![]()
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin anadan olmasının 75 illiyi tamam olur.
Yaşar Nuri 1951-ci ildə Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub. Səhnəyə ilk dəfə 11 yaşında “Toy kimindir?” tamaşasında Tapdıq obrazı ilə çıxıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu üzrə təhsil aldıqdan sonra 1974-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Aktyor həm teatrda, həm kinoda, həm də televiziya səhnəsində yaratdığı yaddaqalan obrazlarla tamaşaçı sevgisi qazanıb. “Yaramaz”, “Bəyin oğurlanması”, “Ad günü”, “Evləri köndələn yar” və “Yollar görüşəndə…” kimi ekran əsərlərindəki rolları onun yaradıcılığında xüsusi yer tutur.
1981-ci ildə Əməkdar artist, 1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülən Yaşar Nuri Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. Görkəmli sənətkar 2012-ci ildə vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Subyekt.az