![]()
Bəzi rayonlarda yas mərasimlərinin sadələşdirilməsi və israfçılığın qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Toy mərasimlərinin də eyni prinsiplərlə tənzimlənməsi məsələsi gündəmə gəlir.
Deputat Ceyhun Məmmədov qeyd edib ki, bu məsələ artıq uzun müddətdir ki, cəmiyyətdə geniş şəkildə müzakirə olunur.
“Şəxsən mən özüm də dəfələrlə bu mövzuya toxunmuş, onun əhəmiyyətini vurğulamışam. Hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar atılmalı və tədbirlər görülməlidir.
Sevindirici haldır ki, artıq bəzi bölgələrimizdə bu prosesə başlanılıb və insanlar yas mərasimlərini sadələşdirməyə üstünlük verirlər. Bu, ümumilikdə tam ləğv deyil, məhz israfçılığın qarşısını almaq məqsədilə sadələşdirmədir.
Günümüzdə keçirilən toy mərasimləri artıq insanların istirahət yeri deyil də, əksinə maddi və mənəvi yükə çevrilib. Musiqinin həddindən artıq yüksək səsi insanların səhhətinə mənfi təsir edir, təqdim olunan yeməklərin böyük bir hissəsi isə israf olunur.
Gənclər bəzən kredit götürərək toy edirlər və uzun illər bu borcu ödəməyə çalışırlar. Bu isə ailələrin maliyyə sabitliyini pozur və sosial problemlərə yol açır.
İnsanlar istər yas, istərsə də toy mərasimlərində israfçılığa yol verməməlidirlər. Bu sahədə ardıcıl maarifləndirmə işi aparılmalı, ictimai şüur formalaşdırılaraq belə halların qarşısı alınmalıdır”.
Subyekt.az