![]()
Bu gün “Yeni Müsavat” Media Qrupunun rəhbəri, tanınmış jurnalist, publisist və ictimai fikir adamı Rauf Arifoğlunun 60 illik yubileyidir.
Rauf bəy üçün bu əlamətdar günün ən böyük mənəvi dəyəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və etimad oldu. Dövlət başçısının müvafiq Sərəncamı ilə Rauf Arifoğlu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli mətbuatın inkişafı və uzunmüddətli səmərəli fəaliyyəti nəzərə alınaraq II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Bu ali dövlət mükafatı Rauf Arifoğlunun Azərbaycan mətbuatının inkişafına, milli informasiya məkanının formalaşmasına və dövlətçilik dəyərlərinin qorunmasına verdiyi sanballı töhfələrin yüksək səviyyədə qiymətləndirilməsinin bariz ifadəsidir. Şübhəsiz ki, Vətənə xidmət hər bir Azərbaycan vətəndaşı üçün ən böyük qürur, ən ali şərəf və ən məsuliyyətli missiyadır.
Rauf Arifoğlunun da qeyd etdiyi kimi, 60 illik yubileyinin və Azərbaycan milli mətbuatının 151 illik şərəfli tarixinin qeyd olunduğu bir dövrdə bu cür yüksək dövlət mükafatına layiq görülmək hər bir qələm sahibi üçün xüsusi qürur mənbəyidir.
İnanırıq ki, hansı mövqedə dayanmağımızdan, hansı peşəni təmsil etməyimizdən asılı olmayaraq, yolumuzun əsas məqsədi və məramı hər zaman Vətənə xidmət olmalıdır. Dövlət və dövlətçilik maraqları heç bir halda şəxsi maraqlara, fərdi məslək və ambisiyalara qurban verilməməlidir. Çünki söz mövzusu Vətəndirsə, gerisi təfərrüatdır.
Milli mətbuatımızın inkişafında özünəməxsus dəst-xətti, prinsipial mövqeyi və zəngin yaradıcılığı ilə seçilən, Vətənə və dövlətçiliyə ləyaqətlə xidmət edən dəyərli qələm sahibi, görkəmli jurnalist, publisist və ictimai fikir adamı Rauf Arifoğlunu Subyekt.az kollektivi adından və şəxsən öz adımdan 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları, tükənməz enerji və Azərbaycan naminə həyata keçirdiyi məsuliyyətli fəaliyyətində davamlı nailiyyətlər arzulayıram.
Qoy qələminiz hər zaman həqiqətin keşiyində dayansın, sözünüz milli maraqlara xidmət etsin, fəaliyyətiniz isə Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə töhfə versin. Sizə bundan sonrakı həyat və fəaliyyətinizdə də yeni uğurlar, möhkəm iradə və sonsuz müvəffəqiyyətlər arzulayıram.
Vətənə xidmət missiyanız daim uca, şərəfli və davamlı olsun!
Rövşən Hüseynli
Subyekt.az