![]()
Torpağının münbitliyi, təbiətinin füsünkarlığı, insanlarının səmimiyyəti və qonaqpərvərliyi ilə seçilən, müstəqil respublikamızın Şimal qapısında yerləşən Xaçmazın inzibati rayon kimi təşkil edilməsinin 95 ili tamam olur. Bu tarixi gün münasibətilə Xaçmaz rayonunun bütün sakinlərini təbrik edir, rayonumuzun inkişafı, daha da çiçəklənməsi naminə gördükləri misilsiz işlərində uğurlar arzulayırıq.
1930-cu il iyulun 23-də SSRİ MİK və XKS-nin “Okruqların ləğv edilməsi haqqında” qərarı ilə Azərbaycanda mahallar ləğv edilmiş, onların əvəzinə 63 inzibati rayon yaradılmışdır. Azərbaycan Kommunist (bolşevik) Partiyası və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə Xaçmaz rayonu təşkil edilmiş və 1938-ci ildə rayon mərkəzi olan Xaçmaza şəhər statusu verilmişdir.
Bu illər ərzində Xaçmaz rayonu səfalı təbiəti, maddi və mədəni dəyərləri, zəhmətkeş insanları ilə Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevrilmişdir. Xaçmaz rayonunda 28 İnzibati Ərazi Dairəsi və 13 bələdiyyə fəaliyyət göstərir.
Xaçmaz rayonu daim Ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. O, 3 dəfə müxtəlif vəzifələrdə olarkən Xaçmaz rayonuna səfər etmiş, rayonda kənd təsərrüfatı və sənaye sahələrinin inkişafına, turizm potensialının genişləndirilməsinə öz töhfələrini vermişdir Ümummilli liderimiz demişdir: “Xaçmaz rayonu Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada təbiət də gözəldir, torpaq da münbitdir. Bunların hamısından əhəmiyyətli odur ki, buranın adamları da qəhrəmandır, fədakardırlar.”
Təbii ki, bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bölgələrə göstərdiyi diqqət və qayğı, həyata keçirilən layihələr, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş Dövlət Proqramları dayanır.
Ərazi bütövlüyümüzün təmin edilməsi, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən birinci Qarabağ müharibəsi və Vətən müharibəsində xaçmazlılar böyük qəhrəmanlıq və şücaət göstərmiş, Vətənimizin hər qarışı uğrunda gedən döyüşlərdə 304 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, sağlamlıqlarını itirmişlər.
Torpaq uğrunda, Vətən uğrunda şəhid olanları isə xalq heç vaxt unutmur. Bu gün xaçmazlı şəhidlərimizin xatirəsinin əbədiləşdiyi “Şəhidlər xiyabanı” hər bir xaçmazlının, hər bir vətənpərvər gəncin and yeridir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Xaçmaz rayonu son 22 ildə böyük inkişaf yolu keçmişdir. Dövlətimizin başçısı Xaçmazda görülən işlərə, xaçmazlıların əməyinə daim yüksək qiymət vermiş və demişdir : “Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük”.
Xaçmazın inzibati rayon kimi təşkil edilməsinin 95 illiyi münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Elnur Rzayev bütün xaçmazlıları səmimi qəlbdən təbrik edir, onlara sağlamlıq, respublikamızın və rayonumuzun inkişafı naminə gördükləri misilsiz işlərində uğurlar arzulayır.
Subyekt.az