![]()
Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur.
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirərək həkimlik fəaliyyətinə başlayıb.
O, əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi başlayıb, daha sonra isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda mühüm vəzifələrdə çalışıb. 1969-cu ildən etibarən burada göz xəstəlikləri kafedrasının dosenti və professoru, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, 1982–1985-ci illərdə isə oftalmologiya kafedrasının müdiri olub.
Akademik Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərib. O, vaxtilə geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılması istiqamətində mühüm elmi tədqiqatlar aparıb. Bununla yanaşı, kimya və elektron sənayesi kimi sahələrdə çalışan insanların peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi üzrə dünya miqyasında qabaqcıl alimlərdən biri kimi tanınıb.
Alimin elmi irsi olduqca zəngindir. O, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi fundamental əsərlərin müəlliflərindən biri olmaqla yanaşı, 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150-yə yaxın elmi məqalə, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva həm də yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verib.
O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, həmçinin “Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü olub.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Onun nəşi 1994-cü ildə Moskvadakı Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının məzarı yanında dəfn olunub.
Bu gün akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilir, onun Azərbaycan tibb elminə verdiyi töhfələr minnətdarlıqla anılır.
Subyekt.az