![]()
Bu gün Azərbaycanın görkəmli xalçaçı-rəssamı, xalçaşünas alim, ornamentalist və Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi tamam olur.
Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabrın 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illərində ailəsi ilə birlikdə İranın Məşhəd şəhərinə köçüb. Burada kalliqrafiya və rəssamlıq sənətini öyrənib, xalçaçılığın incəliklərinə yiyələnib. 1929-cu ildə Azərbaycana qayıdaraq xalça sənətinin inkişafı və təbliği istiqamətində fəaliyyətə başlayıb.
Sənətkarın eskizləri əsasında “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Firdovsi”, “Nəsimi” və digər məşhur xalçalar toxunub. Onun üçcildlik “Azərbaycan xalçası” əsəri milli xalça sənətinin elmi şəkildə öyrənilməsində mühüm yer tutur. Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə Azərbaycan Xalça Muzeyinin əsası qoyulub.
1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülən Lətif Kərimov 1991-ci il sentyabrın 8-də Bakıda vəfat edib.
Subyekt.az