![]()
Həyatda elə insanlar var ki, onların qazandığı hörmət tutduqları vəzifənin böyüklüyündən deyil, şəxsiyyətlərinin ucalığından qaynaqlanır.
Çünki insanı ucaldan vəzifə deyil, həmin vəzifəni necə daşıması, ətrafındakılara necə münasibət göstərməsi və ömrü boyu hansı iz buraxmasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor rəhbəri Qurban Sadıqov haqqında düşünəndə də ilk olaraq məhz bu fikir yada düşür – vəzifədən əvvəl gələn insanlıq.
Dövlət qulluğu məsuliyyət, dəqiqlik, prinsipiallıq və sədaqət tələb edən şərəfli xidmət yoludur. Bu yolda uzun illər inamla addımlamaq isə yalnız peşəkarlıqla deyil, dövlətçilik təfəkkürü, yüksək mənəvi keyfiyyətlər və vicdanlı əməyin vəhdəti ilə mümkündür.
Qurban müəllimin peşə fəaliyyəti də məhz bu dəyərlər üzərində qurulub. O, illərdir dövlət idarəçiliyində görünməyən, lakin böyük məsuliyyət daşıyan işin yükünü səssiz, təmkinlə daşıyan, etimadı doğruldan dövlət qulluqçularındandır. Lakin insanı tanımaq üçün onun vəzifəsinə baxmaq kifayət etmir. Əsl şəxsiyyət insanlarla ünsiyyətdə, sadə davranışlarında, ehtiyac duyulan anda göstərdiyi diqqətdə və səmimiyyətdə özünü göstərir.
Qurban müəllimi yaxından tanıyan biri kimi deyə bilərəm ki, onun haqqında ən rahatlıqla söylənilə biləcək söz etibardır. Qurban müəllimin səmimiyyətinə, alicənablığına, təvazökarlığına və insanlara göstərdiyi hörmətə dəfələrlə şahid olmuşam. Onun davranışında süni təmtəraq, vəzifə məsafəsi və ya rəsmiyyət deyil, insanı insana yaxınlaşdıran sadəlik hiss olunur.
Elə buna görə də onu tanıyanların qəlbində qazandığı hörmət tutduğu vəzifədən daha böyükdür. Qurban müəllimin xarakterini tamamlayan ən gözəl cəhətlərdən biri isə doğulduğu torpağa – Kəlbəcərə olan sonsuz sevgisidir. Hörmətli Qurban müəllim! Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun və mənalı ömür arzulayıram. Çünki insan ömrü tutduğu vəzifələrlə deyil, qazandığı etimad, ehtiram və arxasında qoyduğu xoş izlə ölçülür.

Nigar Qaybalıyeva Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB)
Subyekt.az