntiqi o idi ki, bəli, biz torpaq itkisinə məruz qalmışdıq, ancaq işğalla barışmamışdıq, deməli, məğlubiyyətdən söhbət gedə bilməzdi. Xalqımızın və dövlətimizin barışmazlıq siyasətində eyni birhədəfə vurması son nəticədə bizi Qələbəyə qovuşduran amil oldu. Barışmazlıq siyasətinin ictimai-siyasi həyatımızda təzahür edən çox amilləri var. Və düşünmək olar ki, bütün amillərin hamısı Vətən sevgisindən keçib həyata vəsiqə alır və real gücə çevrilir. Bu mənada düşünürük ki, Mahirə şeiri keçən hər gündə milli yaddaşı oyandırır, bu yaddaşda Vətənin obrazını bütövləşdirir, itirilmiş torpaqlarımız hesabına bu bütövlüyə milli düşüncədə hər hansı bir xələl gəlməsinə imkan vermir. “Vətəndir” şeiri yaranır:
Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.
“Ay Vətən!”, “Qayıtmayam”, “Vətən”, “Vətən”, “Qara torpaq”, “Vətən, ay Vətən” şeirlərinin yaranması “ruhumuza beşik Vətən” torpaqları uğrunda 2016-cı ilin ilk günlərindən, tariximizə “Aprel döyüşləri” kimi düşən zamandan başlayır, “Günnüt zəfəri”nə qədər davam edir. Birinci Qarabağ müharibəsindən sonra, “Aprel döyüşləri” və “Günnüt zəfəri” ilə xalqımızın torpaqlarımızın geri qayıdacağına öləziməkdə olan inamı (bu cəhəti Ali Baş Komandan çıxışlarınınbirində xüsusi vurğulamışdı) özünə qayıdır. Mahirənin yuxarıda adını çəkdiyimiz şeirləri bu inamla yazılıb, bu inamın milli düşüncədə günü-gündən möhkəmlənməsinə hesablanıb. Zərrə qədər də olsa şübhə etmirik ki:
Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
misraları ilə başlayan, Vətən anlayışına elə bu ilk misralarla çox dərin poetik açılış verən “Vətən” şeirindəki raport və səfərbərlik ruhu, canlanan vətəndaşlıq ruhu, sonsuz Vətən sevgisi, bu sevginin millətimizi ayağa qaldıracaq gücü şeirin yazılmasından (şeir 5 iyun 2018-ci ildə yazılıb) bir neçə gün qabaq ordumuzun Günnüt zəfəri ilə birbaşa bağlıdır. Şairənin ilk qələbələrimizdən aldığı ruhun səfərbərlik harayına çevrilməsinin estetik ifadəsi aşağıdakı kimidir:
Ana harayımı eşidir hamı,
Qadınlar, qızlar da bir ərə dönər.
Oğullar seçəcək dost-düşmanını,
Hər biri uğrunda səngərə dönər.
Kitabdakı şeirlərin bir qismi şəhidlik mövzusundadır, sonra Xocalı faciəsi poetik idrakdan keçir, hər ikisi həm bir-birini, həm də Vətən mövzusunu tamamlayır. Qanlı Yanvar hadisələrindən başlayaraq Azərbaycan ədəbiyyatında şəhidlik mövzusu yeni bir mərhələyə daxil olur. Azərbaycan xalqının milli özünüdərk şüurunu, milli müstəqillik uğrunda mübarizə hərəkatını simvollaşdırır. 20 Yanvarda Vətənin müstəqilliyi uğrunda canından keçənlərin obrazı estetik düşüncədə hərtərəfli bədii ifadəsini tapır. B.Vahabzadə “Şəhidlər” poemasındakı eyni adlı parçada şəhidliyin himnini, marşını yaradır. Şair bütün poetik istedadı vəvətəndaş xarakteri ilə şəhidlərimizin əkdiyi “azadlıq toxumu”nun bir gün boyverəcəyinə, düşməndən amansız intiqam alacağına inamını ifadə edir. Sənətkarlarımız estafeti bir-birlərinə ötürürlər. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” deyimi estetik düşüncədən milli ictimai düşüncəyə keçir, millətin yaddaşı daim təzələnir. 20 Yanvar şəhidlərinin əkdiyi “azadlıq toxumu”nun münbit şəraitə düşməsi, göyərib bar verməsi, “azadlıq ağacı”na çevrilməsi üçün şəraityaranır. Bir qərinə sonra, itirilmiş torpaqlarımız uğrunda yeni mübarizə dövründə,
II Qarabağ müharibəsinin ərəfəsində, düşmənə sərt üzümüzü göstərdiyimiz ilkvaxtlarda sənətkarlarımız artıq şəhidlərimizin əkdiyi “azadlıq ağacı”ndan söhbət açırlar:
Özü qocalmaz ki, əsri qocaldar,
Gələcək, gedəcək nəsli qocaldar.
Qəlblərdə vətənə heykəl ucaldar,
Azadlıq ağacı əkər şəhidlər.
Sonuncu misranın Bəxtiyarın “Azadlıq toxumu əkdi şəhidlər” misrasının Mahirə şeirinə sızan mexaniki transformasiyası hesab etmək mahiyyətə varmamaq demək olardı. “Toxum”un “ağac”a çevrilməsi aradan keçən bir qərinəlik zamanda milli şüurda vətəndaşlıq hissinin göyərib, böyüyüb boy atmasının, şəhidliyin Azərbaycan əsgəri üçün ölməzlik, əbədiyaşarlıq statusu qazanmasının poetik ifadəsidir. İndi şəhidlərə həsr olunmuş şeirlər “şəhid nəğməsi” kimi dərk olunur, şəhidliyin simvollaşdırdığı böyük əməllərdən söhbət açılır. Mahirə şeiri şəhidliyin elə məna potensiallarından söhbət açır ki, bu mövzuda yazılmış çoxsaylı poetik örnəklərə rəğmən, həmin məna potensialları bizi içimizdən böyüdür, bizə şəhid olmağın müqəddəsliyi hissini yaşadır.
TƏYYAR SALAMOĞLU
ADPU-nun
professoru,filologiyaelmləri doktoru
Subyekt.az