
Xalqın tarixi varlığı sosial-siyasi amillərlə yanaşı, həm də mənəvi mədəniyyətinin qədimliyi ilə bəlli olur. Mənəvi mədəniyyət deyəndə isə sözsüz, birinci yada düşən, göz qabağına gələn ilkin söz sənəti folklordur. O folklor ki, yaranıb-yayılmasında yurdda, eldə-obada yaşayan hər fərd, soy, nəsil, ümumilikdə el iştirak edir.
Elin sözü, elin özü qədər qədimdir. İlkin nümunələri nə qədər bəsit olsa da, təbiidir, canlıdır. Elin bu zəngin söz xəzinəsinə el özü də onun ritminə uyğun havalar bəstələmiş, onu dodaqaltı qımqımlarla oxumuşlar. Bu havalar cilalana-cilalana sonrakı bəstəkarlıq sənəti üçün ilkin qaynaq olmuşdur. Əsrlər bir-birini əvəz etmiş, zaman dəyişmiş, ancaq xalq inciləri əbədiyaşar olmuşlar. Musiqi ilə müşayiət olunan yüzlərlə mahnılarımız xalqın bədii zövqünün tərcümanıdır. Və bu gün də onları zövqlə dinləyirik. Xalq poeziyası bir sənət abidəsidir. Bu abidənin bir sütunu da aşıq sənətidir. Aşıq sənəti bütün varlığı ilə elinə-obasına bağlı həmin sənətkarların sözü-söhbəti canlı danışıq dilinin gözəllik və incəliklərini özündə birləşdirir. Belə gözəlliklər yaradan el şairlərindən, el aşıqlarından biri də dağların saz və söz şimşəyi el nəğməkarı, el ozanı Aşıq Şəmşirdir. Folklorun mühüm bir qolunu təşkil edən aşıq poeziyasında dədə Şəmşir həyat hadisələrinin incəliklərini söz çələngi ilə bəzəyən sənətkardır. Ümumilikdə Aşıq Şəmşir sənəti xalq sənəti xalq yaradıcılığı çeşmələrindən zəngin bir xəzinədir.
Aşıq Şəmşir yaradıcılığını dərinliyi və genişliyi baxımından okeana bənzətmək olar. O, təkcə böyük söz ustası deyil, həm də filosofdur. Aşıq Şəmşir şeir, saz-söz mədəniyyətini elə yüksək səviyyəyə qaldırmışdır ki, elə xüsusi dəst-xətlə öz imzasını qoymuşdur ki, ondan başqa bu zirvəni heç kim fəht edə bilməyib. Onun yaratdığı qiymətli ədəbi miras xalqımızın əmlakı, Aşıq Şəmşir şöhrəti isə xalqın qürurudur.
Qədim zamanlardan Azərbaycan xalqı aşıqlara böyük məhəbbət bəsləmiş, hər zaman оnları hörmətlə qarşılamışdır. Bu şaxəli, qоllu-budaqlı sənətdə isə musiqi, ifaçılıq, rəqs və şеir bir-birini tamamlayır. Оna görə də aşıq sənəti şərəfli оlduğu qədər də çətin, mürəkkəb və sоn dərəcə ustalıq, həssaslıq və məharət tələb еdən sənətdir.
Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.
1955-ci ildə onun həyatında dərin iz buraxan bir hadisə baş verir. Aşıq Şəmşirin həmin ilin yayında Kəlbəcərdə sevimli şairimiz Səməd Vurğunla görüşü tarixi bir hadisəyə çevrildi. Azərbaycanın xalq şairi Səməd Vurğun respublikanın rayonlarına səfərə çıxırdı. Bu dəfə o, Kəlbəcərə də gəlmişdi. Şairi qarşılayanlar arasında aşıq Şəmşir də var idi. O, Səməd Vurğunu öz qoşma-şerləri ilə salamlayır. Sonradan şairlər möhkəm dost olurlar və Səməd Vurğunun təşəbbüsü ilə Aşıq Şəmşir Bakıya dəvət olunur və Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Səməd Vurğun aşıqdan xahiş edir ki, əlyazmalarını Bakıya gətirsin. Onun təşəbbüsü ilə Şəmşirin şerlərinin külliyyatı hazırlanır. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülür, “Fəxri nişan” ordeni ilə təltif edilir. Ulu öndər H.Əliyev bu tarixi görüşü öz xatirələrində çox qiymətləndirmişdir:
“Baxın ha Səmədlə Aşıq Şəmşir bir dağın döşündəki bulağın qoşa gözüdür. Biri şifahi ədəbiyyatdır biri yazılı ədəbiyyat. Baxın görün bunlar əl-ələ verib qovuşduğu kimi, qucağlaşdığı kimi bu su da bir məcrada necə birləşib. Bu bir xalqın mənəviyyatıdır, bir xalqın dünyasıdır”. (Heydər Əliyev)
Dədə Şəmşır həm də bir neçə dastanların müəllifidir. Məhz “Cəlal və Mınayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər adlı dastanlar ustad sənətkara şöhrət gətirən əsərlərindəndir. Dədənin dördüncü dastanı “Calal və Şəkər” adlanır. Beşinci dastan “İrəvanlı Məhəmməd” və son dastanı böyük Azərbaycan şairi Səməd Vurğunun 1955-ci ilin avqust ayında Kəlbəcərə – İstisuya gəlişi ilə əlaqədar “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” adlı dastanıdır. Dastan Dədənin ilk görüşündən başlayır və Səməd Vurğunun vəfatı ilə bitir. Adları qeyd edilən əsərlərdən qalanlar “Şəmşir və Sənubər” və “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastanlarıdır. Qalan dastanların əksəriyyəti ermənilər tərəfindən yandırılıb məhv edilmişdir. Geniş yaradıcılıq imkanlarına malik Dədənin səhnə əsərləri yazdığı da məlumdur. 1943-44 cü ildə yazdığı “Polad” pyesi və ikinci səhnə əsəri olan “Əsli və Kərəm” dastanı səhnələşdirmişdir. 50-ci illərdə isə tanınmış musiqişünas Əminə Eldarova tərəfindən Aşıq Şəmşirin 70-ə yaxin aşıq havalarını lentə yazılmışdır. İndi həmin lent yazıları Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur. Bu yaxınlarda isə həmin lent yazıları əsasında, Aşıq Şəmşirin 124 illiyinə həsr olunmuş, “Sevindim” adlı albomu işıq üzü görüb.
Aşıq-ozan mədəniyyəti çoxəsirlik tarixə, qədim köklərə malik sinkretik sənət növü olmaqla günümüzəcən gəlmiş, yaşamış və yaşamaqdadır. Qopuzdan saza, yanşaqdan aşığa qədərki tarixi təkmilləşmə prosesində yeni sənət meyarları meydana çıxmış, elin ciddi sınaq və imtahanından keçən el sənətkarları “dədə”, “ustad”, “pir” və s. kimi şəraitli adların, yüksək titulların daşıyıcısına çevrilmişlər. Dədə Qorquddan başlamış Dədə Şəmşirə kimi saz-söz sənətkarlarının böyük bir silsiləsi Azərbaycan ədəbi-mədəni mühitinin formalaşmasına, ana ruhlu musiqimizin inkişafında öz əvəzsiz töhfələrini vermişlər. Bu sıradan Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad, Çoban Əfqan, Yəhyabəy Dilqəm, Aşıq Pəri, Aşıq Alı, Aşıq Ələsgər, Adfabanlı Qurban, Aşıq Şəmşir kimi klassik sənətkarlarımızın poetik irsi şifahi qaynaqlarımızdan süzülən milli-mənəvi dəyərlərimiz, solmaz söz incilərimizdir. Bu həlqənin bir parçası da Dədə Şəmşirdir…
USTAD ömrü ana ömrünə bənzər: hər şəirdi onun gəzəri heykəlidir. Əslində, bunlar da ustadın əsərləridir. Yazdığı əsərləri elə bu canlı “əsərləri” insanların yadına salır, rəhmət oxutdurur. Buna görə də Dədə Şəmşir ustad-şəyird sonsuz məsuliyyətlə baxırdı.
Aşıq Şəmşir dərs aldığı ustadların həqiqi varisi və ləyaqətli övladlarından biri idi. Onun qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, müxtəlif bağlamaları öz məzmununa, bədii keyfiyyətinə görə son dərəcə müasir vgə təravətlidir. Aşıq Şəmşir sanki köhnə dünya ilə yeni dünya arasında bir körpü idi. Hələ sovet dövründə olan Azərbaycanın incəsənət xadimi kimi şərəfli ad verilmişdi. Aşıq Şəmşir klassik aşıq poeziyası ilə müasir şeirimizi qovuşduraraq klassik nümunələr yaradıb:
Bir kəsə qalmadı dünyanın varı,
Hanı xan, xaqanlar, getdimi, getdi,
Atanlar, tutanlar, mənəm deyənlər,
Vuranlar, yıxanlar, getdimi, getdi.
Aşıq Şəmşirin şeirlərində Kəlbəcər dağlarının ucalığı, çəmənlərin genişliyi, çayların zümzüməsi, gül-çiçəyin ətri duyulur. Aşıq Şəmşirin şeirlərində Azərbaycan ucalığı, Azərbaycan zirvəsi var. Bu zirvədən yurdumuzun mənzərəsi çox gözəl və cazibəli görünür. Elə bir guşəmiz, dağımız, dərəmiz yoxdur ki, Aşıq Şəmşir onun gözəlliyinə heyran qalaraq şəninə şeir qoşmasın. Aşıq Şəmşirin sinəsində vətəndaş ürəyi döyünürdü. Bütün varlığı ilə xalqına, dəlicəsinə sevdiyi Kəlbəcərinə bağlı bir insan idi.
Şəms olub günəş kimi səddin, sorağın,-Kəlbəcər.
Nihandan aşkara çıxır, sərvət, yatağın, Kəlbəcər,
Bağı-gülüstanə dönüb indiki çağın Kəlbəcər,
Təzə, gözəl əndazədə var ağ otağın, Kəlbəcər,
Sayrışır ulduz təhər şəmin, çırağın Kəlbəcər…
Hələ ona sağlığında “Dədə Şəmşir” deyirdilər. Belə bir ifadəni bütöv xalq hər kəsin ünvanına deməz. Bu, Aşıq Şəmşirin ləyaqətli ömrünün el arasında yaratdığı hörmətin, etiramın ifadəsinə dönmüşdü. Ən böyük arzusu Yer üzündə sülhün, dincliyin, halallıq və xeyirxahlığın bərqərar olması idi. El aşığı bu fikirdə idi ki, harada doğulmasından asılı olmayaraq Yer kürəsi bütün insanların anası olmalı və onu hamı sevməlidir. Nifrət bəslədiyi xüsusiyyət isə yarımçılıq, nadanlıq və xəyanət idi. Dədə Şəmşir belələrinə üz tutaraq yazırdı: “Dad əlindən bəd əməlin, qayğısını çəkməz elin”. Məhz belələrini görmək istəməyən Aşıq Şəmşir yazırdı:
Qırmışam ayaq-başını,
Müxtəsər, atdım daşını
Dedim, düzəldim işini,
Baxıram ki, qanqal olur…
Həmişə qəlbində gül-çiçək bitirən və bu gözəlliyi öz şeirlərinə gətirən Dədə Şəmşir darıxanda yönünü dağlara tuturdu:
Ağır ellərin bu mötəbər dədəsi dəfələrlə zirvələrin ağ qarını öpüb, buz bulaqlı yaylaqlarında saz tutub, söz deyib. Dədə Şəmşirli meydanlar o qədər bol olub ki, maraqlı söhbəti, dadlı xatirələri bu gün də yaşamaqdadır. O, ahıl yaşlarında belə səhnədə tufan qoparardı. Sazın simlərindən qasırğa yağardı. Bir bülbül avazı vardı onun nəfəsində. Adama elə gəlirdi ki, o səsin ahəngində Kür Arazla qovuşur. Tutqun buludlarlın tən ortasında Ayın gül camalı görünərdi sanki. Düz ilqarlı aşıq sanki qocalığın əlindən təngə gələrək onun acığına, ona inad meydanda arzularını dilə gətirərdi:
Çağırsan cavanlıq yetişməz hova,
Yanar cismin inan sönməz alova.
Çıxmaq üçün Dəlidağa, Murova,
Söylə görüm, varmı səndə hal, aşıq?
Dədə Şəmşir dünyasını dəyişəndə də onu adi qəbirsanlıqda deyil, Murovun zirvəsində, Tanrının haqqına tapşırmışdılar. Bu onu öz istəyi, öz arzusu idi. Çünki bütün ömrü boyu bu dağların məcnunu idi.
Ömrü boyu Kəlbəcərdən kənarda yaşaya bilməyən, o yerlərsiz nəfəs almayan Dədə Şəmşir təsadüfən qismətinə çıxan ayrılıqdan xiffətlənərək öz hisslərini belə qələmə almışdır.
Söylə görüm çoxmu buzluq,
Dağlar həmən yerindəmi?
Sarı nərgiz, tər bənövşə,
Çiçək –çəmən yerindəmi?
İnsanın qəlbindən buz soyuqluğu keçir, indi yadlar tapdağında qalan Kəlbəcərdən xəbərimiz yoxdur. Birdən onun ruhu bizə sual versə, nə edərik?.. Yəqin yenə də öz şeirlərindən cavab axtarırıq:
Qorxursanmı boran, qardan,
Bir xəbər ver o diyardan
Ayrı düşən sən tək yardan,
Ağlı varmı, kişidirmi?
Soruşuram o dağlardan o dağlardan,
Boran səni üşüdürmü?
Müdam sənə “can” deyirəm,
Qulaqların eşidirmi?
1993-cü ilin aprelində Aşıq Şəmşirin vətəni Kəlbəcər ermənilər tərəfindən işğal olundu. Dağlar qucağında qərar tutmuş elimiz dağıdıldı. Düşmənlərimizin bu qovhaqovunda Aşıq Şəmşirin ciyərparaları, doğma qızı, yaxın qohumları qətlə yetirilıldi. Ata-baba yurdu talan edildi. Bununla bərabər, aşığın Aşıq Şəmşirin əski əlifba ilə yazdığı və əksəriyyəti də çap edilməmiş şeirləri yandırıldı. Aşıq Şəmşirin Ağdabandakı evini ermənilər külə döndərdilər. Bu adicə ev yox, 40 mindən artıq eksponatı olan əsl muzey idi.
Təbii ki, yenə Kəlbəcərdə fəsillər dəyişir, dağ çeşmələri həzin-həzin dillənir, bircə o telli saz çalınmır, Aşıq Şəmşir sevinmir, didərgin ellər geri dönmür. Doğma yurd yağıya qalıb…
Qədim zamanlarda ozanlar, sonrakı dövrlərdə aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərnin, mühitlərinin bilikli, məlumatlı, xeyirxah adamı, istedadlı, müdrik sənətkarları olmuşlar. El aşıqları həmişə camaatın gözü önündə, xeyrində-şərində yaxından iştirak ettdiklərindən, onun dərdinə-azarına yaxşı bələd olmuşlar. Onlar köhnə dünyada hökm sürən içtimai haqsızlıqları öz gözləri ilə görmüşlər. Düzlüyü, ədaləti, haqqı tərənnüm etmişlər. Aşıq Şəmşir də belə öncül aşıqlardandır.
Şairin əsərləri içərisində insanları düzlüyə, sədaqətə, hünərə, cəsarətə, dostluğa, qardaşlığa çağıran humanist ruhlu müdrik ustadnamələri vardır. Aşıq Şəmşirin müxtəlif şeir şəkillərində yazılmış “Məni”, “Yara üz”, “A lələ”, “Bu dərdi” kimi iyirmidən çox təcnisi vardır. Məlum olduğu kimi, təcnslər özlərininəriş-arğac cinaslı sözlərinin toxunuşu ilə oxucunu heyran qoyur. Təcnis şeirin çox çətin formasıdır. Aşıq Şəmşir bu imtahandan da hünərlə çıxmışdır…
Onun şeirlərində bu günün güclü nəfəsi hiss edilməkdədir, müasirlik hissi, müasirlik eşqi, həvəsi hakimdir.
Möhtəbər saz-söz pərvanələri, bu gün sizlərlə sazın və sözün böyük yaradıcılarından olan Əməkdar Mədəniyyət Xadimi unudulmaz sənətkar Aşıq Şəmşirin zəngin irsindən qismən də olsa, bəhrələndik. Aşıq Şəmş Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı, kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, vətən sevgisi, torpağa bağlılıq başlıca motivlər şairin əsas məqsədlərindəndir.
Kəlbəcər hər bir kəlbəcərlinin bir fiziki ömür müddətində vətəndir. Dədə Şəmşir isə bütün ömürlər müddətində Kəlbəcərin sahibidir! Aşıq Şəmşir Dəlidağın və cümlə kəlbəcərlilərin əlində-ovcunda qalan mənəvi dəyərimizdir. Başqa sözlə, canlı Kəlbəcərimizdir Dədə Şəmşir!!!
Gövhəri tanıyan qoca sərrafam,
Seçilmiş cövhərin zərgəriyəm mən!
Aşıq Şəmşir sevərlər, şeirə-sözə, saza-avaza vurğun oxucular, bu il Aşıq Şəmşirin 125 illik yubileyi münasibətilə bir çox tədbirlər, xatirə gecələri keçirilməsi nəzərdə tutulur. Onun keçdiyi ömür yoluna işıq salmaq üçün, şairin söz ocağına, istisinə yığışacaq, Dədə Şəmşir zirvəsindən od götürməyə toplaşacağıq. Çünki Azərbaycan torpağında Aşıq Şəmşir zirvəsi var. Bu zirvədən günəş doğur. Bizlər də onun ecaskar avazını dinləyərək bu günəşin nuruna boyanacağıq.
AYNUR TURAN
Subyekt.az