![]()
Yaşadığımız dünyanın nə qədər kövrək və təhlükəli olduğunu bu gün Venesuela ətrafında cərəyan edən hadisələr bir daha nümayiş etdirdi. Beynəlxalq mediada yayılan məlumatlar və siyasi şərhlər göstərir ki, ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı sərt və mübahisəli addımlar atmaqla beynəlxalq hüququn sərhədlərini ciddi şəkildə sual altına alıb.
Məsələ təkcə Venesuelada baş verən daxili proseslərlə məhdudlaşmır. Hadisələrin fonunda əsas məqsədin ABŞ-ın öz milli maraqlarını təmin etmək olduğu açıq şəkildə görünür. Demokratiya, insan haqları və azadlıq kimi ali dəyərlər isə bu prosesdə bir daha siyasi alətə çevrilir.
Tarix dəfələrlə sübut edib ki, “demokratiya ixracı” şüarı altında atılan addımlar çox zaman xaos, qeyri-sabitlik və uzunmüddətli humanitar böhranlarla nəticələnir. Venesuela nümunəsi də istisna deyil. Enerji resursları, geosiyasi mövqe və regional təsir uğrunda aparılan mübarizə bir ölkənin suverenliyinin tapdanması bahasına həyata keçirilir.
Bu, artıq beynəlxalq hüququn deyil, gücün və “cəngəllik qanunlarının” işlədiyi bir dünya nizamının formalaşdığını göstərir. Bir dövlətin digərinə açıq və ya dolayı yolla təzyiq göstərməsi, legitim hakimiyyətə qarşı zorakı mexanizmlərdən istifadə etməsi müasir beynəlxalq münasibətlər sisteminin ciddi böhran yaşadığını təsdiqləyir.
Bu gün Venesuelada baş verənlər sabah başqa bir ölkənin taleyi ola bilər. Məsələ təkcə Latın Amerikası ilə məhdudlaşmır – bu, bütün dünya üçün təhlükəli presedentdir.

Rövşən Hüseynli
Subyekt.az