![]()
May ayının 13-də Yasamal Rayon Ağsaqqallar Şurası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Republikasının Mədəniyyət Konsepsiyası” mövzusunda tədbir keçirilib.
Rayonun Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, kulturoloq, professor Fuad Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Rayon Ağsaqqallar Şurasının sədr müavinləri Cumar İsayev və professor Məcnun Babayev, İdarə Heyətinin üzvü Vaqif Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon təşkilatının İdarə Heyətinin digər üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Avrasiya Universitetinin tələbələri və mərkəzin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları mərkəzin ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkil, eksponat və kitablarla tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə tədbir iştirakçılarını salamlayan Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova müasir və qüdrətli Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafındakı böyük xidmətlərindən bəhs edib. Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən biri olan Azərbaycanın mədəniyyətinin inkişafından söz açıb.
Tədbirdə çıxış edən Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, professor Fuad Məmmədov Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasətinin mahiyyətindən danışaraq, onun milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsindəki rolunu yüksək dəyərləndirib. Bu siyasətin dahi rəhbərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. Sonra natiq “Azərbaycan Mədəniyyəti – 2040” Dövlət konsepsiyası kontekstində Azərbaycan mədəniyyətinin inkişafının strateji məqsədləri haqqında geniş məruzə ilə çıxış edib. Təqdim etdiyi “Yüksək Mədəniyyətli İnsan” slayd-şousu mədəni inkişafın insan amili üzərində qurulmasının əhəmiyyətini göstərən dəyərli konseptual yanaşma kimi tədbir iştirakçılarında böyük maraq doğurub. Tədbirdə tələbələrin suallarını cavablandıran professor Fuad Məmmədov gənclərin maariflənməsinin, onların daim özlərini inkişaf etdirmələrinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu baxımdan Azərbaycanda kulturologiyanın tədrisi cəmiyyətin özünü dərk etməsi, mədəni prosesləri savadlı şəkildə qiymətləndirməsi və gələcək nəsillərin daha hazırlıqlı formalaşması üçün mühüm əhəmiyyət daşıyır.
Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Vaqif Məmmədov tədbir iştirakçıları adından maraqlı və dəyərli çıxışa görə professor Fuad Məmmədova və təşkilati dəstəyə görə mərkəzin direktoru Naminə Ömərovaya minnətdarlığını ifadə edərək əmin olduğunu bildirib ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizə mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin aşılanmasında böyük rol oynayacaqdır.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.






Subyekt.az