![]()
Şuşa şəhərinin memarlıq üslubuna görə seçilən tikililərindən biri də Mehmandarovların saray tipli tarixi yaşayış kompleksidir. Bu tikili Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biri hesab olunur.
Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası və həm də məhəllə məscidi funksiyasını yerinə yetirmiş ailə məscidi daxildir.
Memarlıq xüsusiyyətlərinə görə ev planda kvadrat formaya malikdir. İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük otaq isə lakonik əsas fasada açılır.
Binanın memarlığında geniş pəncərələri vasitəsiylə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur.
Böyük yaşayış binasının və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən çəkilib və Şəki xan sarayının divar rəsmlərini xatırladan rəsmlərlə bəzədilib.
Evin kiçik otağının panellərində Usta Qəmbər özünəməxsus və başqa heç yerdə təkrarlamadığı bir motiv işləyib. Burdakı zəngin kompozisiyada bitki budaqları üzərində oturmuş müxtəlif quşlar təsvir edilib.
Kompleksin böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.
Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra böyük bina tamamilə dağıdılıb. Kiçik yaşayış binası işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi, məscid isə Geologiya Muzeyi kimi istifadə edilib (Mehmandarovların evinin işğaldan sonrakı görünüşünü əks edən fotolar burada: https://karabakh.center/…/mehmandarovlarin-malikane…).
Müzəffər Ordumuzun Vətən müharibəsində tarixi qələbəsindən sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mehmandarovların malikanə kompleksi əsaslı şəkildə təmir edilib. 2023-cü il mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. (Açılış zamanı çəkilmiş fotolarla burada tanış ola bilərsiniz: https://president.az/az/articles/view/59668).
Qeyd edək ki, tarixi abidələrimizin, rəmzi dəyərlərimizin bərpası Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun prioritet istiqamətlərindən birini təşkil edir.
Fond işğaldan azad edilmiş ərazilərdə mədəni irsimizin bərpası ilə bağlı da bir çox layihələrə maliyyə dəstəyini göstərir. Siz də Fonda ianə edərək (https://qdf.gov.az/iane-imkanlari/kartla-iane/) bu layihələrə öz töhfənizi verə bilərsiniz.
Gəlin həmrəy olaq, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!

.

.

.

.

Subyekt.az