![]()
Yevlax, Azərbaycan — Yolda hərəkət zamanı dövlət nömrə nişanını itirən sürücü Əziz Orucov Yevlax Dövlət Yol Polisi (DYP) postuna müraciət edib. Hadisə Bərdə istiqamətində hərəkət zamanı, Yevlax DYP postuna yaxın ərazidə baş verib.
Sürücünün məlumatına əsasən, hərəkət zamanı ətrafdakı digər bir sürücü tərəfindən avtomobilin qabaq dövlət nömrə nişanının düşdüyü barədə xəbərdarlıq edilib. Dərhal nəqliyyat vasitəsini saxlayan sürücü nömrə nişanının yerində olmadığını müəyyən edib və Yevlax DYP postuna yaxınlaşaraq məsələ barədə məlumat verib.
DYP əməkdaşları tərəfindən operativ reaksiya göstərilərək ilkin araşdırma aparılıb, nömrə nişanının sonuncu dəfə avtomobil üzərində olduğu ehtimal edilən ərazi müəyyən edilib. Daha sonra yol polisi əməkdaşları sürücü ilə birlikdə əraziyə baxış keçirərək itmiş dövlət nömrə nişanını tapmağa nail olublar.
Tapılan nömrə nişanı yerindəcə avtomobilə bərkidilib və sürücünün hərəkətini təhlükəsiz şəkildə davam etdirməsi təmin olunub.
Sürücü Əziz Orucov göstərilən operativ köməyə görə Yevlax DYP postunun rəisi Aqil müəllimə və bütün əməkdaşlara təşəkkürünü bildirib.
Hadisə bir daha yol polisi əməkdaşlarının operativliyi və vətəndaşlara göstərilən dəstəyin vacibliyini nümayiş etdirib.
Subyekt.az