II YAZI
Mahirənin dastanında – “Azərbaycannamə”sində xalqımızın tarixin amansız faciəsi ilə üz-üzə qaldığı daha bir hadisə haqqında danışılır. Bu, Xocalıda baş verənləri şairənin poetik düşüncədən keçirib milli yaddaşa ötürməsinə, milli yaddaşımızı bir daha oyatmaq, oyaq saxlamaq istəyinə hesablanır. Mahirənin “Xocalı” türkülərindən biri hadisənin salnaməsini verir, olub keçənləri bədii sözün yaddaşına ötürür. Hadisələr o qədər real və canlı təsvir olunur ki, biz qanlı düzlərə səpələnmiş Xocalı şəhidlərinin başı üstündə dayanıb öz hüznlü yaşantılarının türküsünü dilə gətirən ozanı vizual olaraq görürük. Sanki ozan bizə min illərbundan qabaq baş vermiş qanlı olaylardan bəhs edir:
O gecə Xocalıda
Daş, divar güllələndi,
Adamlar güllələndi,
Ağaclar güllələndi.
“O gecə” ifadəsi bizi ozanların dilindən oxuduğumuz, aşıqların söylədiyi tarixin hansısa bir layında baş vermiş hadisələrin baş verdiyi zamana aparır. Biz baş verənləri günümüzün gerçəkləri, xalqımızın başına gətirilən analoqu olmayan dəhşətlər kimi qavramağa çətinlik çəksək də, baş verənləri özümüzdən uzaqlaşdırmağa çalışsaq, qulaqlarımızın eşitdiklərini yuxuda gördüyümüz, reallıqdan, bizdən uzaq olan hadisələr kimi qavramaq istəsək də, ozanın qopuzunun hüznlü ahəngində söylədikləri bizi nağıl dünyasından ayrılmağa, günün dəhşətlərini dərk etməyə səsləyir. Özanın Dədəm Qorqudun “Xanım, hey” çağırışlarını xatırladan fəryadı dünənin olaylarını yox, bu günün faciəsini dilə gətirir. Xocalı faciəsi haqqında çox yazılıb. Çünki Xocalıda baş verənlər öz müdhişliyi ilə Azərbaycan xalqının sinəsində çox dərin yaralar açıb. Bu dərin yaraların faciədən ötən hər gündə, hər ayda, ildə yeni-yeni istedadların qələmində təkrarsız səhnələrinin yaradılması qaçılmazdır, mütləqdir, bədii qanunauyğunluqdur. Mahirənin Xocalıya həsr etdiyi şeirlər bu mülahizənin həyatiliyini sübut edən bədii nümunələr sırasında yer alır, Xocalı faciəsinin böyük “Söz”ə gətirilməsinin təkrarsızlığının, ilk növbədə, mövzunun özündən qaynaqlandığını önə çıxarır. Xocalıda baş verənlər müqabilində sənətkarın yaşadığı hisslərin, beynindən keçənlərin hüdudsuz bir həddə çatmaması, estetik fikrin hadisənin ağlagəlməz detallarını oxucuya çatdırmaması mümkünsüzdür. Və, əlbəttə, bütün bu yaşantılar fitri istedadın nəhayətsizliyi ilə hormoniyada meydana çıxırsa. Mahirənin haqqında bəhs açdığımız “Xocalı” şeirindəki “qanla qarın suvarılması” , nəticədə qanın torpağa, qar üstünə axan çoxluğundan, onun istiliyindən havanın ayazının, şaxtasının öləziməsi haqqındakı təsvirlər erməni vandalizminin, erməninin faşist təbiətinin təkrarsız məcazlaşmış ifadəsidir, estetik baxımdan isə, füzuliyanə mübaliğənin ən mükəmməl nümunəsidir. Faciənin miqyassızlığı, ağırlığı, müdhişliyi haqqında ən ağır sözlər tapıb demək olar, lakin heç bir prozaik söz:
Qanla qar suvardılar,
Qandan ayaz öləzdi –
misralarının yaratdığı dəhşətli mənzərəsini verə bilməz. Yaxud:
Qan donmağa qoymadı,
Uşaq ayaqlarını- deyiminin təsiri, bircə bu iki misranın təsiri Xocalıda baş verənlərin bütün dəhşətini duymağa, erməninin antiinsani, antibəşəri xislətini ifşaya büsbütün bəs edərdi. Hələ şairənin fəryadları “Tanrını diksindirən” Ana obrazını poetik fikrin arsenalına ustalıqla daxil etməsi, “Xocalıda olanlar”ın amansız tamaşa kimi dünyaya təqdimindəki hüdudsuz ironiya və bu kimi çoxsaylı bədii detallar xalqımızın “qaysaqlanmaz süngülənən yarası” haqqında yeni-yeni bənzərsiz əsərlərin yazılacağına şübhə yeri qoymur. Bu inamı Mahirənin “Xocalı” ünvanlı ikinci şeiri bir qədər də gücləndirir. Bədii mənalandırmanın bir bəndə sığışdırılan ümumiləşdirmə gücünə, hadisənin fəlsəfi mahiyyətinin misralara çevrilən məzmununa diqqət edək:
Bir millətin haqq-divana sorğusu,
Anaların heykəlləşmiş qorxusu,
Ahılların dəhşət dolu yuxusu,
Cahılların yaddaşıdı Xocalı.
20 Yanvar faciələri haqqında düşünəndə də, Xocalıda baş verənləri yaddaşının süzgəcindən keçirəndə də, itirilmiş torpaqlarımızın, doğma yurd
yerlərindən qaçqın-köçgün düşmüş soydaşlarımızın sonsuz ağrılarını canının ağrısı kimi yaşayanda da, bu çoxsaylı “can ağrıları” böyük “Söz”ə çevriləndə də bir hiss, bir fikir şairənin varlığını elektrik qurğusu kimi dair titrədir; İntiqam hissi, düşüncəsi bütün varlığına hakim kəsilir. Bu hiss, bu düşüncə Mahirə şeirinə ana fəryadının əks-sədası kimi daxil olur. Onun varlığına mübariz bir ruh hakim kəsilir. “Xocalı”dan, “20 Yanvar qatarı”dan intiqam hissinə atılan körpü-keçidlər sənətin məramı, baş məqsədi kimi önə çıxır. Şairənin ana səsi, ana çağırışları qulağımızda aramsız səslənir, qolunda təpər olanları Vətən naminə intiqama, döyüşə çağırır:
Nə oğuldur inqitamım almasa,
Son-söyləyir göz yaşına, son-yasa.
Haqqın özü qalxar bir gün qısasa,
Xalqıma yol yoldaşıdı Xocalı.
Mahirənin Vətən oğullarını intiqam hissinə kökləməsi, intiqama çağırışları ancaq varlığını saran ağrılardan irəli gələn hissi-emosional əhvali-ruhiyyədən irəli gəlmir. O, baş verən hadisələri real tarixi şəraitlə sıx əlaqədə dərk edir. Torpaq itgilərimizin, soydaşlarımızın min illik dədə-baba torpaqlarından didərgin düşməsinin, nəhayət, Birinci Qarabağ savaşında itirdiklərimizin o zaman hakimiyyətdə olanların səriştəsizliklərindən, xalqla-hakimiyyət arasında uçurumun get-gedə dərinləşməsindən, kreslo davalarından qaynaqlandığını çox yaxşı bilir. Siyasi-ictimai mühiti daim analiz edir, 1993-cü ildə xalqın ayıq düşüncəyə söykənən seçim etdiyini – Heydər Əliyevin hakimiyyətə gəlişini xalqımızın və dövlətçiliyimizin tarixində çox ciddi mərhələnin başlanğıcı, dönüş mərhələsi kimi dərk edir. Mahirənin rasiional düşüncəsi mərhələ dönüşünü torpaqlarımızın geri qaytarılmasına bəslənən ümid kimi başa düşür. Başa düşdüklərini poetik sözə çevirir, beləliklə, “Heydər baba dastanı” yaranır. Bu “dastan”da Heydər Əliyevin qayıdışından əvvəlki vaxtı – siyasi hərc-mərclik dövrünü şairə belə səciyyələndirir:
Tale küskün, düşmən zalım, ümid yox,
Ər gərəkdi: Ürək isti, baş soyuq.
Mahirəyə görə, “isti ürəkli, soyuq başlı ər”in qayıdışı ilə birlikdə xalqın yaşamağa da, torpaqlarımızın əsirlikdən qurtaracağına gümanı da, inamı da
qayıdır. Şairə özünün dastan qəhrəmanını məhz bu güman və inam işığında vəsf edir. Onun “vəsf”ində həqiqi bir dastan ruhu var. Ozan, el aşığı xalqının saysız- hesabsız igidliklər göstərmiş qəhrəman oğlunu qopuzunun, sazının simlərində necə öyər, necə vəsf edərsə, elə vəsf edir. Bu “vəsf”də el aşığının meydanda gərdiş edə- edə mizrabı sazın simlərinə necə inam və ürəklə, coşqu ilə toxundurduğunu gözlərimizlə görür kimi bir hal yaşayırıq:
Haqq işini görmək üçün qayıtdın,
Haqqa güman vermək üçün qayıtdın,
Xalqa inam vermək üçün qayıtdın,
Bu tarixdir, bir nəfəsdən oxunur.
Sən qaytardın perik düşən gümanı,
Sən gətirdin içimizə inamı.
Şairənin analitik bədii düşüncəsi inkişaf edən, bir-birini əvəz edən hadisələrarasındakı zəncirvari əlaqəni, birinin o birindən doğulmasını, Heydər Əliyevin dövlətimizi parçalanmaqdan, dövlətçiliyimizi zəifləməkdən qoruması, onun uzaqgörən siyasətinin bir dövlət kimi Azərbaycanın get-gedə möhkəmlənməsi ilə nəticələnməsi, türk-müsəlman dünyası isə qurduğu əlaqələrin intensivliyi və səmərəliliyi, soy birliyi və din birliyindən qaynaqlanan əlaqələri pik həddinə çatdırması, “Əsrin müqaviləsi” ilə, müəyyən mənada, dünyanı öz dövlətinin təsirialtında saxlamasını erməni faşizminə qarşı aparılacaq mübarizənin, qələbəmizi təmin edəcək mübarizənin təməl prinsipləri kimi dərk edir; Bu təməl prinsiplərinçağdaş zamanda dövlətçilik siyasətimizin əsasında dayanmasını, cənab İlham Əliyevin siyasi estafeti uğurla davam etdirməsinə ümidlərini dilə gətirir. “Aprelm doyüşləri”ndən, “Günnüt zəfəri”ndən sonra ümidin inama çevrilməsi onda Azərbaycan xalqının bundan sonrakı yolunun Qələbədən keçəcəyini milli ictimai
düşüncəyə qətiyyətlə ötürməsinə psixoloji əsas yaradır. Mahirə on yeddinci ilin gərgin siyasi ab-havasında o qələbə gününün uzaqda olmadığına dair öz sənətkar bəyanatını verir:
Qarabağda havalanar dost ünü,
İlham bizə gətirəcək o günü.
Görəcəyik xalq qurubdu düyünü,
Heydər baba-deyib dastan oxunur.
Qələbəyə gedən yolun ilk cığırlarını açan on altı-on səkkizinci illərdə Mahirə şeirinə tam bir səfərbərlik ruhu hakim kəsilir. Sənətkar istedadının təlqinləri ilə geriyə dönüşün olmadığını, başladığımız işin sona çatdırılması zərurətini başa düşür və buna görə də millət övladlarını psixoloji cəhətdən mübarizəyə, dönməzliyə, təsəvvür edilməsi belə çətin olan qəhrəmanlıqlara hazırlayır. “Aprel döyüşləri” – ordumuzun və xalqımızın göstərdiyi böyük rəşadət, Ali BaşKomandanın vulkan kimi püskürən sərkərdəlik istedadı Mahirəyə Qələbəyə aparan “yol xəritəsi”ni cızmağa əsas verir. Sonradan baş verənləri – Qələbəmizi təmin edən döyüşləri, başqa sözlə, “Dəmir yumruq” əməliyyatlarını təsəvvürümüzə gətirsək, şairənin təqdim etdiyi “yol xəritəsi”nə də diqqət yetirsək, şair xəyalı ilə təsəvvür edilənlərin dəqiqliyi heyrət doğurur:
Azərbaycan əsgəri, yolun Şuşaya gedər,
O yürüşün naminə son döyüşə hazır ol!
İntizarda Laçındır, Zəngilandır, Kəlbəcər,
Pir görüşün naminə, son döyüşə hazır ol!
Mahirə “son döyüşə” gedən yolun mənəvi-psixoloji əsaslarını çox yaxşı bilir. Onun üçün “son döyüşə” gedən yol analarımızın mətinliyindən, hüdudsuz
mübarizə əzmindən keçir. Onun üçün “son döyüş”ə gedən yol ordumuz ilə Ali Baş Komandanımız, Ali Baş Komandanımızla millətimiz arasındakı sarsılmaz birlikdən, birinin o birinə sonsuz sevgisindən keçir; Bir millətin böyüyünün də, kiçiyinin də, kişisinin də, qadınının da, əsgərinin də, Ali Baş Komandanın da bir amala köklənməsindən keçir. Mahirəyə sadəcə bu həqiqəti görmək, poetik sözün qüdrəti ilə bəyan etmək qalır:
Artıq bizim səbrimiz doldu, komandan – dedin,
Baş komandan vur! – dedi. Oldu, komandan! – dedin.
Siz göstərən yönüm-yön, yoldu, komandan! – dedin,
Dirənişin naminə, son döyüşə hazır ol!
27 sentyabr 2020-ci il…Döyüş başlanan gün! Ali Baş Komandanın əmr verdiyi gün və M.Nağıqızının həmin gün yazılan “Get” şeiri…
Payız gəldi, ağacların bar vaxtıdır,
Dəymiş vüsal meyvəsini dərməyə get.
Sualların cavabın al, vaxtıdır,
Sinəsi cat torpaqları görməyə get…
“Get” rədifi ilə poetikləşdirilən məqamları şairənin vətəndaş mövqeyinin ifadəsi kimi də təfsir etmək olar, ancaq burda nöqtə qoymaq olmaz. Çünki başdan ayağa döyüş ruhuna köklənmiş misralar, bəndlər sanki Ali Baş Komandanın həmingün “cavab atəşinin açılması” ilə bağlı gəldiyi qərarın və verdiyi əmrin mənəvi- psixoloji əsaslarını ortaya qoyur. “Əmr”, əlbəttə, beynin, məntiqi düşüncənin, siyasətin, dövlətçilik təcrübəsinin nəticəsidir, hərb qanunlarından çıxışın göstəricisidir. Ancaq bu “Əmr” həm də Ali Baş Komandanın ürəyinin səsidir. Uzun illər ürəyində yığılıb qalan doğma torpaq nisgilinin, ayrılığı vüsalla əvəzetmək ehtirasının vulkan kimi püskürməsidir.
İllər keçdi, o gündən ki, yaralandım,
Yağı vurdu, param-parça paralandım – ağrısının doğurduğu intiqam hissindən doğulmuşdur. Aşağıdakı misralar məgər “Qarabağ Ermənistandır və nöqtə” deyən, dünya siyasətində naşılığın simvolu kimi yadda qalan erməni baş nazirinə Prezidentimizin “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabının əməli işə çevrilməsindən doğan poetik təəssüratlar deyilmi?
Gücün sənin – bu dünyada olan haqqım,
Göz dağımdır düşmanımda qalan haqqım.
Yağı versin: o can haqqım, bu qan haqqım,
Haqq sənindir, öz haqqını almağa get.
Poeziyanın ictimai həyatla bağlılığı onun pafosunun müəyyənləşməsində həlledici rol oynayır. Biz bunu milli poeziyamızın tarixində, xüsusən son əsrlərin poeziyasında dönə-dönə hiss etmişik. İtirilmiş torpaqlarımız uğrunda döyüşlərin –
II Qarabağ müharibəsinin başlanması günündən etibarən Mahirənin şeirləri nikbin pafosa köklənir. Ali Baş Komandanımızın, bütövlükdə millətimizin və əsgərinin döyüş əzmi onun poeziyasının ovqatını müəyyənləşdirir. Bundan sonra onun bütün yaradıcılığı “Bilsin ana torpaq, eşitsin Vətən; Müsəlləh əsgərim mən də bu gündən”- deyən S.Vurğun şeirinin nəbzi ilə bir vurur. Sənətkarın qələmi süngüyə çevrilir, xüsusən ilk günlər səfərbərlik ruhu onun şeirlərinin aparıcı motivinə çevrilir.
Mahirə Nağıqızı alimdir, dilçilik sahəsində konseptual tədqiqatları ilə seçilir. O, təhsil işçisidir, müəllim-pedaqoqdur. Başqa sözlə, onun fəaliyyəti çoxşaxəlidir. Ancaq, fikrimizcə, o stixiyası etibarı ilə öncə şairdir, poetik təfəkkür onun düşüncə sistemində aparıcıdır. Anadan ilhamlı doğulub. İstəsə də onun təlqinlərindən kənara çıxa bilməz. Buna görə də zaman “millətinin taleyüklü məsələlərinə hamilə olanda” Mahirənin poetik ilhamı açılacaq tüfəng kimi həmişə ayaqda olur. Qırx dörd günlük müharibəmiz öz başlanğıcı, ortası və sonu ilə onun poetik ilhamını yeni bir qüvvətlə, yeni bir ovqatla hərəkətə gətirir. Az qala bir qərinəlik dövrdə içində yığılıb qalan ağrılarından xilas olmaq imkanlarını görəndə onun şeirində
sevincdən doğan hönkürtülərin fərqli bir hal yaratdığını müşahidə edirik:
Mahirə sevincdən ağlar,
Sinəsində ümman çağlar.
Dinər saza həsrət dağlar,
Salam, Qarabağım, salam.
“Çağlayan ümman”ın təlqinləri ilə şairənin ruhu müharibəyə, daha doğrusu, Qələbəyə səfərbər olur. Məlumdur ki, “davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir” (Azad ensiklopediya).
“Görünür” şeiri Cəbrayılın, “Azərbaycanım” şeiri Füzulinin, “Yaraşır” şeiri Zəngilanın, “Xoş görmüşük” şeiri Şuşanın alındığı gün yazılıb. “Salam olsun” şeiri Qələbə gününə, “Bayrağımız” şeiri isə Zəfər Gününə həsr edilib. Şeirlər baş verən tarixi olayların tarixləşdirilməsi funksiyasını gerçəkləşdirir. Şairə “Salam olsun” şeirində məhz bu tarixdən, bu tarixi yaradanlardan söz açır:
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
Şeirdə erməni rəzaləti, onun insanlıqdan kənar əməlləri ümumiləşdirilir, bu ümumiləşdirmə fəlsəfi vüsət alır, dünyaya ibrət dərsi kimi mənalandırılır. “Qan içməkdən doymayanlar”ın gec-tez “qanda batacaqları”na dair qəti bir hökm verilir. Bu hökm haqqın səsidir, haqqı olanın nahaq üzərində qələbəsinə birmənalı inamın ifadəsidir. Bu səs dünyanı haqqa çağırış harayıdır. Dünyanı haqqın tərəfində
olmağa, onu müdafiə etməyə çağırışdır. Bu, dünyanı ədalətsiz mövqeyinə görə
ittiham aktıdır. Mahirənin Ali Baş Komandanımız İlham Əliyevlə qardaş ölkənin-Türkiyənin Prezidenti Rəcəb Teyyub Ərdoğanı nəzərdə tutaraq “həmişə var canınıza salam olsun” deyimində də, şəhidlərimizə üz tutaraq “haqqınız var çiynimizdə” deməsində də bir ana müdrikliyinin ifadəsi var, sonsuz Vətən sevgisindən doğan minnətdarlıq duyğularının həzin bir tonla poetikləşdirilməsi var. Eyni zamanda, onun poeziyasında bu sevincli tariximizi yaradanların haqqının heç zaman unudulmayacağının həqiqi sənət dili ilə əksi var. Şairənin səsində və sözündə Dədəm Qorqud alqışının müdriklik tonu var. Bu ton bizi şəhidlərimizin geydikləri kəfəni müqəddəs tutmağa, heç vaxt əynimizdən çıxarmamağa, yaddaşsızlıqdan
yaxa qurtarmağa, baş verənləri tarix boyu unutmamağa səsləyir. Onun “salam”larında sevinc ahəngi ilə bərabər, qeyri-adi səmimiyyətdən doğan bir
ülvilik var. Elə bir ülvilik ki, bizi bu qeyri-adi səmimiyyətin poetik ifadəsinə nail olan şairəni anaların anası kimi görməyə, dərk etməyə şövq edir. Baş verən bütün bu şərəf tariximizi əbədiyaşar “Söz”ə çevirən sənətkara qarşı içimizdə mərhəm duyğular yaranır, misradan misraya keçən “Söz”ü onu bizə doğmalaşdırır. Bu, bədii sözün insanı içindən oyatmaq, onu təsirləndirmək, ona ruh vermək gücüdür. Bu, bizi oxuduqlarımızın təsiri altında qeyri-adi yaşantılar yaşayaraq onu dilə gətirmək istəyimizdir:
Şəhidlərim, haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə.
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun.
Çağdaşımız olan sənətkarın poetik imkanlarının genişliyi Cəbrayılın, Füzulinin, Zəngilanın, Şuşanın alınması, Qələbə və Zəfər günləri münasibətilə yazdığı şeirlərdə xüsusi şəkildə diqqəti çəkir. Bizə elə gəlir ki, hər dəfə qələbə müjdəsi səslənəndə, bu şeirlər birdən birə qəbul olunan xəbərin təsiri altında bədahətən yaranmışdır. Zamanında uşaq ana bətnindən ayrılan kimi bu şeirlər
şairənin bətnindən sıyrılaraq diri doğulmuşdur. Hər şeirin poetikasını- ideya- məzmun xüsusiyyətlərini, estetikasını da bu “diri doğuluş” müəyyənləşdirmişdir. Yəqin ki, şairə özü də təsdiq edər ki, aşağıdakı misralar haçan içinə dolub, haçan şeirə çevrilib, heç özü də xəbər tutmayıb. Çünki həmin anda Mahirənin varlığı bütövlükdə Şuşanın alınmasından doğan miqyassız emosional yaşantının təsiri altında olub:
Möhnətimiz sona yetdi,
Şuşa, xoş görmüşük səni.
Vüsal gəldi, həsrət bitdi,
Yaşa, xoş görmüşük səni.
Mahirənin II Qarabağ müharibəsinə həsr edilmiş şeirləri müxtəlif poetikm notlar üstünə köklənir. Şairə cəbhə qəhrəmanlarına ürək sözlərini çatdırmaq, onların ruhunu oxşamaq, əzizləmək üçün müxtəlif bədii vasitələr axtarışında olur. Sinədən gələn sözlərini oxucusuna çatdırmaq üçün “salam olsun” deyimi onun şeirlərində uğurlu bədii vasitəyə çevrilir. “Salam”, “salam olsun” deyimləri bir çox hallarda onun şeirlərinin sərlövhəsinə çevrilərək, eyni zamanda, rədif funksiyasında çıxış edərək, dönə-dönə təkrarlanır. Lakin hər dəfə də bu təkrar şeirə yeknəsəqlik yox, yüksək poetik vüsət gətirir. “Salam”, “salam olsun” deyimləri vətəndaş şairənin itirilmiş torpaqlarımız uğrunda düşmənin başına od yağdıran qəhrəman əsgərlərmizlə ünsiyyətini istiləşdirir, münasibətlərə səmimiyyət qatır, dərin duyğularını sözə çevirmək, arzularını dilə gətirmək imkanı yaradır:
Dönüb başına dolannam,
Salam, Qarabağım, salam.
Qadan allam, balan allam,
Salam, Qarabağım, salam.
44 günlük müharibəmizdə, müharibə ərəfəsində və müharibədən sonra bizə hər cür dəstək olan, Azərbaycanın haqq işi uğrunda mübarizəsində tək olmadığını, Türkiyənin hər vaxt onun yanında olduğunu və olacağını söyləyən qardaş ölkənin Prezidenti Rəcəb Teyyub Ərdoğana Azərbaycan vətəndaşı olaraq, xalqının yazarı olaraq ürək sözlərini çatdırmaq üçün Mahirə “salam olsun” deyiminin bütün imkanlarını işə salır və yenə də biz sanki uzun əsrlərin arxasından gələn ozanın qopuzunun həzin musiqisi altında söylədiyi türkünü eşidirik:
Azərbaycan – bağrım, deyən,
Ağrısıdır – ağrım – deyən.
Qardaş – deyən, yavrum – deyən,
Yollarına salam olsun.
Şairənin şeirlərini oxuyanda insan xəyalının uzun-uzun illərin, əsrlərin arxasına uçuşu qaçılmazdır. Biz, bir-birini əvəz edən alqış-sənaları, duaları “yeyib- içib, dünyadan keçmiş”, dünyanın dərdini öz qəlbinə köçürmüş, qəlbinə köçürdüklərini qopuzunun ahəngi ilə dilə gətirən, ruhani eşqində “cəzbə dalmış” ozanın dilindən eşidər kimi oluruq. Ozan sözünün iliklərə işləyən ahəngi bizi o qədər təsirləndirir ki, özümüzü ozan dünyasında hiss edirik. Yalnız sonuncu akkordlar vurulanda – möhürbənddə çağdaşımız şairənin adını eşidəndə özümüzə
gəlir, zamanımıza qayıdırıq:
Getdiyin yoldu illacın,
Yada getsin ağrın-acın.
Mahirətək anan-bacın,
Salamlar göndərər sənə.
Hərb işi, ümumiyyətlə götürəndə kişi işidir. Mahirənin şeirlərini oxuyanda- onun 44 günlük hərb həyatımızın hər anına, məqamına bələdliyini müşahidə edəndə bu baxış sistemi insana şübhəli görünür. Daha çox yadımıza “Aslanın erkəyi, dişisi olmaz” məsəli düşür. Etiraf edək ki, Nizaminin məşhur qəhrəmanı Nüşabənin tarixi reallığına inamımız bir az da artır. Dahi şairin əsrlərin o üzündə qalan türk qadınının xarakterinə verdiyi səciyyə (Erkək tinətliyəm, olsam da qadın, Hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam – düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz) bizim üçün indi daha real görünməyə başlayır. Mahirənin “Cəbhəyə məktublarında”, “Cəbhədən məktub”unda, “Şəhid Anasına məktub”unda, “Dünən yazılan vərəq”ində, “Tarix yazan əsgər”ə müraciətində cəbhədə baş verənləri anbaan izləyən, baş verənlərin ruhunda yaratdığı ovqatla yaşayan, bəzən ağlayan, bəzən gülən, bəzən göz yaşlarını gizlədib içinə axıdan, başqalarına verdiyi təsəlliləri özü üçün də təsəlliyə çevirən “erkək tinətli” Azərbaycan qadınının vətəndaş mövqeyini görürük.
Təyyar Salamoğlu
ADPU-nun proffessoru, filologiya elmləri doktoru