![]()
16 fevral 2026-cı il tarixində Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edildi. Əslində, bu qərar gözlənilən idi. Lakin prosesin məntiqinə görə ilk növbədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi-nin sədri Zaur Əliyev vəzifəsi ilə vidalaşmalı idi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasının 10 ili tamam olduğu bir vaxtda, ölkə üzrə səhiyyənin vəziyyəti və bilavasitə Agentliyin fəaliyyəti ilə bağlı haqlı narazılıqların fonunda Zaur Əliyevin öz kreslosunu qorumaq naminə TƏBİB-in rəhbəri, yaxın dostu Vüqar Qurbanovu “qurban” seçdiyi qənaəti formalaşır.
Sual yaranır: bu qurbanlıq keçərli olacaqmı? Vüqar Qurbanovun işdən azad edilməsi Zaur Əliyevi xilas edə biləcəkmi? Düşünürəm ki, yox.
Çünki dövlət büdcəsindən talan edilən on milyonlarla manat vəsaitin hara və necə xərclənməsi ilə bağlı sorğu-sualın ünvanı məhz Zaur Əliyev olacaq. Canını və qanını Azərbaycan səhiyyəsinin inkişafına sərf edən vicdanlı, peşəkar həkimlərin ləkələnərək işdən azad edilməsi, yaxud məcburi qaydada “öz ərizəsi ilə” guya könüllü şəkildə işdən çıxmağa razı salınması gec-tez cavablandırılmalı idi. Biz inanırdıq ki, bunun da bir sorğulayanı olacaq.
İlham Əliyev-in dəfələrlə vurğuladığı kimi, biz hüquqi dövlətdə yaşayırıq. Heç bir məmur unutmamalıdır ki, onlar vəzifəyə vətəndaşa xidmət etmək üçün təyin ediliblər. Getmək də bir mədəniyyətdir və təəssüf ki, hər vəzifə sahibi bunu bacarmır.
2025-ci ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1 milyard 999,4 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsaitin nə qədəri, hara və necə xərclənməsi Maliyyə Nazirliyi və səhiyyə sahəsinə cavabdeh qurumların səlahiyyətində olan məsələdir. Zaur Əliyev bu barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesabat təqdim edəcək və əsl həqiqətlər üzə çıxacaq.
Həyat bumeranqdır — hər kəs öz etdiklərinə görə sorğulanır. Atalarımızın gözəl bir deyimi var:
“Gen qaz, dərin qaz — sonda özün düşəcəksən.”
Rövşən Hüseynli
Subyekt.az